Aşura günü qan çıxarmaq barədə İSLAM ALİMLƏRİNİN MÖVQEYİ

Day.Az представляет новость на азербайджанском языке

QMİ Qazılar Şurası dünən Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1437-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1438-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-ci il oktyabr ayının 3-nə, Aşura günü isə oktyabrın 12-nə təsadüf edir.
 
Fətvada bildirilir ki, əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.
 
Bəs, tanınmış İslam alimləri Aşura günü zəncir və qəmə vurmaqla qan çıxarmağa necə baxırlar? Bu işi görmək halaldır, yoxsa haram?
 
Milli.Az faktxəbər-ə istinadən İslam dünyasının tanınmış alimlərinin bu məsələ ilə bağlı fikirlərini təqdim edir:
 
Ayətullahul-üzma Seyid Əbul Qasim Xoyi:
"Qılıncla baş yarmaq haqqında heç bir sübut yoxdur və onun müstəhəb (savab gətirən əməl) sayılması üçün heç bir yol mövcud deyil. Əgər Məhərrəm ayında qəmə vurmaq, qan çıxarmaq, özünə xəsarət yetirmək dinin gözdən salınmasına və dinin təhqirinə səbəb olursa, bu qəti şəkildə haramdır".
 
Ayətullah Şəhid Seyid Muhamməd Baqir Sədr:
"Bu kimi işlər, cahil insanların işidir və alimlər davamlı olaraq bu kimi işləri qadağan etmiş və haram olduğunu demişlər."
 
Ayətullahul-üzma Seyid Əli Xamneyi: "Qılıncla baş yarmaq, uydurma bir əməldir və dinlə əlaqəsi olmayan işlərdəndir. İmamların vaxtında bu cür işlər olmayıb. Ümumiyyətlə, dinin və məzhəbin zəifləməsinə və onun qeyri-ciddi bir şəkildə tanıtdırılmasına səbəb olan əməllərə icazə verilmir. Heç şübhə yoxdur ki, Allah da onun edilməsinə razı deyil."
 
Ayətullahul-üzma Seyid Əli Sistani:
"Yas və matəmə ləkə gətirəcək bütün işlərdən çəkinək lazımdır".
 
Ayətullahul-üzma Məkarim Şirazi: "Əza saxlayanlara vacibdir ki, dinə zərbə vuracaq işlərdən - sinə və baş yarmaq, kəsici alətlər vasitəsilə zəncir vurmaq, eləcə də öz bədəninə hər hansı zərər yetirməkdən çəkinsin. Yas və matəm məclisləri elə bir şəkildə olmalıdır ki, islam düşmənlərinin bəhanə gətirmələrinə və sui-istifadə etmələrinə səbəb olmasın."
 
Ayətullahul-üzma Fazil Lənkərani: "Qılıncla baş yarmaq mövzusu, xalqın İmam Hüseynə daha çox maraq göstərməsinə və onun müqəddəs hədəflərinə çatdırmadığı kimi, pis nəticələr verməsinə də səbəb olur. Bu səbəbdən İmam Hüseyn məktəbinə bağlı müsəlmanlar bu işlərdən uzaq durmalı, hətta nəzir etmiş belə, olsalar nəzirləri düzgün olmayacaq".
 
Ayətullahul-üzma Mirzə Cavad Təbrizi: "Ali Əbaya əzadarlıq böyük savab gətirən əməllərdən və dinin diri qalmasının sütunlarındandır. Yas tutan əzizlər dinin və məzhəbin ləkələnməsinə və İslam düşmənlərinin sui-istifadə etməsi üçün zəmin yaratmamalıdırlar." 
 
Ayətullahul-üzma Seyid Möhsün Həkim:
"Qəmə vurmaq bizi narahat edən yaralı yerimizdən biridir. Qılıncla baş yarmaq, bədənə xəsarət yetirmək dini deyil və savabı da yoxdur."
 
Ayətullahul-üzma Safi Gülpayiqani:
"Vacibdir ki, müsəlmanlar bu işdən özlərini qorusunlar, çəkinsinlər. Çünki belə əməllər dini böyük zərbə vurur."
 
Ayətullah Əli Meşkini:
"İslam şəriətində bu kimi işlər qəbul edilmir, hətta bunlardan bəziləri zatən haramdır. Müsəlmanlar bu cür əməlləri yas mərasimlərinə daxil etməkdən çəkinməlidirlər".
 
Ayətullah Seyid Əbul-Həsən İsfahani: "Qılıncla baş yarmaq, zəncir vurmaq haramdır."
 
Ayətullah Cavadi Amuli:
"Əzadarlığın hörmətini aşağı salacaq işlərin görülməsi caiz deyil. Müsəlmanlar İslamın zorakı din kimi tanınmasına və matəm məclislərinə təhqirə səbəb olan əməllərdən çəkinməlidir."
 
Ayətullahul-üzma Seyid Möhsün Əmin Cəbəl Amuli: "Qəmə vurmaq ağıl və şəriət baxımından haramdır. Bədənə zərər vurmağın dünyada və axirətdə heç bir savabı, faydası yoxdur və özünə əzab verdiyi üçün də haramdır. Bu əməl Əhli-Beyt tərəfdarlarının xalqın gözündən düşməsinə və onları vəhşi simada əks etdirilməsinə səbəb olmuşdur. Belə işlərdə Allahın, Peyğəmbərin və Əhli-Beytin razılığı yoxdur və bu şeytanın vəsvəsələrindən başqa bir şey deyil. Bəziləri bu işi əzadarlıq kimi təqdim etsə də, onun çirkin haram mahiyyəti dəyişmir."
 
Ayətullahul-üzma Seyid Məhəmməd Hüseyn Fəzlullah: "Qəmə vurmaq bədənə zərər yetirdiyi üçün bizim nəzərimizcə mütləq şəkildə haramdır. İstər ölümə səbəb olsun, istər olmasın. Bu əməl haram olduğu üçün bunu heç cür İmam Hüseynin (ə) şüarlarından qələmə vermək olmaz."
 
Ayətullah İbrahimi Əmini: "Bu işlərin şəriət baxımından təsdiqini tapmadığını, eləcə də İslamın gözdən salınmasına səbəb olduğunu nəzərə alaraq İmam Hüseyn (ə) əzadarlarının bunlardan çəkinməsi lazımdır."
 
Ayətullah Seyid Kazım Hairi:
"Qılıncla baş yarmaq kimi xurafatlar, İslamın pis tanınmasına səbəb olur".
 
Ayətullah Məhəmməd Cavad Muğniyə: "Xoş olmayan bu işlər, bidətdir (sonradan qondarma). Din və məzhəbdə yeri yoxdur".
 
Ayətullah Şeyx Məhəmməd Yaqubi: "Ağıldan kənar əməllərin edilməsi, cana zərər vermək və ya din və Əhli-Beyt məktəbinə xəyanət və təhqirə səbəb olacaq işlərə icazə verilmir. Bununla bağlı xəncər vurmaq və kəsici alətlərlə bədəndən qan çıxartmaqdan çəkinmək lazımdır".
 
Ayətullah Məhəmməd Mehdi Asifi: "Bu işlər Aşura ismarıcının xalqa çatmasında pis təəssürat yaradır və İmam Hüseyn ardıcıllarının hörmətdən düşməsinə səbəb olur".
 
Qeyd edək ki, Aşura günü ilə bağlı İslam düşmənləri də bütün cəhdləri ilə mübarizə aparır və kimlərinsə düşüncəsiz şəkildə atdığı addımları din adından yayımlayırlar. Təkcə bir fakta diqqət etmək kifayətdir ki, "Google" kimi ən məşhur axtarış brauzerində "Ashura" sözü yazıb axtarışa verdikdə, ancaq baxılması mümkün olmayan qanlı şəkillər ortaya çıxır. Və fotoları yayan media orqanlarının hamısı Qərbin apardığı təbliğatın əsas ruporlarındandır. Amma yuxarıda da göründüyü kimi heç bir İslam alimi bu cür əməlləri qəbul etmir və konkret haram bilir. 
 
Xatırladaq ki, son illər Azərbaycanda Aşura günü əzadarlıq məclislərindən sonra məscidlərdə talasemiyalı uşaqlar üçün kütləvi şəkildə qanvermə aksiyaları keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.