Bakının yol-nəqliyyat sisteminin siması dəyişəcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikası prezidentinin dünən imzaladığı sərəncam və fərmanlarla Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə xeyli yeni səlahiyyətlər verilib.

Milli.Az xəbər verir ki, yenilikləri şərh edən yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikrincə, bu dəyişikliklər BNA-nın fəaliyyətinin daha səmərəli təşkilinə gətirib çıxaracaq:

"Bu dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ictimai nəqliyyatla bağlı xeyli xətalara (biletsiz sərnişin daşıma, müvafiq sənədlər olmadan sərnişin daşıma, avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsi və s.), habelə yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsindəki bəzi xətalara (küçə və yollarda özbaşına qazıntı işləri aparma, yollarda standartdan kənar tikinti işləri aparma, özbaşına nişan qoyma və s.) görə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti Agentliyə verilir. Həmin səlahiyyətlərin verilməsi Agentliyin Əsasnaməsindən irəli gəlir və bu yeni qurumun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək".

Ekspertin fikrincə, Bakı şəhərində yol hərəkətinin təşkili işində çox ciddi yenilik olacaq: "Prezidentin dünən imzaladığı daha bir fərmanla edilən dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində yol nişanlarının quraşdırılması və onların lazımi qaydada saxlanılması işini DYP ilə razılaşdırılmaqla Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək. Eyni fərmanla Bakının inzibati ərazisində görülən bütün yol işləri də yalnız Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Bakı şəhərində nişanlarla bağlı xeyli problem olduğunu nəzərə alsaq, bu, çox ciddi yenilik sayılmalıdır. Agentlik üzərinə çox məsul iş qoyulub, doğrudan da, böyük həcmli işlər görülməlidir".

Qeyd edək ki, iyunun 24-də prezident İlham Əliyev "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nda, həmçinin "Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında" sərəncamda dəyişikliklər edilməsi barədə sərəncamlar, eləcə də "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanda və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanda dəyişikliklər edilməsi haqqında fərmanlar imzalayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.