Cəbhə kəndinin sakinləri səsvermədə fəal iştirak edirlər

Day.Az представляет новость на азербайджанском языке

Ağdam rayonunda ümumxalq səsverməsi seçicilərin fəallığı ilə başlayıb.

AZƏRTAC-ın müxbiri cəbhə xəttində yerləşən Qaradağlı kənd tam orta məktəbinin binasındakı 27 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edib. Saat 7.50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və səsvermə qutuları kilidlənib, 8.00-da ümumxalq səsverməsinin başlanması elan edilib.

Səhər saatlarından məntəqələrə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki məntəqəsində ilkin səs verənlərdən biri - Qaradağlı kənd sakini Mirsiyab Məmmədov yaradılan şəraitdən razılığını bildirərək deyib: "Ümumxalq səsverməsi hər bir ölkənin həyatında mühüm ictimai-siyasi hadisədir. Mən də bir vətəndaş kimi ölkəmiz üçün əhəmiyyətli olan bu prosesdə iştirak etdim. Məntəqədə səsvermə prosesi azad və demokratik keçir. Seçicilər üçün yaradılan şəraitdən razıyam".

Digər seçici - 88 yaşlı İdris Quliyev deyib: "Əmək veteranıyam. Bütün seçkilərdə vətəndaşlıq borcumu yerinə yetirdiyim kimi, bu referendumda da iştirak edirəm".

Məntəqəyə gələnlər arasında gənclər üstünlük təşkil edir. İlk dəfə olaraq səs vermək hüququndan istifadə edən Elnarə İsmayılova fikirlərini belə ifadə edib: "Belə bir prosesdə iştirak etdiyim üçün çox sevinirəm. Bundan sonra da ölkəmizdə keçiriləcək seçkilərdə fəal iştirak edəcəm".

Səsvermənin gedişini izləyən müşahidəçılər - Bəykişi Zeynalov və Nasif İmanov referendumun yüksək səviyyədə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlinmədiyini deyiblər.

Məntəqə seçki komissiyasının sədri Gülnurə Muradova bildirib ki, məntəqə üzrə 1235 seçici qeydə alınıb. Onlardan 17 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.