"İsraillə Türkiyə arasında barışıq prosesi gedir"

Day.Az представляет новость на азербайджанском языке

"Mən inanıram ki, Türkiyə ilə İsrail arasında yaxşı münasibətlər bütün region üçün stabilliyə xidmət edə bilər".

Day.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Naxşon deyib. O bildirib ki, hazırda İsraillə Türkiyə arasında barışıq prosesi gedir: "Bu, son dərəcə vacibdir. Mən Türkiyədə diplomat kimi fəaliyyət göstərmişəm. Ona görə də Türkiyənin bizim üçün və bütün bölgə üçün nə dərəcədə vacib olduğunu bilirəm. Türkiyə ilə həmişə yaxşı münasibətlərimiz olub, lakin ötən illərdə biz bir sıra çətinliklərlə qarşılaşmışıq. Əminəm ki, bütün bu çətinliklərin öhdəsindən gələcəyik. Türkiyə Yaxın Şərq və İsrail, hətta bir qədər uzaq olan Orta Asiya üçün aparıcı aktyordur. Türkiyə İraq və Suriyadan gələn qaçqınların məsələsinin həllində Avropa üçün çox mühüm ölkədir. Türkiyə gündən-günə iqtisadi cəhətdən inkişaf edən ölkəyə çevrilir. Türkiyə ilə yaxşı münasibətlərimizin olması çox vacibdir. Biz barışıq razılaşması imzalamışıq. Ümid edirik ki, tezliklə qarşılıqlı olaraq səfirləri təyin edəcəyik və əvvəllər olduğu kimi, yaxşı münasibətlərə qayıdacağıq. Biz hazırda Türkiyə tərəfindən idarə olunacaq fonda kompensasiya ödəməliyik. Səhv etmirəmsə, pul artıq Türkiyəyə göndərilib. Lakin bayram səbəbi ilə banklar bağlıdır. Düşünürəm ki, bu, yaxın günlərdə reallaşacaq".
 
E. Naxşon ABŞ-da keçiriləcək prezident seçkilərinə də toxunub: "Hər kəs kimi, biz də ABŞ-dakı seçkiləri gözləyirik. Heç kəs bilmir ki, nə baş verəcək. Biz çox ehtiyatlı davranırıq, bu məsələ ilə bağlı fikir bildirmirik, namizədlərin hər hansı birinə dəstək ifadə etmirik. Düzdür, bu hadisə dünyanın digər tərəfində, başqa ölkədə baş verir. Amma bunun hamımıza təsiri var".
 
Nazirlik sözçüsü İsrailin Rusiya ilə çox sıx və yaxşı münasibətlərinin olduğunu da deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və İsrail baş naziri Benyamin Netanyahu arasında çox sıx kontakt var və qarşılıqlı səfərlər gerçəkləşdirilir: "Biz həmişə Rusiyaya dərin dostluq münasibəti hiss etmişik. Həmişə SSRİ-yə nasist Almaniyasına qarşı mübarizə apardığı üçün minnətdarıq. Bu ölkə yəhudiləri konslagerlərdən xilas edib. Bütün bunlar münasibətlər üçün dərin emosional əsas təşkil edir". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.