TBMM sədri: "Azərbaycan və türk diasporu daha sıx əməkdaşlıq etməlidirlər"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan və türk diasporu daha sıx əməkdaşlıq etməli, inkişaf üçün birlikdə addımlamalıdırlar".

Day.Az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman Polşadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşdə belə deyib.

30 avqust Zəfər bayramı münasibətilə Türkiyənin Varşavadakı səfirliyində təşkil olunmuş tədbir çərçivəsində Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd və onun müavini Rəsul Məmmədovu qəbul edən İsmail Kahraman Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərindən, eləcə də hər iki diasporun birgə fəaliyyətinin vacibliyindən danışıb.

O bildirib ki, Polşada və digər ölkələrdəki Azərbaycan və türk diasporu əməkdaşlığı gücləndirməli, inkişaf üçün birlikdə addımlamalıdırlar.

Polşada Azərbaycanlı Gənclər Şurasının təmsilçiləri isə öz növbəsində bu ölkədəki türk diasporu ilə uğurlu işbirliyindən söz açıblar. Yunus Emre İnstitutu, Polşa Türk Dərnəkləri Federasiyası ilə birgə keçirilmiş tədbirlər barədə qısa məlumat verilib. Qeyd olunub ki, Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı verdiyi haqsız qərarın digər ölkələrdə də təkrarlanmaması üçün iki qardaş xalqın diasporu birgə səyləri artırmalı və məqsədyönlü fəaliyyət göstərməlidir.

Qeyd edək ki, avqustun 30-da Türkiyənin Çanaqqala müharibəsində qazandığı zəfərin 94-cü ildönümü qeyd olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.