Ermənistanın güzəştə getməkdən başqa çıxış yolu qalmayıb

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan, Rusiya, Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın iyunun 20-də Snakt-Peterburq şəhərində bir araya gəlməsindən sonra hər üç ölkə xarici işlər nazirləri mətbuata açıqlama verərək, görüşün konstruktiv şəraitdə keçdiyini bəyan ediblər. Prezidentlər münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Hələlik prezidentlər arasında keçirilən son görüşdə dövlət başçılarının qəbul etdiyi bu birgə bəyannamə danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inamı artırır. Bu inamı yaradan mühüm səbəblərdən biri ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusilə də Ermənistan üzərində böyük təzyiq və təsir rıçaqlarına sahib Rusiyanın münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirməsidir.

Prezidentlərin görüşdən bir gün sonra ekspertlərin söylədiklərindən də belə qənaətə gəlmək olurdu ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun srağagün jurnalistlərə verdiyi açıqlaması bu ehtimalların həqiqət olduğunu bir daha üzə çıxarıb. Administrasiya rəsmisi bildirib ki, Azərbaycan münaqişənin həllində mərhələli şəkildə irəliyə getməyi vacib sayır. Yəni, əvvəlcə Azərbaycanın 5, ardınca 2 rayonunun azad olunması və dəhlizin müəyyən edilməsi, bundan sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsinin gündəmə gəlməsi. N.Məmmədov tərəflərin artıq bu istiqamətdə razılığa gəldiklərini də bəyan edib. Lakin çox keçmədən Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Azərbaycan Prezident Administrasiyası rəsmisinin fikirlərini təkzib edib. Düzdür, N.Məmmədov sosial şəbəkədə bununla bağlı daha bir açıqlama yayaraq, erməni diplomatın yalan danışdığını bildirib. Lakin erməni xarici işlər nazirinin prezidentlərin görüşündən dərhal sonra və srağagün verdiyi açıqlamalar arasındakı ziddiyyət bəzi suallar yaradır. Görünür, üzərində Minsk qrupu dövlətlərinin, xüsusən də Rusiyanın təzyiqlərini hiss edən Ermənistan danışıqlar prosesini pozmaq üçün növbəti təxribatlara yol verməyə meyllənir. Yaxud, bir-birini təkzib edən açıqlamaları ilə rəsmi İrəvan Sankt-Peterburq razılaşmasına riayət etməyəcəyini nümayiş etdirir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev mövzu ilə bağlı "Kaspi"yə bildirib ki, Ermənistan tərəfinin bu cür davranış nümayiş etdirməsi birinci dəfə deyil. Millət vəkilinin sözlərinə görə, bu günə qədər həmsədr dövlətlərin iştirakı ilə, yaxud həmsədr dövlətlərdən birinin moderatorluğu altında aparılan danışıqlarda hər hansı razılıq əldə edildikdən sonra rəsmi İrəvan təxribatçı hərəkətlərə yol verib, problemin həll olunmasını uzadıb: "Ermənistanın davranışı yenilik deyil. Amma əvvəlki illərlə müqayisədə indi reallıq tamamilə başqadır. Ona görə də belə təxribatçı və bir-birini təkzib edən açıqlamaların verilməsi Ermənistana heç cür sərf etmir. Hadisələrin gedişinə fikir versək görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq danışıqlarına havada, quruda və suda keçirilən geniş hərbi təlimlərə start verməklə, forpostbaşı Serj Sarkisyan isə işğal altındakı torpaqlarımızın qaytarılmasının qatı əleyhdarlarından olan və Qarabağ savaşında qaniçənliyinə görə ad çıxarmış Jirayr Səfilyanı, həmçinin onun başının dəstəsini həbs etdirməklə getdi. Azərbaycanın keçirdiyi bu təlimlər real döyüş şəraitinə tam yaxın idi. Bundan başqa, Sankt-Peterburq görüşündən iki gün qabaq, cənab Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar süfrəsində çıxışı zamanı bildirdi ki, biz növbəti 20 il də mənasız danışıqlar aparmaq fikrində deyilik, imitasiya naminə danışıqlar da aparmayacağıq. Eyni zamanda, dövlət başçısı onu da əlavə etdi ki, biz sözümüzü imzamız qədər qiymətləndiririk və əgər nəyisə deyiriksə, buna əməl edirik. Bu bəyanatın və döyüş şəraitinə yaxın səviyyədə keçən təlimin arxasında nə dayandığını hər halda Ermənistan siyasi rəhbərliyi aprel döyüşlərindən sonra daha yaxşı dərk edir".

S.Alıyev qeyd edib ki, indiki yeni situasiyada Ermənistanın davranışlarına qarşı Rusiyanın prinsipiallıq nümayiş etdirməsi tələb olunur. Yəni, Rusiya problemin tənzimlənməsinə maneə yaradan Ermənistan barədə qəti mövqe ortaya qoymalıdır: "Çünki, Serj Sarkisyan hakimiyyətinin Kreml rəhbərliyinə yalvarışlarından sonra məhz Rusiyanın təklifi ilə aprel döyüşləri dayandırılıb. Sankt-Peterburqda keçirilən görüşün Azərbaycanın razılığı əsasında baş tutması da heç kimə sirr deyil. Bu kimi bir çox səbəblərdən, rəsmi Moskva Ermənistan üzərindəki təsir və təzyiq vasitələrindən istifadə edərək, sülh danışıqlarının real nəticə verməsi üçün qətiyyət nümayiş etdirməlidir. Rusiya belə bir qətiyyəti Ermənistan Assosiativ üzvlük sazişinə qol çəkmək istəyən zaman göstərdi və Serj Sarkisyan Qərbə deyil, Avrasiya İqtisadi Birliyinə meylləndi. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli məsələsində də biz Rusiyadan və digər həmsədr dövlətlərdən bu cür qətiyyət və prinsipiallıq gözləyirik".

Politoloq Qabil Hüseynli də qəzetimizə açıqlamasında deyib ki, Ermənistan rəsmilərinin bir-birini təkzib edən açıqlamaları diplomatiya ilə məşğul olan bu şəxslərin səviyyəsini ortaya çıxarır. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Nalbandyan Azərbaycan rəsmisinin söylədiklərini təkzib etsə də, sonradan yeni bir bəyanat yayaraq, mərhələli həll variantının gündəmdə olduğunu bildirib: "Nalbandyan əvvəl deyirdi ki, Dağlıq Qarabağın statusu müəyyən edilməyincə, işğal altındakı torpaqların geri qaytarılması mümkün deyil. Amma cəmisi bir gün sonra tamam fərqli bəyanat verdi. Bu onu göstərir ki, ermənilər danışıqlar prosesində ənənəvi qeyri-konstruktiv yolu davam etdirir, danışıqların ruhunu pozmağa çalışırlar. Bir sözlə, gələcək danışıqlar üçün indidən "ürəkbulandırıcı" məqamlar yaratmaq istəyirlər. Ancaq inanmıram ki, bunlar hər hansı nəticə versin. Ermənilər danışıqlar prosesində əldə edilən razılıqlara tabe olmaq məcburiyyətində qalacaqlar. Azərbaycan ordusunun gücü, qüdrəti, nəyə qadir olması ermənilərin başının üstündən "demokl qılıncı" kimi asılıb. Onların sülhyaratma prosesinə getməkdən başqa çıxış yolları qalmayıb".

"Kaspi"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.