Danışın, Sem, gözləyirik...

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanla rəftarda "dovşan, bəs papağın hanı?" prinsipi keçməz

Axı niyə hər dəfə Azərbaycanda hansısa əlamətdar hadisə və ya beynəlxalq əhəmiyyətli böyük bir tədbir keçirildikdə ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr fəallaşmağa başlayırlar? Niyə Bakıda keçirilmiş "Avroviziya" mahnı müsabiqəsi, I Avropa Oyunları, beynəlxalq forumlar, Azərbaycandakı prezident və parlament seçkiləri ərəfələrində belə olmuşdu? Niyə eyni ssenari Azərbaycanda Konstitusiyaya dəyişikliklər ərəfəsində də oxşar formada təkrarlandı?

Niyə referendumqabağı Azərbaycanla birbaşa heç bir əlaqəsi olmayan "Freedom House" ölkəmizlə bağlı "hesabat" hazırladı, ABŞ Konqresində ermənipərəst Tom Lantos komissiyasında azərbaycanlılardan çox, ermənilərin iştirak etdiyi dinləmələr, daha sonra ATƏT DTHİB-də "müzakirələr" keçirildi? Niyə və haradan Avropa Şurası Parlament Assambleyasının yadına düşdü ki, referenduma çıxarılan layihənin Avropa qanunlarına müvafiqliyini yoxlasın və bu məqsədlə ümumxalq səsverməsinə cəmi 3 həftə qalmış Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına (Venesiya Komissiyası) müraciət etsin? Niyə və hansı əsasla komissiya da cəmi 2 həftə ərzində sentyabrın 20-də yaydığı hesabatında Azərbaycanda sentyabrın 26-da referenduma çıxarılan Konstitusiyaya dəyişikliklər layihəsi ilə bağlı rəy verdi və ekspertlər layihəni qeyri-demokratik və hüquq normalarına uyğun olmayan sənəd adlandırdılar?

Biz hələ Venesiya Komissiyasının öz nizamnaməsini necə pozduğundan, Azərbaycanın razılığı olmadan belə bir sənədi müzakirə etməyə ixtiyarı olmadığından, hesabatın Konstitusiyaya dəyişikliklər layihəsinin ingilis dilinə qeyri-rəsmi tərcüməsi əsasında, özü də cəmi 2 həftəyə hazırlanmasından, bu zaman Azərbaycanla heç bir məsləhətləşmə və müzakirələr də aparmamasından, Avropa Şurası nəzdində üzv ölkələrin qanunlarını mütəmadi təhlil edən bu orqanın rəyinin imperativliyə malik olmayaraq yalnız məşvərətçi xarakter daşımasından, sənəddə Konstitusiyamızda mövcud olmayan 159-cu maddəyə istinad edilməsindən, bu azmış kimi Azərbaycanı birbaşa ittiham etməsindən, nəhayət, Azərbaycanın bu qədər qanunsuzluğa və qeyri-peşəkarlığa yol verən Komissiyanın qərəzli rəyini öz milli maraqlarına zidd hesab edərək onu rədd etmək hüququna malik olmasından danışmaq istəmirik.

Çox güman ki, Azərbaycana qarşı bu hücumlar referendumdan da sonra davam edəcək. Böyük ehtimalla bunu edən ilk dövlət ABŞ və Dövlət Departamentinin sözçüsü Con Kirbi olacaq. Böyük ehtimalla ABŞ rəsmisi elə referendumdan dərhal sonra onun qeyri-demokratik, beynəlxalq hüquq normalarına və Azərbaycan xalqının iradəsinə zidd olduğunu deyəcək. Təbii ki, bu zaman həm "Freedom House"un, həm də Venesiya Komissiyasının "dərindən araşdırılmış obyektiv hesabatlarındakı rəylər"inə əsaslanacaq. Çünki bu hesabatlar məhz Azərbaycana qarşı hücum planı çərçivəsində hazırlanmışdı. Təbii ki, özünü "kraldan çox kral" sanaraq, yəni Azərbaycanı guya azərbaycanlılardan da çox sevdiyini və burada demokratiyanın bərqərar olmaq istədiyini önə çəkən kirbikimilərin "qarnının ağrısı" heç də demokratiya və insan haqları deyil. Məqsəd müstəqil siyasət yürütməyə çalışan Azərbaycana hərtərəfli təzyiq göstərməklə artıq bir sıra digər dövlətlərlə təcrübədə olduğu kimi onu itaətdə saxlamaq, ondan istədiklərini əldə etməkdir.

ABŞ Azərbaycanı Rusiya və İrana qarşı öz yanında görmək istəyir. Bunun üçün Azərbaycana hesabat və qətnamələrlə təzyiq edir. Amma Azərbaycan buna getmir, eyni zamanda birmənalı olaraq nə Rusiyanın da tərəfini tutmur, nə İrana meyl etmir. Halbuki Rusiya da, İran da çoxdan gözləyir ki, rəsmi Bakı onlara tərəf meyllənəcək. Bu olmayanda biri bizi "İskəndər"lərlə qorxudur, digəri İranda "erməni olimpiadası" keçirir.

Hətta FETÖ məsələsindən sonra Azərbaycanda Fətullah Gülən isteriyası davam edəcəyi arzusunun gerçəkləşməməsi ilə Türkiyənin də geosiyasi arenadakı xəyalı suya düşdü...

Hazırda dünya siyasətində "mənimlə deyilsənsə, mənə qarşısan" prinsipi hökm sürür. Söhbət geosiyasi bloklaşmalardan, Azərbaycanı əks qütblərdə duran bu və ya digər hərbi bloka daxil etmək istəyindən gedir. "Qoşulmama hərəkatı"na üzv olan Azərbaycan isə öz müstəqil mövqeyini qorumağa çalışır.
Balaca Azərbaycanın bu cür xarakter göstərib müstəqil mövqe sərgiləməsi isə özünü "dünyanın ağası olmaq hüququna malik" olduğunu zənn edən böyük dövlətlərin və qüvvələrin xoşuna gəlmir. Elə ona görə də istədiyini nəyin bahasına olursa-olsun qoparmaq üçün cəngəllik qanunları ilə hərəkət edir, müxtəlif bəhanələr uyduraraq Azərbaycana qarşı canavarların "dovşan, bəs papağın hanı?" prinsipi ilə yanaşırlar. Amma çox yanılırlar. Azərbaycan kiçik ölkə olsa da, əldə etdiyi müstəqilliyinə çox böyük dəyər verir. O, öz müstəqilliyini qorumaq və ona uyğun ağıllı və təmkinli şəkildə hərəkət etmək iqtidarındadır. Bu artıq həm də bir şərəf məsələsidir...

İlkin İzzət
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.