Ermənilər Dağlıq Qarabağla vidalaşırlar

Day.Az представляет новость на азербайджанском языке

"Dağlıq Qarabağın itirilməsi Ermənistan hakimiyyətinin xalqına olan yaramaz münasibətindən başlayıb. Dağlıq Qarabağdakı "dördgünlük savaşın"ın nəticələri də buna dəlalət edir. İndiki şəraitdə Ermənistan prezidenti Serj Sarqsyan ya itirilmiş əraziləri və mövqeləri geri qaytarmalı, ya da istefa verməlidir".

İrəvandakı "Qloballaşma və regional əməkdaşlıq" mərkəzinin direktoru Stepan Qriqoryan "Aravot" qəzetinə verdiyi açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşünün nəticələri barədə Ermənistan mediasındakı şərhlər də onu şoka salıb.

"Dağlıq Qarabağı faktiki olaraq itiririk, Azərbaycan qarşıdurmada qalib vəziyyətdədir, Bakı mövqelərini hər gün bir qədər də möhkəmləndirir - Ermənistan siyasəti, hakimiyyəti və mediası isə sanki qəflət yuxusundadır. Vyana görüşündən sonra Sarqsyan hakimiyyətinin ünvanına təriflərdən savayı gözümə heç nə dəymədi", - Stepan Qriqoryan deyib.

İrıvandakı "Erankar" mərkəzində keçirilən, Ermənistanın tanınmış politoloqları və siyasətçiləri Aleksandr Arzumanyan, Vardan Oskanyan, Arman Melikyan, Hovanes İgityan, Hovanes Hovanesyan, Ruben Karapetyan, David Hovanisyan, Arman Navasardyan, Ara Papyan, Vladimir Karapetyan və Armen Havyazyanın iştirak etdikləri görüşə qatılmış S.Qriqoryanın sözlərinə görə, bu görüşdə "dördgünlük müharibə"dən sonra Ermənistanın üzləşdiyi ağır vəziyyət müzakirə olunub.

Bağlı qapılar arxasında keçirilmiş görüşün təfərrüatları barədə heç bir məlumat vermək istəməyən Stepan Qriqoryan deyib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivlərindən, Ermənistanın xarici siyasətinin indiki vəziyyətindən, habelə ABŞ, Avropa Birliyi və Rusiyanın regiondakı fəaliyyətindən danışdıq. Mühüm görüşdü, maraqlı müzakirələrdi. Fikrimcə, Ermənistanın hakimiyyət dairələri indi daha aktiv olmalı, məğlubiyyətdən qurtulmağa çalışmalıdır".

Onun fikrincə, Azərbaycan son həftələrdə çox ciddi uğurlara nail olub.

"Əvvəla, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları və problemi o qədər aktuallaşdırıb ki, Vyana görüşündə Suriyadakı vəziyyət və Dağlıq Qarabağ problemi müzakirə olundu. İndiyədək kim düşünə bilərdi ki, rəsmi Bakı diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ problemini Suriyadakı savaş problematikası həddinə çatdıra bilər?! Bundan başqa, Azərbaycan ordusu "dördgünlük müharibə"də irəlilədi, bizim ordu məğlub olaraq geri çəkildi. Serj Sarkisyan: "800 hektar ərazi itirdik və o ərazilərin nə taktiki, nə də strateji əhəmiyyəti yoxdur", - deyib xalqı sakitləşdirməyə çalışa bilər. Lakin onun dedikləri "həqiqət"dirsə, onda Talış kəndinin sakinləri niyə indiyədək evlərinə qayıda bilmirlər?! Talış hələ də bomboşdursa, deməli, çox mühüm mövqeləri itirmişik. Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyir ki, "Talış kəndində vəziyyət normaldır, təhlükəsizdir". Amma o da yalan danışır, çünki Dağlıq Qarabağ erməniləri deyirlər ki, Talış kəndinin sakinlərinə başqa kəndlərdə məskunlaşmaq təklif olunub. Bu, Azərbaycanın ikinci uğurudur.

Bakının üçüncü qələbəsi isə odur ki, "dördgünlük müharibə" zamanı və sonrakı günlərdə Azərbaycan ciddi, etibarlı müttəfiqlərə malik olduğunu göstərdi. Sadəcə strateji tərəfdaşlar yox - məhz müttəfiqlər.  Belə ölkələrin siyahısında Türkiyə və Pakistanın yer alması gözləniləndi, təbiidir. Lakin Avrasiya İqtisadi Birliyinə üzv olan Qazaxıstan və Belarusun Azərbaycanı tam dəstəkləməsi, sonra da İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və AŞPA-nın da Bakıya dəstək vermələri, sözün açığı, Sarkisyan hakimiyyəti üçün şok oldu. Azərbaycanın bu uğurlarına cavab vermək əvəzinə bizim hakimiyyət uğursuzluqlarına bəraət qazandırmağa çalışır", - S.Qriqoryan söyləyib.

Onun sözlərinə görə, Ermənistandakı bəzi başabəla siyasətçilərin "bizim nüvə silahımız var" tipli sərsəm, axmaq bəyanatları erməniələrə çox ziyan vurub.

"Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın "nüvə silahı" ilə bağlı açıqlamasından sonra rəsmi Bakı "ermənilər kütləvi qırğın silahının olması ilə qürrələnirlər" bəyanatları verərək bizi çox pis vəziyyətə saldılar. Metsamor atom-elektrik stansiyasının rəhbərliyi, daha sonra Ermənistan XİN-i Baqratyanın açıqlamasını qətiyyətlə təkzib edərək bu çıxışı "axmaqlıq" adlandırdılar. Amma artıq gecdir. Avropa və ABŞ artıq bizə inanmır.  Azərbaycan sürəkli təşəbbüslər göstərir, irəli gedir, mövqelərini möhkəmləndirir - biz isə susuruq. 

Ermənistan prezidenti Serj Sarkisyan və onun əlaltıları sürəkli deyirlər ki, "Dağlıq Qarabağ danışıqlarda tərəf olmalıdır". Lap yaxşı, amma bunu bizə niyə deyirlər?! Bunu Vyanada demək gərəkdi, demədilər. Çünki deməyə cürətləri çatmaz.
Rusiya XİN-in MDB şöbəsinin rəhbəri Aleksey Pavlovski Moskvada erməni jurnalistlərin suallarını cavablayanda açıq-aşkar dedi: "Erməni diplomatlardan kimsənin bu məsələni qaldırdığını görmədim". Daha nəyə ümid edirik ki?!  Dağlıq Qarabağ məsələsində hakimiyyət normal işləyə bilmirsə, istefa verməlidirlər.

"Dördgünlük müharibə" günlərində Rusiyanın baş naziri Dmitri Medvedevin açıqlaması sayəsində öyrəndik ki, sən demə, Azərbaycan Rusiyanın ən yaxın sirdaşlarından biri, strateji tərəfdaşı imiş. Budurmu Ermənistan prezidenti Serj Sarkisyanın "düşünülmüş xarici siyasəti"? Ermənilər Dağlıq Qarabağı itirirlər. Bunu dərk etməsək, bizi daha ağır faciələr, böyük itkilər gözləyir", - S.Qriqoryan söyləyib.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.