Azərbaycanda bəzi dərmanların satışı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılmasına görə hüquqi və fiziki şəxslərin lisenziyası dayandırıla bilər.

Day.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni dəyişikliklər və əlavələr edilib.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Bildirilib ki, qanuna edilən yeni əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılır.

Qanunun 16-cı maddəsinə edilən digər əlavəyə görə isə dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zərurui məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.