Erməni veteranlar:

Day.Az представляет новость на азербайджанском языке

"Onlar yalnız danışa bilirlər. Gurultulu çıxışlar, bəyanatlar, vətənpərvərlik barədə boşboğazlıqlar. Real işə gələndə isə hamısı geri çəkilir, yalnız özlərini düşünürlər. Hamını döyüşə çağırırlar. Biz vuruşduq, nə oldu ki, bizdən sonra vuruşanlar nə görsünlər?"
6 övlad atası, 50 yaşlı Vladimir Havetisyan Dağlıq Qarabağdakı döyüşlərin veteranı olduğunu deyir.
Milli.Az bildirir ki, hazırda Ermənistanda 21 minə yaxın belə vetaran var. Onların bütün güzəştləri və imtiyazları faktiki olaraq ləğv edilib.

Erməni veteranların tam əksəriyyəti, yəni hər 10 nəfərdən 8-i yoxsulluq həddində yaşayır. Minlərlə erməni veteran isə səfil həyat keçirir, gündə 1 dollarlıq qazanc əldə edir, ya etmir.

"Baxın, ehtiyatda olan polkovnikəm. Aylıq təqaüdüm 79 min dram (təqribən 192 dollar, - O.H.) səviyəsindədir. Tanıdığım veteranlar arasında ən yüksək təqaüd məndədir. Amma bu pul heç yeməyimizə çatmır. Yarıac yaşayırıq. Təqaüdlə yaşamaq mümkün deyil. Əgər mən belə yaşayıramsa, görün ki, o biri veteranların həyatı necə ağırdır. Ermənistan rəhbərliyi bizi unudub. Müharibə olanda hamı bizimlə fəxr etdiyini deyirdi. Lakin indi bizi heç it yerinə qoymurlar", - Vladimir Havetisyan söyləyib.

Onun sözlərinə görə, çoxsaylı xəstəlikləri, səhhətində problemləri var. Amma aldığı təqaüd dərmanlarına da çatmır. Bu səbəbdən də Havetisyan iki işdə çalışır. O, gündüzlər çilingərlik edir, gecələr isə qarovulçu durur.
Amma yenə də bu pullar ailəni dolandırmağa çatmır.
Havetisyanlar ailəsi uçub-dağılan, kif basmış, nəmişlik daxmada yaşayır.

48 yaşlı Vardan Amircanyan isə deyir ki, üç övladı var, ayda 23 min dram (56 dollar) pensiya alır. 
"Bu yaxınlarda sağ ayağımdakı döyüş yarası irinlədiyi üçün ayağımı kəsdilər. Müdafiə Nazirliyinə məktub yazıb kömək istədim. Üç aydan sonra rədd cavabı gəldi. Ayağım vaxtında müalicə olunsaydı, kəsilməzdi", - V.Amircanyan söyləyib.
Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqının təşəbbüsü ilə ölkə parlamentinin qəbul etdiyi qanuna görə, Dağlıq Qarabağdakı döyüşlərdə ən azı 3 ay iştirak etmiş şəxs "könüllü", yəni veteran sayılır.

Lakin erməni veteranlar "Yerkrapa"dan və bu təşkilatın rəhbəri, general-leytenant Manvel Qriqoryandan narazılıq edirlər.
Onların dediklərinə görə, M.Qriqoryan dövlət büdcəsindən veteranlara ayrılmış pulların əksəriyyətini mənimsəyib, multimilyonçuya, onlarla şirkəti olan oliqarxa çevrilib.

Erməni veteran, Dağlıq Qarabağdakı döyüşlərdə iki ayağını itirərək əlil olmuş Vahan Melikyan deyir: "Onlar cinayətkarlar, quldurlardır! Bizim pullarımız onların gözündən gəlsin! Serj Sarkisyan da günahkardır, çünki onun baş verənlərdən "xəbərsiz" olduğunu düşünəcək qədər sadəlövh deyilik".

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.