Sarkisyan qaş qayırmaq istədi, vurdu göz çıxartdı

Day.Az представляет новость на азербайджанском языке

İstanbulda, Osmanlı sultanının sarayındakı diplomatik qəbullar zamanı həmişə sıra Polşa səfirinə çatanda o, qaşlarını çatır, dodaqlarını gəmirirdi. Çünki az sonra nə baş verəcəyini bilirdi.
Bütün səfirlər təqdim olunur, növbə Polşa səfirinə yetəndə saray naibi gur səslə deyərdi: "Polşanın səfiri gəzintiyə çıxıb və güclü qar yağdığı üçün gecikir".

Yayda, qışda, payızda, baharda - bu bəyan dəyişməzdi və biçarə polyak səfir yayın cırhacırında "qar boranına düşüb gecikməsi"ni eşitmək məcburiyyətində qalırdı.
Osmanlı sultanı Polşanın Rusiya, Avstriya və Prussiya arasında bölünməsinə belə çox zərif, diplomatik yolla etirazını bildirərmiş.

... "Prezident (baş nazir) memorial önünə əklil qoydu", "dövlət başçısının rəsmi səfəri başlandı", "danışıqlar bağlı qapılar arxasında davam etdi"... Rəsmi xronikadan olan bu ifadələr həddən ziyadə cansıxıcıdır. Dövlət və ya diplomatik protokol da abidələr önünə əklillər qoyulmasını, iki ölkənin dövlət başçılarının fəxri qarovul önündə farağat durduqları zaman dövlət himnlərinin səslənməsini vacib, məcbur və adi sayır.
Rəsmən belədir. Amma abidə önünə əklil qoyulması diplomatik qalmaqala çevrilə, kresloda əyləşmə mərasimi isə rüsvayçılıqla sonuclana bilər.
Bütün dünyada dövlət və rəsmi səviyyədə səfərlərin proqramı təxminən eynidir. Təbii ki, yerli protokol xüsusiyyətləri nəzərə alınmaq şərtilə. Səfər hava limanında təntənəli qarşılama mərasimi ilə başlanır, sonra abidə önünə əklillər qoyulur, bağlı qapılar arxasında ikitərəfli görüş keçirilir, sonra nümayəndə heyətinin üzvlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar, sənədlərin imzalanması, kütləvi informasiya vasitələri üçün bəyanat (bu zaman sualların cavablanması olmaya da bilər), açıqlama, yolasalma və vəssalam.

Dövlət və hökumət başçıları da bu protokola şəksiz riayət edirlər. 
Qaydaların pozulması nadir hallarda, məntiqli səbəblə olur.
Bir şərtlə: qaydanı pozan idiotik hərəkət etmirsə.

1965-1997-ci illərdə Konqo Demokratik Respublikasının prezidenti olmuş marşal Mobudu Sese Seko ABŞ prezidenti Riçard Niksonla görüşəndə sürəkli olaraq çəliyini fırlatmışdı. Klassik afrikalı diktator Seko sonra bununla da kifayətlənməmiş, dodaqlarını marçıldatmış, sol əlinin şəhadət barmağını burnuna salaraq "geoloji-kəşfiyyat işləri" aparmışdı. 
Bu biabırçılıq diplomatiya tarixinə "Seko burnu" adı ilə düşüb.
Ermənistan prezidenti Serj Sarkisyan da diplomatik protokolun pozulması ilə yanaşı, tərbiyəsizliyi ilə deyəsən, Sekonun yanında yer alasıdır.

Ulaq nə bilir zərpalan nədir?!

Xalqımızın deyimləri arasında "ulaq nə bilir zəfəran nədir" ifadəsi var. Əslində, təhrif olunmuş ifadədir, çünki burada ulağın zəfəran yox, zərpalan barədə məlumatsızlığına işarə vurulur.
Ulaq, təbii ki, köhlən atın belinə sərilən zərpalandan xəbərsizdi.
Ermənistan prezidenti Serj Sarkisyan diplomatik protokol qaydalar ilə yanaşı, elementar tərbiyə prinsiplərindən bixəbər olduğu kimi.
Onun müxtəlif görüşlərdə, danışıqlarda, müzakirələrdə, tədbirlərdə qeyri-adekvat, gülüş və təəccüb doğuran hərəkətləri az olmayıb.

Sondan əvvəlki belə hadisə Rusiyanın Sankt-Peterburq şəhərində prezident Vladimir Putinin vasitəçiliyi ilə keçirilən, Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanma yollarının arandığı danışıqlardı.
Azərbaycan Prezidenti İlham Əliyev ilə eyni masa arxasında oturmuş S.Sarkisyan sağ əli ilə üzünü tutmuş, alatoran meşəlikdə qorxuya düşüb başını aşağı salan və "mən heç kimi görmürəmsə, deməli, məni də görən yoxdur" düşünən məzlum kirpiyə bənzəyirdi.

Həmin səhnə Ermənistan mediasında geniş müzakirə olundu, Sarkisyanın oturuş "model"i idiotizm sayıldı.
İndi Sarkisyan yenə fərqlənib.

Ermənistan prezidenti Serj Sarkisyan öz iqamətgahında Roma Papası Fransiski qəbul edərkən protokol səhvi edib. Sarkisyan 80 yaşlı pontifikə qarşı hörmətsizlik edərək kresloya Papadan qabaq əyləşib. Səhvini başa düşən Ermənistan prezidenti ayağa qalxaraq Papanın əyləşməsini gözləyib.
Amma çifayda, artıq gecdi və Sarkisyanın Papaya qarşı sayğısızlığı, elementar ədəb qaydalarından bixəbər olması sosial şəbəkələrdə belə, memə çevrilib.
Olayın zahiri, görünən yönləri bəlli.

Batin isə daha maraqlıdır, çünki Serj Sarkisyanın məntiq, idrak, mənəviyyat kimi anlamlarla yanaşı, dinə və dindara sayğı, dözümlülük hisslərindən də bilmərrə xali olduğunu göstərir.
Sənədlərə görə, Ermənistan prezidenti xristiandır, erməni qriqorian kilsəsinin mənsubudur. Serj Sarkisyanın özünün dediyinə görə, müntəzəm olaraq kilsəyə gedir, dua və ibadət edir. Hətta övladları və nəvələrini vəftiz etdirdiyini də fəxrlə söyləyir.
Halbuki bu adamın ürəyində zərrə qədər də Tanrı qorxusu, mənsubu olduğu xristianlığa sevgi yoxdur.
Olsaydı, milyardlarla xristianın özlərinə mənəvi lider saydıqları Roma Papasından öncə kresloya tərəf qaçıb orada yerini rahat etməyə çalışmazdı.

Təbii ki, bəhs etdtiyimiz məqam teosofik mübahisə mövzusu deyil.
Fərz edək ki, Sarkisyan tələsib, çaşıb, hövlnak olub və Roma Papası təki fəxri qonağın yanında özünü itirib.
Belədirsə, onda Ermənistan prezidenti hisslərinə hakim olmayan, özünü postunda narahat hiss edən diletantdır və dövlət başçısı vəzifəsinə layiq olmayan plebsliyini sübut edir. 

Və ən nəhayət, ermənilər Serj Sarkisyanı hiyləgər siyasətçi və ağıllı dövlət başçısı kimi qələmə verərək onun qəfil anlaqsızlığına haqq qazandırmağa çalışdıqlarından, olay Ermənistan prezidentinin özündən yaşlı insana hörmətsizliyi kimi səciyyələndirilməlidir.
Bu arqumentinsə bəraəti yoxdur.

Görünən o ki, Ermənistan prezidenti yaşa, dinə, qaydalara, məntiqə sayğı duymayan həpənddir.

... Sabiq SSRİ-nin dövlət başçılarından olmuş Nikita Xruşşov tarixə həm də BMT Baş Assambleyasının iclasında başmağını çıxarıb masaya döyəcləyən dövlət başçısı kimi düşüb.
Lakin Nikita Sergeyeviç başmağını etiraz əlaməti olaraq çıxardıb demarş etmişdisə, Serj Sarkisyan İrəvanda Papaya yaltaqlanmağa çalışıb tərbiyəsizlik etdi.

Bu isə yaltaqlığı belə məsxərəyə qoyulan Ermənistan prezidentinin öz kiçik aləmində yaşayan, natamamlıq kompleksinə tutulmuş cırtdan olduğunu göstərmirmi?!

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Sarkisyandan Papaya qarşı hörmətsizlik