Azərbaycanda həkim səhlənkarlığı ucbatından "şikəst" qalan xəstələr

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda indiyə kimi həkimlərin səhlənkarlığı ucbatından "şikəst" qalan xəstələrlə bağlı bir çox xəbərlər eşitmişdim. Amma bu günlərdə eşitdiyim xəbər sözün əsl mənasında məni şoka saldı. Belə ki, xəstəxanaların birində həkim xəstənin səhvən iltihablı ayağının əvəzinə sağlam ayağını kəsir və eləcə səhv etdiyini etiraf edərək problemi "yumuşaldmağa" çalışır. Bəlkədə həkim etdiyi səhvin fərqində belə deyilmiş. Amma nə olursa olsun belə ciddi səhvlər etmək yolverilməzdir. Çünki, bu səhvlərin nəticəsi ağır olur.

Qeyd edək ki, bu barədə ilk xəbəri ans press yayıb.

Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.

Day.Az bildirir ki, bu barədə anspress-ə xəstənin yaxınları məlumat veriblər.

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib.

"Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqraba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə sayta bu adda həkimin onlarda çalışmadığı bildirilib. "Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki xəstə həmin tibb müəsisəsində əməliyyat edilib", - deyə mərkəzin baş həkiminin katibəsi bildirdi.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə anspress-ə açıqlamasında faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. "Bu işə görə mən özüm də şokdayam".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələnin araşdırılacağını bildirdilər.

Mənim fikrimcə böyük səhlənkarlığa yol verən hər bir şəxs məsuliyyətə cəlb olunmalıdır ki, digərləri bundan nəticə çıxarsın. Əslində səhv etməyən insan yox səviyyəsindədir. Amma gəl ki, bu böyüklüyndə səhv etmək tam bir savadsızlıq deməkdir. Əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Çünki, iltihablı ayaq əvəzinə sağlam ayaq kəsilmişdi.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.