Beynəlxalq müşahidəçilər Azərbaycandakı referendum barədə

Day.Az представляет новость на азербайджанском языке

"Bu referendum hətta bəzən Avropa standartlarını da ötüb keçir"

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 33 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə referendumun gedişini 53 min yerli və xarici müşahidəçi izləyib.

Milli.Az-ın məlumatına görə, fərəhləndirici haldır ki, indiyədək heç bir müşahidəçi, xüsusilə də əcnəbilər referendumun gedişi haqda mənfi rəy bildirməyiblər. Əksinə, onların hamısı Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi barədə yüksək fikirdədir.

Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət Müşahidə Qrupunun 4 nəfərlik heyətinin rəhbəri, Finlandiyadan olan Paulina Haijanen: "Konstitusiyaya dəyişikliklərinin məzmunu və legitimliyini araşdırdıq. Bu, suveren Azərbaycan dövlətinin qanunvericiliyinə uyğundur. Dəyişikliklər ölkədə idarəçilik sisteminin gücləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir".

İki Seçki Dairəsi üzrə 10 məntəqədə müşahidə apardıqlarını deyən xanım Haijanenin fikrincə, səsvermə prosesi texniki və təşkilatı baxımdan yüksək səviyyədə olub: "Məntəqələrdə seçici aktivliyi yüksək olub və səsvermə dinc şəraitdə keçirilib. Polis və icra orqanları  əməkdaşlarının heç bir müdaxiləsi müşahidə olunmayıb. Hər kəs səsverməyə gələrək rahat şəkildə hüququndan istifadə edib. Konstitusiyaya dəyişikliklərlə bağlı referendum tam legitimdir, xalqın iradəsini müstəqil şəkildə əks etdirir".

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri Aleksandr Nikoloski: "Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş referendum milli qanunvericiliyə uyğun təşkil edilib və legitimdir".

Onun sözlərinə görə, səsvermə prosesi şəffaf olub və sakit keçib: "Biz Azərbaycan xalqını referendumun sakit keçirilməsi ilə təbrik etmək istəyirik. Biz Azərbaycanı AŞ PA-nın həmməruzəçiləri ilə əməkdaşlığı davam etdirməyə çağırırıq".

TürkPA müşahidə missiyasının üzvü, Türkiyə parlamentinin deputatı Haluk İpək: "Referendumda heç bir qanun pozuntusu baş verməyib. Bəzi texniki nasazlıqlar ola bilər, amma bunlar seçki prosesinə heç bir təsir etməyib".

Missiyanın gəldiyi nəticəni açıqlayan H.İpək bildirib ki, referendum beynəlxalq standarlara uyğun keçirilib. Referendumda səs vermək üçün bütün vətəndaşlara eyni şərait yaradılıb. Referendumun təşkilatçılığı yüksək səviyyədə olub. Referendumda yüksək seçiçi fəallığı da müşahidə edilib.

Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişar: "Konstitusiyaya dəyişikliklərin daxil edilməsi məqsədi ilə keçirilmiş referendumun nəticələri Azərbaycanda uzunmüddətli strateji yol xəritəsi olmalıdır".

Onun sözlərinə görə, Konstitusiya islahatları ən yaxın illər ərzində bütün qoyulmuş hədəflərə nail olmaq üçün irəliyə getməyə icazə verəcək: "Bu Konstitusiya dəyişiklikləri Azərbaycan prezidentinin artıq reallaşdırdığı və ya reallaşdırmağa çalışdığı bütün islahatlarla birbaşa bağlıdır".

MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri İlyas Umaxanov: "Azərbaycanda referendum yüksək səviyyədə təşkil olunub.

Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı olub".

İ.Umaxanov qeyd edib ki, Azərbaycanda referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey artıq 10 illərdir çox yüksək səviyyədə hazırlanıb. Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər.

Fransa senatının üzvü Natali Qule: "Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum şəffaf və seçicilərin yüksək fəallığı ilə keçib".

N.Qule əlavə edib: "Biz seçki məntəqələrində çox vaxt keçirdik. Seçki məntəqələrində çox insan var idi. Biz seçki qutularının açılmasını müşahidə etdik, hər şey çox şəffaf idi".

Seçicilərin fəallığı məsələsinə toxunan N.Qule deyib ki, bu çox yaxşı nəticədir, adətən Fransada bu göstərici daha az olur.

Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutunun idarəçi direktorunun müavini Bruno Janbart: "Referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% "bəli", icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% "bəli", insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% "bəli", Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə 88,8% "bəli", prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına isə seçicilərin təqribən 80%-i "bəli" cavabını verib".

Avropa Xalq Partiyasının nümayəndə heyətinin rəhbəri Mario Enrike: "Bizim müşahidə etdiyimiz bütün seçki məntəqələrində prosedurlar beynəlxalq standartlara cavab verirdi".

Müşahidəçi bildirib ki, səsvermə prosesi beynəlxalq tələblərə uyğun olaraq sərbəst, açıq və şəffaf keçirilib.

MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidə missiyasının üzvü Dmitri Azarov: "Azərbaycanın seçki təcrübəsi çox mükəmməldir və bu təcrübə öyrənilməlidir. Ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait, imkanlar yaradılıb. Seçicilər mütəşəkkil şəkildə məntəqələrə gələrək səsvermədə iştirak edirlər".

İtaliya parlamentinin üzvü Divina Sergio: "Məntəqələrdə səsvermə prosesi yüksək səviyyədə təşkil olunub. Deyə bilərəm ki, Azərbaycanda səsvermə İtaliyadakından da intizamlı keçir".

D.Sergio bildirib ki, səhər saatlarından səs verməyə gələn vətəndaşların sayı kifayət qədər olub: "Biz ATƏT, Avropa Şurasının nümayəndəsi kimi, müxtəlif ölkələrdə seçkiləri müşahidə etmişik. Azərbaycanda da bundan əvvəl seçki proseslərini izləmişəm. Azərbaycanda keçirilən səsvermə Avropa standartlarına daha çox uyğun gəlir. Hətta bəzən Avropa standartlarını da ötüb keçir".

Pünhan Mirzə
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.