Səfil və uğursuz "uşaq": Ermənistan prezidentinin özünü ifşa etməsi

16 июня 2016 14:27

Day.Az представляет новость на азербайджанском языке

Serj Sarqsyan nəinki dünya, heç regional səviyyədə belə ciddi siyasətçi obrazına malik deyil. Onun hansısa konkret geosiyasi məsələdə faydalı fikir söylədiyini eşidən olmayıb. Aprel ayında Azərbaycan Ordusunun yaxşıca "kötəyini yedikdən" sonra isə o, psixoloji pozuntuya uğrayıb. Ayıq olanda elə sarsaqlayır ki, normal adam heç yuxuda o cür axmaq şeylər söyləməz. Almaniyanın "sarı" nəşri olan "Bild"ə verdiyi müsahibədə və Çexiya prezidenti ilə görüşdə ifadə etdiyi fikirlərdə erməni lider bir daha sübut etdi ki, "özünüifşa texnologiyası"ndan başqa bir biliyə sahib deyil. Hər kəsin bildiyi faktları təhrif olunmuş formada kosmosdan ona gizli ötürülən həqiqətlər kimi təqdim etməyə cəhdlər etməkdən əl çəkmir. Doğrudan, bu cırtdan adam nə vaxtsa "Ginessin rekordlar kitabı"na düşə bilər. Onu "dünyanın ən qüsurlu adamları - belə olmayın" bölməsində birinci sırada göstərmək olar. Burada ancaq bir söz qalır: "vay sənin halına..."

Riyakarlığın yeni nümunəsi: Sarkisyanın sürətli deqradasiyası

Ermənistan prezidenti Serj Sarkisyanın qorxaq, riyakar və yalançı olduğunu bilənlər çoxdur. Dağlıq Qarabağda qatil terrorçu kimi bir müddət pis işlərlə məşğul olduqdan sonra, İrəvanda vəzifə kürsüsündə eyni əməllərini davam etdirir. Onu nə Ermənistanın daxili siyasi mühiti, nə də dünya siyasi dairələri tərbiyələndirə bilmir. Bunların səbəbləri vardır.

Çünki S.Sarkisyan biryolluq özünü axmaq yerinə qoyub, havadarlarının gizli göstərişləri ilə uşaq kimi hərəkət edir. Bütün dünyanın gözü qarşısında baş verənləri tamamilə yalan məzmunda təqdim etməyə çalışır ki, "yazıq erməni" obrazının ömrünü bir qədər də uzatsın. Dövlət başçısı olaraq S.Sarkisyanın bundan fərqli addımlarının olmadığını minlərlə faktlar təsdiq edir. Son olaraq onun Almaniyanın "Bild" nəşrinə verdiyi müsahibəsi və Çexiya prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında söylədikləri əyani sübutdur.

Alman jurnalistə müsahibəsində S.Sarkisyan öz psixoloji və mənəvi-əxlaqi ənənəsinə uyğun olaraq başdan-ayağa yalanlar uydurub. Onun bütün cümlələrində yalnız bir təhrikçi vurğu mövcuddur - "siz avropalılar Türkiyə və Azərbaycanı Ermənistana görə ittiham etməlisiniz, çünki ədalət və həqiqət yalnız ermənilərdə ola bilər" (bax: Серж Саргсян в интервью "Bild": Я не могу понять страх германских политиков перед Эрдоганом / "News.am", 1 iyun 2016).

Əvvəlcə bir məqama diqqət çəkək. "Bild" adı bir çox insanda təntənəli və Avropanın nüfuzlu qəzeti təəssüratını yarada bilər. Axı, son illərdə bizim cəmiyyətin bir kəsimində "xaricidirsə, hətta avropalıdırsa, deməli, yaxşıdır" kimi yanlış təsəvvürlər formalaşıb. Reallıqda Almaniyanın "Bild" və İngiltərənin "The Sun" qəzetləri ucuz və yalançı sensasiyalar axtaran nəşrlər kimi tanınırlar. Nəinki Qərbin, hətta bütün dünyanın şər-böhtan atanları, əsassız, lakin sensasiya yarada bilən qərəzli fikir söyləyənləri, müxtəlif sahələrdə baş verənləri riyakarcasına izah edənləri bu nəşrlərə müraciət edirlər.

S.Sarkisyanın da məhz "Bild"ə müsahibə verməsi tamamilə başa düşüləndir. Qədim yunan fəlsəfəsində bir məşhur fikir var: "hər şey öz oxşarına can atar"! Sarkisyan "Bild"ə, həmin qəzet-tabloid də erməni liderə yaraşırlar! Müsahibə üçün verilən şəkil də situasiyanı adekvat əks etdirir - Ermənistan prezidenti sifətindəki zəhrimarla inamsızlığı jurnalist Paul Ronshaymerin aurasına istiqamətləndirib ki, bu zavallı da onu qəbul etməyin zillətini çəkir! S.Sarkisyanın həmin pozada söylədikləri də bu səbəblərdən yalan və iyrəncliklərlə doludur.

Müsahibənin məzmununa gəldikdə isə, S.Sarkisyan bütün məqamlarda həqiqəti deyil, naşı adamların inana biləcəyi şeyləri ifadə etməyə çalışıb. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın etibarlı tərəfdaş olmadığı barədə söylədikləri yalnız gülüş doğurur. Çünki təcrübə çox aydın göstərir ki, həmişə sözündən qaçan, şər-böhtanla məşğul olan məhz İrəvan rəsmiləri olub. Məsələn, Ermənistan nəyə görə BMT-nin qəbul etdiyi məlum 4 qətnaməni yerinə yetirmir? Rəsmi İrəvan niyə Azərbaycan torpaqlarını işğal altında saxladığını etiraf etmir? Ermənistanda neçə türk yaşayır, yaxud işləyir? Heç neçə. Türkiyədə isə 100 minlərlə erməni iş dalınca gəlib və onların birinə belə toxunan yoxdur. Siz, hansısa türkün İrəvanın küçələrində rahat dolaşa biləcəyini təsəvvür edirsinizmi? İndiki halda bu, mümkün deyil!

Primitivlik: erməni liderin irsi qüsuru

Bəs onda S.Sarkisyan hansı etibardan və səmimiyyətdən danışır? Rəhbəri olduğu ölkədə türk-müsəlman adına bu qədər nifrət, düşmənçilik hökm sürüsə, Ermənistanın münasibətləri düzəltmək üçün hər hansı addımı ata biləcəyindən danışmaq mümkündürmü? Bunun qarşılığında Azərbaycanda minlərlə erməni yaşayır, İranda onların hətta xüsusi imtiyazları var, Türkiyədə isə ermənilərin qəzetləri, təşkilatları, iş yerləri, şirkətləri mövcuddur, gəlmələr də işlə təmin olunur (təbii ki, dünyanın heç bir ölkəsində 100 faiz təminat yoxdur).

S.Sarkisyan bu faktların qarşısında utanmadan və qızarmadan deyir ki, ermənilər xristian dəyərlərini üç müsəlman dövlətindən qoruyur. İndi Ermənistan adlanan ərazidəki Azərbaycan mədəniyyət abidələrini məhv edib, dağıdan, onlar üzərində müxtəlif təhqiramiz hərəkətlər edən ermənilər deyilmi? Aşıq Ələsgərin, Aşıq Alının qəbirləri nə vəziyyətdədir? Azərbaycan qəbiristanlıqlarını kimlər talan ediblər? Azərbaycan maddi və mənəvi zənginliyinin məkanlarından olan Göyçədə daş-daş üstündə qalıbmı? Azərbaycan mədəniyyətinin beşiklərindən sayılan Şuşada mədəniyyət xadimlərinin büstlərini ermənilər təhqir etməyiblərmi? Heydər Əliyev Fondu erməni kilsəsini pulsuz qazla təmin edir, orada təmir işləri aparıb. Ermənistanın hansı fondu Azərbaycan mədəniyyətinin qorunması ilə bağlı addım atıb?

Bir nümunə belə tapa bilməzsiniz. İndi təsəvvür edin, bu qədər real faktların fonunda S.Sarkisyan adlanan bir separatçı-yalançı Azərbaycanı və Türkiyəni ittiham edir, ədalətdən, həqiqətdən danışır. Hər cümləsinin sonunda isə yalvarır - "bizi müdafiə edin, onları ittiham atəşinə tutun"! Əgər mayan təmizdirsə, niyə məhv olmaqdan qorxursan? Türkiyənin, yaxud Azərbaycanın dövlət başçısı kimlərinsə onların ölkəsini məhv edəcəyindən bir dəfə də olsun söz açıblarmı? Xeyr, çünki onların niyyəti safdır, məqsədləri məhv etmək deyil, əməkdaşlıq, mehriban qonşuluq, quruculuqdur, inkişafdır. Azərbaycan və Türkiyə rəhbərləri dünyanı xilas etməkdən, ədalətdən bəhs edirlər. Onlar müharibəyə, qarşıdurmaya deyil, sülhə çağırırlar.

Budur, S.Sarkisyan isə növbəti dəfə lap küçə uşağı kimi fikir bildirir. O, Çexiya prezidenti ilə bərabər keçirdiyi mətbuat konfransında həm faktları təhrif edir, həm də Azərbaycan Prezidenti haqqında reallıqdan uzaq fikirlər söyləyir (bax: məs., Надеюсь, это "мальчишество" - Серж Саркисян об Алиеве / "Lragir.am", 8 iyun 2016). İlham Əliyev isə yenə də təmkinlə, siyasi etiketi gözləyərək, lakonik cavab verir. Azərbaycan Prezidenti iyunun 8-də müsəlman ölkələrinin səfirlərini qəbul edərkən bu kontekstdə deyib: "Ermənistan prezidentinin və digər şəxslərin ucuz, nalayiq çıxışları riyakarlığın təzahürüdür" (bax: Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib / AZƏRTAC, 8 iyun 2016).

Çox gözəl və ibrətamiz cavabdır. Çünki İlham Əliyev Ermənistan prezidentinə əsl siyasi, ideoloji və əxlaqi dərs verib. Anladıb ki, küçə uşağı kimi qarayaxmalarla məşğul olmaqdansa, ciddi siyasi addımlar atmaq gərəkdir. Hər şeydən əvvəl ona görə ki, öz xalqını bada verirsən, Ermənistan adlanan qondarma dövlətin məhvinə aparan işlər görürsən. Ən əsası isə indi dediklərini nə vaxtsa, mühakimə olunacağın Azərbaycan məhkəməsində sübut etməyə çalışacaqsan. Təbii ki, bunu edə bilməyəcəksən, çünki dediklərin cəfəngiyatdır. Onda layiqli cəzanı mütləq alacaqsan! Bundan qaçış yoxdur!

Əslində, S.Sarkisyan və onun kimilərin bu cür məntiqsiz, əsassız və siyasətçi üçün qeyri-ciddi olan bir aspektdə danışmaları təsadüfi deyil. Onların real arqumentləri tükənib. Biz neçə ildir ki, Azərbaycan siyasi-diplomatik cəbhədə rəsmi İrəvanı sözün həqiqi mənasında qamçılayır. Ermənistan rəhbərliyinin siyasi kimliyində bu zərbələrdən "göyərməmiş" yer qalmayıb. Bu ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu eyni effektlə Ermənistan silahlı qüvvələrinə güclü zərbələr endirdi. Hazırda İrəvanın özünü üstün saya biləcəyi bir sahəsi belə yoxdur. Ona görə də bütün nifrətini başqa dövlətin siyasi liderlərinə istiqamətləndirməyə çalışırlar. Çünki onların güclü və uğurlu olduğunu bilirlər. Ermənistanın məğlubiyyətində İlham Əliyevin lider və dövlət başçısı kimi üstün keyfiyyətləri əsas rol oynayıb! Bu mənada S.Sarkisyan özünü əsl səfil və uğursuz uşaq kimi aparır.

Bütün bunları "sarı" "Bild"in jurnalisti bilmir? Bütün dünya bilir, lakin elə dairələr vardır ki, S.Sarkisyan kimi yalançı və böhtançıdan qısa müddətli siyasi-ideoloji məqsədləri üçün istifadə edirlər. Bu dəfə də belədir. Necə deyərlər, "birdəfəlik" istifadədən sonra "çölə atılacaq"!

Newtimes.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.