Kiçik klubun böyük əfsanəsi

Böyük futbolçu olmaq çətindir. Ancaq kiçik klublarda oynayaraq, böyük futbolçu olmaq ikiqat çətindir. Bu yazıda söhbət açacağımız futbolçu da məhz kiçik klubun böyük oyunçusu olmağı bacaranlardı. Onun adını demək olar ki, hər mövsümün sonunda İtaliya A seriyasının bombardirləri arasında görürük. Bu futbolçu bombardirlər yarışında kimləri geridə qoymayıb ki? Filippo İnzaqi, Zlatan İbrahimoviç, Kristian Vyeri, Françesko Totti və s. Həmişə adı böyük klublarla yanaşı çəkilsə də, öz doğma komandasını heç vaxt tərk etməyib. O, 26 yaşında transfer olunduğu "Udineze" üçün hər şeyi etdi. 

Həmişə deyildiyi kimi, hücumçunun işi qol vurmaqdı. O, "Udineze"də çıxış etdiyi dövrdə bu tapşırığın öhdəsindən layiqincə gəlib. Təsadüfi deyil ki, hazırda bir çox azarkeş "Udineze"ni məhz onun adıyla xatırlayır. Yəqin ki, söhbətin Antonio Di Nataledən getdiyini anladınız.

Rəssam atanın futbolçu oğlu

Antonio Di Natale 1977-ci ilin 13 oktyabrında İtaliyanın cənub şəhəri olan və çılğın azarkeşləriylə ad qazanmış Neapolda dünyaya göz açıb. Onun atası Salvatore peşəkar rəssam, anası Covanna isə evdar qadın idi. Atası incəsənət adamı olsa da, balaca Antonio bütün Neapolun nəfəs aldığı futbola daha çox meyl edir. Totonun uşaqlığının əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın şəhərin fəxri olan "Napoli"də oynadığı dövrlərə təsadüf etdiyini nəzərə alsaq, onun futbola həvəsinin haradan qaynaqlandığını bilmək elə də çətin olmaz. Həmin dövrlərdə bir çox neapollu uşaq kimi Antonio da futbolçu olmaq və sevimli komandası "Napoli"nin şərəfini qorumaq istəyirdi. 
İtaliyada şimalla cənub arasında olan rəqabət bir çoxlarına tanışdı. Bu rəqabət futbolda özünü daha bariz göstərir. Cənublu Antonio hələ 13 yaşında karyerasını Şimalda - Empolinin eyniadlı klubunda davam etdirməli olur. Cənubdan fərqli olaraq, Şimalda onun istedadına inanırdılar. Ancaq balaca Toto üçün ona yad olan Empoliyə uyğunlaşmaq elə də asan deyildi. Belə ki, Antonio "Empoli"yə yollandıqdan bir neçə gün sonra göz yaşları içində Neapola - ailəsinin yanına qayıdır. Ancaq onun futbola olan sevgisi yolunu yenə Şimala - Empoliyə salır.
Düz 3 il bu komandanın aşağı yaş qruplarında çıxış edən Toto, 1996-cı ildə əsas komandaya cəlb edilir. Gənc Di Natale burda çox da davam gətirə bilmir. Klub rəhbərliyi onu "İperzola", "Vareze" və "Viareccio" kimi aşağı liqa klublarına icarəyə verir. 1999/2000 mövsümündən etibarən "Empoli"nin əsas komandasının heyətində, B seriyasında çıxış etməyə başlayan Di Natale, bu liqada keçirdiyi 3 mövsüm ərzində 31 qola imza atır. Toto xüsusilə, 2001/02 mövsümündə öz bombardirlik keyfiyyətlərini nümayiş etdirir. Onun mövsüm ərzində rəqib qapılarından keçirdiyi 16 top "göy-ağlar"ın A seriyasına vəsiqə qazanmasına töhfə verir. 
A seriyasında keçirdiyi ilk mövsümdə Di Natale  qolçuluq bacarığını yenə göstərir. Mövsüm ərzində 13 qola imza atan Toto, komandasının ən məhsuldar futbolçusu olur. Növbəti mövsüm isə həm Di Natale, həm də komandası üçün o qədər də uğurlu olmur. Cəmi 5 qol vuran Totonun komandası yenidən B seriyasına düşür.

100 min avroluq "əfsanə"

Maraqlıdır ki, Di Natale son bir neçə ildə həm A seriyasında, həm də B seriyasında öz bombardirlik keyfiyyətlərini nümayiş etdirsə də, onun uğrunda ciddi mübarizə getmirdi. A seriyasının ortabablarından olan "Udineze" cəmi 100 min avvroya (!) bacarıqlı hücumçunu heyətinə cəlb edir. Məhz bununla da, Totonun uzun "Udineze" karyerasının əsası qoyulur. Yəqin ki, o vaxt bu transferi həyata keçirən klub rəhbərliyi Di Natalenin gələcəkdə komandanın əfsanəsinə çevriləcəyini ağlına belə gətirmirdi. Di Natale "ağ-qaralar"ın heyətində nə az, nə çox, düz 12 mövsüm keçirdi. Bu illər ərzində demək olar, hər il bombardirlər siyahısında yer alan Di Nataleni bir çox nəhəng klub heyətinə cəlb etmək istəsə də, Toto hamısına "yox" cavabı verdi. 
"Ağ-qaralar"a transfer edildiyi ilk mövsümdə Viçenso Yakintanın kölgəsində qalan Di Natale, vaxt keçdikcə komandanın əsas heyətində nəinki möhkəmləndi, hətta komandanın kapitanı olmağı da bacardı. Hücumçu "ağ-qara" formayla iki dəfə A seriyasının bombardiri olmağı da bacardı. Di Natale həmçinin "Udineze"nin tarixi ərzində ən sərrast futbolçu ünvanına da yiyələnib.
Kasilyası yalnız o məyus etdi
İtaliya millisinin qapıları Di Natalenin üzünə 2002-ci ildə, hələ "Empoli"də çıxış etdiyi zaman açılmışdı. "Skuadra Adzurra"nın o vaxtkı baş məşqçisi Covanni Trappattoni Türkiyə ilə yoxlama oyununda 25 yaşlı hücumçuya dəvət göndərmişdi. Di Natale millidəki ilk qolunu isə 2004-cü ildə, Çexiya ilə 2:2 nəticələnən yoxlama oyununda vurmuşdu. Toto bu günə kimi 3 böyük turnirdə İtaliya millisinin heyətində olub. İlk dəfə AÇ-2008-də İtaliya millisinin heyətində yer alan Di Natale "skuadra adzurra"nın anti-qəhrəmanı olmuşdu. Belə ki, AÇ-2008-in 1/4 final mərhələsində  İspaniyaya qarşı əsas və əlavə vaxtı 0:0 nəticələnmiş oyunun penaltilər seriyasında Di Natale qeyri-dəqiq oynamış, İtaliya isə mübarizəni dayandırmışdı. Ancaq Di Natale həmin epizodda onun zərbəsini zərərsizləşdirən İker Kasilyasdan qisasını almağı bacardı. 
AÇ-2012-də 35 yaşlı Toto yenə İtaliya millisinin heyətində yer almışdı. İtaliya və İspaniya arasında qrup mərhələsində baş tutmuş və 1:1 bərabərliklə başa çatmış oyunda italyanların qoluna Di Natale imza atır. Həmin oyunda ispanların qapısını isə məhz Kasilyas qoruyurdu. Sonradan İtaliya finala qədər irəliləsə də, burda ispanlara müqavimət göstərə bilməmişdi - 0:4. Həmin turnirdə çox güclü olan İspaniya çempionat boyu cəmi bir qol buraxmışdı ki, həmin topu da İker Kasilyasın qapısından qrup mərhələsində məhz Di Natale keçirmişdi. 
Di Natale DÇ-2010-da da iştirak edib. Ancaq həmin turnirdə "skuadra adzurra" mübarizəni qrup mərhələsində başa vurub. Di Natalenin qrup mərhələsində Slovakiyanın qapısından keçirdiyi top isə appenninliləri məğlubiyyətdən xilas etməyib - 2:3.
Ümumilikdə, 10 il "skuadra adzurra"nın şərəfini qoruyan Di Natale meydana çıxdığı 42 oyunda 11 qola imza atıb.

Təmiz ürəkli Toto

Bu il 39 yaşını qeyd edəcək Di Natale bir neçə dəfə karyerasını bitirmək fikrinə düşsə də, sonradan fikrindən daşınıb. O, ilk dəfə 2011-ci ildə, karyerasının pik nöqtəsində olan zaman bu fikrə düşmüşdü. Ancaq klub rəhbərliyinin təkidindən sonra karyerasını davam etdirmək qərarına gəldi. Ancaq cəmi bir neçə ay sonra, 2012-ci ilin aprelində Di Nataleni futbolu atmaq barədə düşündürən bir hadisə baş verir. Onun sabiq komanda yoldaşı, "Livorno"da icarə əsasında çıxış edən Pyermario Marozini "Peskara"ya qarşı oyunun 31-ci dəqiqəsində huşunu itirərək, yerə yıxılır. Həkimlərin ilkin müayinəsindən sonra xəstəxanaya aparılan 25 yaşlı futbolçu yolda dünyasını dəyişir. Bu hadisə Di Nataleyə çox pis təsir edir. Axı o, Pyermarionun həyatının necə çətinliklə keçdiyini bilirdi. Cəmi 15 yaşında anasını itirən Pyermario, 17 yaşında atasını, 18 yaşında isə əlil qardaşını itirməyin acısını yaşamışdı.        

Onun özünün ölümündən sonra həyatda yalnız əlil bacısı qalmışdı. Bu hadisə Di Nataleni çox sarsıtdı. Pyermarionun ölümündən dərhal sonra o, sabiq komanda yoldaşının bacısını öz himayəsinə götürdüyünü açıqladı. Di Natale həmçinin mövsümün sonunda futbolla vidalaşacağını da bildirdi: "Bundan sonrakı 6 oyunda Morozininin xatirəsi şərəfinə oynayacam. Sonra isə karyeramı bitirəcəm".
Totonun sabiq komanda yoldaşının xəstə və kimsəsiz bacısını öz himayəsinə götürməklə bağlı qərarı, onu azarkeşlərin gözündə bir az da ucaltdı. Artıq ona komandanın "vuran ayağı" və əfsanəsi kimi yox, həm də bir təmiz ürəkli insan kimi hörmət edirdilər. 
Di Natale bu dəfə də karyerasıyla bağlı verdiyi sözün üstündə dura bilmədi. Bundan sonra sevimli idman növünə olan sonsuz məhəbbəti onu daha 3 dəfə sözünün üstündə durmamağa məcbur etdi. 
O, son açıqlamasında bu ilin yayında karyerasını bitirəcəyini açıqlamışdı. Ancaq deyəsən, Di Natalenin "Udineze" macərası doğrudan da sona yetib. Belə ki, futbolçu Udine təmsilçisiylə bu ay bitən müqaviləni uzatmadı. Onun tezliklə ABŞ-a yollanacağı barədə xəbərlər isə səngimək bilmir. Əslində, Toto hələ bir neçə il öncə milyonlarla avro qarşılığında Çin, BƏƏ və ABŞ kimi ölkələrdən gələn təklifləri dəyərləndirərək, "Udineze"dəkindən qat-qat artıq qazana bilərdi. Ancaq o, nəhənglərdən gələn təklifləri rədd etdiyi kimi bu ölkə klublarının da milyonlarla qiyməti olan təkliflərinə "yox" cavabını verdi.
Di Natale "Udineze"dəki karyerasını belə xarakterizə edib: 
"Bu mövsümün sonunda karyeramı bitirirəm. Əlbəttə, bu çox kədərlidir. Ancaq "Udineze"də daha çox qol vurmuşam, nəinki həyat yoldaşımla restorana getmişəm. Bu klubu həmişə ailəm kimi sevmişəm".
Ailədən söz düşmüşkən, Di Natale futbolda olduğu kimi ailə həyatında da sadiqdir. O, 19 yaşından tanıdığı İlenia Bettiylə 2002-ci ildə ailə həyatı qurdu. Hazırda cütlüyün iki övladı var.   
A seriyası tarixinin 6-cı ən yaxşı bombardiri olan və bu siyahıda Filippo İnzaqi, Alessandro Del Pyero, Kristian Vyeri və Roberto Baccio kimi hücumçuları geridə qoyan Di Natalenin bu dəfə sözünün üstündə durub-durmayacağı maraqla gözlənilir. Onun artıq "Udineze" macərasının başa çatdığı dəqiqdir. Ancaq Totonun butslarını mismardan asacağı, yoxsa okeanın o tayında hansısa komandada peyda olacağı isə qeyri-müəyyən olaraq qalır. Dəqiq olan isə odu ki, Di Natale həmişə İtaliya futbolunun yetişdirdiyi ən bacarıqlı hücumçulardan biri kimi xatırlanacaq.

Kaspi.az