"Azərbaycanla Avstraliya arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var"

Day.Az представляет новость на азербайджанском языке

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, senator Kristof Conun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Day.Az XİN-in saytına istinadən bildirir ki, görüşdə nazir müavini X.Xələfov Azərbaycanla Avstraliya arasında siyasi və diplomatik münasibətlərin mövcudluğunu, əlaqələrdə pozitiv inkişafın və xeyli irəliləyişin əldə edildiyini və əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. X.Xələfov siyasi dialoqun, eləcə də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. O, Avstraliyanın xarici işlər nazirinin Azərbaycana səfər etməsi, ölkələrimiz arasında konkret layihələrin nəzərdən keçirilməsi və ticarət dövriyyəsinin artırılmasının məqbul sayıldığını diqqətə çatdırıb və parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

X.Xələfov Azərbaycanda son illər həyata keçirilən islahatlar barədə geniş məlumat verərək, Avstraliya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açıb. O, iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və turizm sahəsində Avstraliya şirkətlərinin ölkəmizdə iştirakının arzu edilən olduğunu da əlavə edib. Nazir müavini iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, eləcə də investisiyaların təşviqi və ikiqat vergidən azad olunmaya dair sazişlərin imzalanmasının hər iki ölkə şirkətlərini daha da həvəsləndirəcəyini bildirib. X. Xələfov beynəlxalq təşkilatlar və qlobal forumlar çərçivəsində beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan söz açıb, bir çox beynəlxalq məsələlərdə hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü qeyd edib.

Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son danışıqlar barədə məlumat verən X.Xələfov, münaqişənin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğuladı və münaqişənin həll olunmamasının əsas səbəbi kimi Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və öz hərbi qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmamasını göstərib. O, Ermənistanın aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılaşmalara əməl etmədiyini, beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Senator Kristof Con iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çoxsaylı sahələr üzrə geniş potensialın mövcud olduğunu, kənd təsərrüfatı, xüsusən meyvəçilik və tərəvəzçilik sahəsində əməkdaşlıq imkanlarını xüsusi vurğulayıb. O, təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Kristof Con Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirdi və bu sahədə əlaqələrin genişləndirilməsini təqdir edib. Ermənistan-Azərbaycan münaqişəsinə dair ətraflı məlumata görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Azərbaycanın münaqişənin sülh yolu ilə həllində səylərinin Avstraliya tərəfindən dəstəkləndiyini bəyan edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.