Azərbaycanda qeyri-adi ev

Day.Az представляет новость на азербайджанском языке

Düz 31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edildi. Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü hər kəsi heyran qoyur. Onun inşasında minlərlə çaynikdən və digər çini qablardan istifadə edilib. 

Day.Az Region TV-yə istinadən xəbər verir ki, Gəncənin kənar məhəllələrindən birində Azərbaycanda analoqu olmayan ev yerləşir. Çoxlarının belə bir tikilidən xəbəri yoxdur. Onu fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər çini qablarla hörülməsidir. Ona görə də yerli sakinlər bu qeyri-adi evə elə "çaynikli ev" deyiblər. 

Maraqlıdır, bu qədər qab hardan və necə toplanıb? Evin hazırkı sakinlərinin dediklərinə görə, tikilinin keçmiş sahibi 1970-80-ci illərdə uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb. İstehsal prosesinə yararsız sayılan məhsullardan da səmərəli istifadə edib. Evin ərsəyə gəlməsində təqribən  5 minə yaxın çaynikdən və çini qabdan istifadə olunub. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır. 

Ev sakini deyir ki, hələ Gəncənin özündə buranı az adam tanıyır. Yerli sakinləri, həm də xariciləri öz fərqliliyi ilə cəlb edən, heyrətə salan bu ev, təəssüf ki, hazırda yox olmaq təhlükəsi ilə üzləşib. Bəzi hörgülər uçmağa başlayıb. Müsahibimiz, nə qədər çalışsalar da, evi qorumağa güclərinin çatmadığını deyir. Ümid qalıb aidiyyəti qurumların köməkliyinə.

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda analoqu olmayan çaynik ev - Görənləri mat qoyur

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.