"Azərnyus" qəzeti Azərbaycanın başını ucaltdı...

Sevil Mikayılova: "Azərnyus" qəzeti olaraq hərəkata qoşulmaq təşəbbüsü "İmpact Journalism Day"in təsisçilərindən gəlib"

"İJD hərəkatında təmsil olunmaqla Azərbaycan qəzeti transmilli mətbuatın sıralarında öz layiqli yerini tutacaq"

Çap versiyasında dərc edilən "Azərnyus" ingilisdilli onlayn qəzeti beynəlxalq səviyyədə getdikcə daha çox tanınır və transmilli KİV sırasında təşəkkültapma yolu ilə fəal irəliləyir.

Məlumat üçün bildirək ki, mərkəzi Parisdə yerləşən "Sparknews" fransız mətbuat alyansı Azərbaycanın "Azərnyus" qəzetini "İmpact Journalism Day" nüfuzlu beynəlxalq hərəkatının sıralarına qəbul edib. Bu hərəkat sıralarında "USA Today", "Huffington Post", "The Sunday Times", "La Monde" və bir çox digər nüfuzlu KİV-ləri birləşdirir.

"Azərnyus" qəzetinin "İmpact Journalism Day"a qoşulması barədə həmin hərəkatın təsisçisi Kristian de Buaredon da öz fikrin bildirib. O, mediaya açıqlamasında məmnunluqla qeyd edib ki, "Azərnyus" dünyanın 55 aparıcı qəzetinin daxil olduğu bu qlobal alyansda iştirak edən regionda yeganə qəzetdir. Onun sözlərinə görə, Azərbaycan müxtəlif mədəniyyətlərin nümayəndələrinin daim təmasda olduğu, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən ölkədir: "İnnovasiyalar fərqli mədəniyyət və adət-ənənələrin kəsişməsi hesabına yaranır. Biz "Azərnyus"in yeni ideyaların mənbəyi olmasını gözləyirik".

"Azərnyus" qəzetinin "İmpact Journalism Day" beynəlxalq hərəkatına qoşulması gələcəkdə həmin mətbu orqanın fəaliyyətinə necə təsir göstərəcək?

Milli.Az xəbər verir ki, "Azərnyus" qəzetinin baş redaktoru Sevil Mikayılova "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, "Azernews" qəzeti olaraq hərəkata qoşulmaq təşəbbüsü "İmpact Journalism Day"ın təsisçilərindən gəlib: "Bu isə, öz növbəsində, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasının göstəricisidir və əlbəttə, bunun fonunda milli mediamızın inkişaf səviyyəsini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, Cənubi Qafqaz regionundan bu hərəkata qoşulmaq üçün dəvət alan yeganə qəzetik və bu bizim üçün olduqca önəmlidir".

S.Mikayılova qeyd etdi ki, İJD pozitiv amalı olan bir hərəkatdır və əsas ideyası müsbət fikir və ideyaları, uğurlu layihələri qlobal miqyasda yayımlamaqdır: "Bu mənada, "Azərnyus" qəzetinin bu hərəkata qoşulması ölkəmizin irəliyə sürdüyü innovativ təşəbbüslərin, xüsusən multimədəni dəyərlərin möhkəmləndirilməsi və insan inkişafına yönəlik fəaliyyətlərin mətbuatda işıqlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. İJD-nin yaradıcısı Kristian de Buaredonun da bildirdiyi kimi, Azərbaycan müxtəlif mədəniyyətlərin daim təmasda olduğu Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşir və yeni ideya və innovasiyalar fərqli mədəniyyət və adət-ənənələrin kəsişməsində doğulur".

Baş redaktor hesab edir ki, İJD qəzetin beynəlxalq tanıtımı və eləcə də dünyanın müxtəlif mətbu orqanları ilə əməkdaşlıq qurması baxımından mühüm platformadır: "Bu isə, öz növbəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlverişli imkanlar açır".

Həmsöhbətimiz onu da diqqətə çatdırdı ki, "Azərnyus" qəzeti Ümumdünya Qəzet Assosiasiyasına (WAN-IFRA) üzvdür və bu çərçivədə beynəlxalq media orqanları ilə əməkdaşlıq edir: "İJD müxtəlif problemləri gündəmə gətirir və onların həlli üçün real addımlar atır. Bu hərəkatda təmsil olunmaqla Azərbaycan qəzeti transmilli mətbuatın sıralarında öz layiqli yerini tutacaq. Misal olaraq deyə bilərəm ki, cari ilin oktyabr ayında İJD Kanadanın paytaxtı Ottavada hərəkata daxil olan nüfuzlu qəzetlərin baş redaktorlarının görüşünü keçirəcək.

Bu seminarda UNESCO səfirləri, Nobel sülh mükafatçıları ilə eyni zamanda BMT-nin keçmiş baş katibi Kofi Annan da iştirak edəcək. Həmçinin, qəzetimizin müxbir və redaktorları bu çərçivədə təşkil olunan seminar və treninqlərdə, konfranslarda iştirak edəcək ki, bu da jurnalist peşəkarlığının artırılmasına imkan verəcək".