Həcc ziyarətinə sənəd qəbulunun vaxtı uzadıldı

Day.Az представляет новость на азербайджанском языке

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənəd qəbulunun müddətini daha 10 gün uzadıb.

Day.Az bildirir ki, QMİ-dən APA-ya verilən məlumata görə, ziyarət üçün ayrılmış boş yerlərin hələ də dolmaması səbəbi ilə sənəd qəbulunun vaxtı iyulun 31-dən avqustun 10-a qədər uzadılıb.
 
Boş qalan yerlər isə yalnız VİP ziyarət növü üçün nəzərdə tutulanlardır. Bu günə olan məlumata görə, bu yerlərdən 40-ı hələ də boşdur. Nisbətən ucuz ziyarət növü üçün ayrılan yerlər isə iyunun 30-dan artıq dolub.
 
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.