Barı, indi susun...

Day.Az представляет новость на азербайджанском языке

Sözün açığı, "məşhur politoloqlar", Qərbin siyasi sistemi üzrə "mütəxəssis"lərin fiaskosunu həzzlə müşahidə edirəm. Çoxsaylı "mərkəz"lər, "institut"lar və hətta "akademiya"lar adlanan kontorlardakı bu insanlar demokratiya, insan haqları və vətəndaş cəmiyyəti institutları sözlərini mantralar kimi təkrarlayaraq israrla deyirdilər ki, Avropa Birliyi monolitdir, demokratiyanın yeni beşiyidir, orada nə baş verirsə, yaxşılığa doğrudur və ümumiyyətlə, Avropaya ibadətdə bulunmalıyıq, hər şeyi olduğu kimi Azərbaycana "copy paste" etməliyik. Əks təqdirdə, sən demə, yaşayışımız mümkün deyil, inkişafı da, əfsuslar, unutmalıyıq.

Britaniya Avropa Birliyini tərk etməyə qərar verdi. "Britain" ("Britaniya") və "Exit"  ("Çıxış") kəlmələrinin simbiozu olan "Brexit", yəni "Britaniyanın çıxışı" ideyasının daşıyıcıları qələbələrini, daha doğrusu, triumfu bayram edirlər.

Bu "analitik"lərin ilk rüsvayçılığı onların kütləvi şəkildə "Donald Tramp ABŞ-dakı respublikaçıların praymerizlərində qalib gələ bilməz" söyləmələrindən sonra oldu. Həmin adamlar "Tramp təlxəkdir" deyirdilər.
Donald Tramp praymerizlərdə qalib gəldi. Bu adamı təlxək sayanlarsa ya bisavaddır, ya da Birləşmiş Ştatların çağdaş siyasi mühitindən tam bixəbərdirlər. Adi məntiq: primitiv düşüncəli, məntiqsiz, təlxək adam ABŞ-da milyarder ola bilərmi?! Ritorikanın cavabını özünüz düşünün.

İkinci rüsvayçılıq Britaniyadakı referendumla bağlıdır, nədən ki, "analitik"lər xorla deyirdilər və yazırdılar ki, "Brexit" prinsip etibarilə mümkün deyil. Azərbaycan müxalifətindəki Qərb fanatları isə az qala isteriyaya qapılaraq sosial şəbəkələrdə buyururdular: "Britaniya Avropa Birliyinə "Yox" deməyəcək, çünki bu, ola bilməz".

İndisə onlar çıxışlarını diametral şəkildə dəyişərək söyləyirlər:
- "Brexit"lə bağlı referendumun nəticələri Hollandiyada olduğu təki, heçə çıxarılacaq, Britaniya Avropa Birliyini tərk etməyəcək.
- Referendum əslində Avropa Birliyinin dayaqlarının səbatlı olduğunu göstərdi.
Yəni

"Bəylər, Qərbin əmrlərinə riayətə davam!"

Həmin adamları başa düşürəm. Azərbaycandakı psevdodemokrat publisistlər, Vətən dərdindən qovrulanlar, yanğılarını Qərbə qaçandan sonra oradan buraya daha da artıranlar və bizə sürəkli olaraq nə etməyi, necə yaşamağı, harada nə deməyi və ya harada nələrisə deyənə necə qulaq asmağı öyrətməyə aşina olanların işi asandır.

Çünki sosial şəbəkələrdəki publika emosionaldır, onları istədiyin qədər yalanlarla aldatmağa cəhd göstərmək mümkündür. Hətta Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, İlqar Məmmədovun "siyasi ictihad"larının formatını dəyişərək "Onsuz da Azərbaycanda hər şey pisdir, daha da pis olacaq, Amerika qüdrətli ölkədir, demokratiya payımızı almalıyıq" təki meşinə çevrilmiş şüarları yeniləyib marketlərdəki fırıldaqçı satıcıların istifadə müddəti bitmiş yoqurtların üzərindəki buraxılış tarixini dəyişmələri kimi hərəkətləri təkrarlamaq da olar.

Amma həşəmətli demokrat bəylər, Qərb aşiqləri, demokratiya yanğılıları - siyasət yoqurt deyil.
Britaniyadakı referenduma gəldikdə isə, bu aksiyanı "xalqın öz mövqeyini izhar etməsi" sayanlar, "Dumanlı Albionda ən aşağı təbəqələrin mənsublarının siyasi isteblişmentə və hakimiyyətə qiyamı" sayanlar da var.
Belələrini pərişan etməliyəm, onlar yanılırlar.

Qərbin Azərbaycana ixrac etməyə çalışdığı müxtəlif rəng spektrli marazmatik inqilab ssenariləri, Oblomov tipli insanları "qəhrəman"a döndərmək cəhdləri, nə etdiklərini və nəyə can atdıqlarını heç özlərinin də sonadək dərk etmədikləri fərdləri "demokratiya fədailəri" kimi cəmiyyətə sırımaq cəhdlərini - bir sözlə, süni ideyaları, sarsaq antimoniyanı bir kənara qoyuram.
Fəlsəfədə "apokatastas" anlayışı var. Yəni nəsnələr hər hansı olay və ya prosesin nəticəsində əvvəlki durumuna, forma və mahiyyətinə qayıdırlar. Həmişə, hər yerdə, hər şeyə rəğmən.

Azərbaycan müxalifətindəki "lider"lər özlərini "yeni Mütləq" arayan Zinaida Gippiusa bənzədə bilərlər, hətta monadanın nə olduğunu unudaraq yalanları həqiqət kimi göstərməyə çalışa da bilərlər. Heyhat, bütün səylərinə rəğmən müxalifətimiz onillərdən bəri empirizmdən qurtula bilmədiyi kimi, indi də "Brexit"in ehtizazına gəlib.
Halonki Britaniyadakı prosesi "xalqın azad qərarının izharı" yox, britanların siyasi və maliyyə elitalarındakı iki düşmən seqmentin oynadıqları matç idi. Britaniyanın gələcəyi ilə bağlı bu elitaların mövqeləri tam ziddiyyət təşkil edir.
Bir tərəfdə status-kvonun bundan sonra da saxlanması tərəfdarları vardı ki, onlar Britaniyanın əsas funksiyaları arasında Avropa Birliyində anqlosaks maraqlarının tam təminatı, aşkar şəkildə ABŞ-a işləyən Brüssel bürokratiyasına nəzarət istəkləri xüsusi yer tutur.

Əks düşərgədə isə Fukuyamanın interpretasiyasında "dünyanın sonu"na inanmayanlar, mövcud sistem çökərək dibə vurmazdan əvvəl Avropa Birliyini, alınarsa ABŞ-ın təsir orbitini tərk etmək istəyənlər durur. Bu seqment mənsubları üçün Avropa Birliyi daxilində ABŞ-ın fərraşı, serber köpəyi rolunu oynamaqdansa alternativ ticarət zonaları üçün əsas offşor qovşağına çevrilmək daha məqsədəuyğundur.
Məhz buna görə "Brexit"in tərəfdarları və sponsorları arasında "Reebok" korporasiyası, milyarderlərin maraqlarını qoruyaraq onların pullarını idarə edən "Odey Asset Management" və ya CQS kimi nəhəng hec-fondlar vardı.
Situasiyadan lap yaxşı hali olmaq istəyənlər Britaniya Azadlıq Partiyasının (UKİP) sədri, "Brexit" kampaniyasının bayraqdarı Naycel Faracın tərcümeyi-halını internetdə tapıb oxuya bilərlər.

Ona görə də referendumun sonucları ilə bağlı sanki heç nə olmamış kimi davranmaq ssenarisinin

Reallaşma şansı sıfıra bərabərdir.

Bundan sonrakı ssenarinii təxminləmək də mümkündür. Hər şey Avropa Birliyinin qaydalarına uyğun keçəcək. Yaxın iki il ərzində Britaniya və Avropa Birliyi arasında bürokratik "ayrılma", qanunların dəyişdirilməsi, Avropa Birliyinin Londondakı strukturlarının "qitəyə geri köçürülməsi" və s.  Bizim üçün, Azərbaycan üçün vacib olanı budur ki, Britaniyanın Avropa Birliyindən çıxış prosesi başa çatana qədər Brüsselin Bakıya münasibətində dəyişikliklər olacaq, "gec də olsa, ayılma" yaşanacaq.

"Brexit"in digər sonucu isə Avropa Birliyində parçalanma prosesinin başlanmasıdır.
Şotlandiyanın hakimiyyət dairələri Britaniyanın tərkibində qalacağını tələm-tələsik bəyan etsələr də, şotlandların müstəqilliklə bağlı təkrar referendum keçirməyəcəklərinə kimsə təminat verə bilməz.
Britaniyadakı plebissit olayların ilkin mərhələsi, "Ümümavropa evi" ideyasının sonunun əvvəlidir.

Avstriyada ultramillətçi və irqçi Norbert Hoferin tərəfdarları ölkənin Avropa Birliyindən çıxması tələblərini gücləndirəcəklər. İtaliyada "Movimento 5 Stelle"nin ("5 ulduz hərəkatı") liderləri Beppe Qrillo və Canroberto Kasaleconun "Avropa Birliyi bizə gərək deyil" şüarlarının çəkisi və pərəstişkarları daha da artacaq, çıxışlar eyvanronmentalizm səviyyəsindən yüksələcək.
İspaniyada Avropa Birliyinə həddən ziyadə mənfi yanaşan "Podemos"un mövqeləri güclənəcək. Bolqarıstanda "Ataka" özünü daha rahat hiss edəcək, "Rədd olsun Avropa Birliyi" bəyanatlarının intensivliyi daha da artacaq.
Gələn il Almaniya, Hollandiya, Fransada seçkilərin keçiriləcəyini xatırlasaq, avroskeptiklərin güclənəcəyini, onlara səs verənlərin saylarının çoxalacağını bəri başdan təxminləmək olar.

Avropa Titaniki batır

"Brexit" tərəfdarlarının referendumda qalib gəlməsi Britaniyanın dərhal Avropa Birliyini tərk edəcəyi anlamına gəlmir.
Ən azı, ona görə ki, referendumun sonucları daha çox məşvərət səciyyəlidir və hüquqi baxımdan məcburedici deyil. Amma onu da unutmayaq ki, Britaniyadakı referendumun təşkilatçıları dövlətə qarşı köklənmiş bir qrup fəal yox, baş nazir Devid Kemeron idi. O, məhz 2017-ci ilədək referendum keçiriləcəyi ilə bağıl vədləri sayəsində hakimiyyətə gəlmişdi.
Kemeron istefa bəyanatını verdi - onun başqa çıxış yolu yoxdu. Onun sələfi ölkəni Avropa Birliyindən çıxışa hazırlamalı, məşəqqətli, ağır və üzücü prosesi həyata keçirməlidir.

Britaniya Avropa Birliyinin hər üzvü ilə danışıqlar aparmalı, ikitərəfli münasibətlərlə bağlı anlaşmalara nail olmalıdır.
Qoca Avropa və onun okeanın o tayındakı "dostu" ABŞ yüngül şok vəziyyətindədir.
Amerikalı siyasətçilər baş verənlərdə Rusiya prezidenti Vladimir Putini suçlayırlar.
Əksi baş versəydi, təəccüblənərdim: halbuki Rusiyanın Britaniyadakı olaylara təsir imkanları mikroskopikdir, hətta ümumiyyətlə, yoxdur.
Reallıqsa budur ki, Avropa Birliyinin rəhbərləri və amerikalı siyasətçilərin "bütün avropalıların evi" barədə ideyalarının əslində, idefiks olunduğu aşkarlandı, "Birgə Avropa" arzusu puç oldu.

İndi Avropa Birliyinə qalan rəsmi Londona mümkün qədər sərt pressinq tətbiq edərək Qərbi Avropanın vahid iqtisadi və siyasi məkanından Britaniyanın çıxışını mümkün qədər uzatmaqdır.
Avropa "Titanik"i batdı. Avropanı, dünyanı ağır siyasi böhran gözləyir.
Bir qədər əvvəl, Yunanıstanın Avropa Birliyindən çıxması məsələsi gündəmə gələndə Brüssel təşvişə düşmüşdü. Amma o bəla ötüşdü: dilə tutdular, təzyiq göstərdilər, vəd etdilər, yumşaltdılar. Britaniya ilə məsələ indi daha qəlizdir.
"Avropa Birliyi" layihəsinin müəllifi olan ABŞ  Londonla münasibətlərinə yenidən baxmaq məcburiyyətindədir, çünki baş verənləri qulaqardına vurmaq, soyuqqanlı davranmaq mümkün deyil.

Britaniya vətəndaşlarının seçimi sonu bəlli olmayan zəncirvari reaksiya doğura bilər. Buna görə də Avropa Birliyində stabilliyin heç olmasa, zahiri görüntüsünə nail olmaq üçün zərbə endirilməlidir. Zərbənin məqsədi isə "britaniyalılar referendumdakı qərara qədər yaxşı yaşayırdılar, çıxış onlar üçün bu nəticələri verdi" ontologiyası məzmununda olasıdır.

... Avropa Birliyinin tərkibində ən qüdrətli dövlətlərdən birinin bu strukturu tərk etmək niyyətini açıqlaması həm də son 30 ildəki dünya siyasi düzəninin alt-üst olmağa başlamasıdır. 
Və bütün bunların fonunda Avropa Birliyinin "Şərq Tərəfdaşlığı Proqramı", quruma yeni üzv dövlətlər cəlb etməyə çalışması, ən başlıcası isə "böyük və mehriban Avropa ailəsi" barədə siyasətçilərin saxta bəyanatlar verməsidir.
İndi Avropa Birliyinə üzv olmaq "Titanik"ə bilet almaq təkidir.

Zahirən böyük, dəbdəbəli, qüdrətli görünən gəminin batacağı bəlli, amma "lüks" klassdakı biletlərin qiyməti elə cazibədardır ki, aldananlar hələ də tapılır.
Satıcılarsa tovlamaqla məşğuldurlar.
Bəlkə, indisə susasınız?

Elçin Alıoğlu

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.