Səyyar vergi yoxlamasına məhdudiyyət qoyuldu

Day.Az представляет новость на азербайджанском языке

Vergilər Nazirliyinin Kollegiyası "Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları"nı təsdiq edib.

Day.Az APA-ya istinadən bildirir ki, səyyar vergi yoxlamasını keçirən yoxlayıcıların vergi ödəyicilərinin maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron səyyar vergi yoxlamaları məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etməklə qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onların vəzifəli şəxslərindən izahatlar, arayışlar, şifahi və yazılı məlumatlar almaq hüququ var.
 
Səyyar vergi yoxlamasını keçirən yoxlayıcıları səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə ilkin tanışlıq məqsədi ilə onun barəsində məlumatların əldə edilməsi üçün səyyar vergi yoxlamasının ilkin araşdırmasını həyata keçirmək, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarına (ərazilərinə) (yaşayış sahələri istisna olmaqla) qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada daxil olmaq və baxış keçirmək, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləri və nümunə kimi əşyaları götürmək, əmlakın və pul vəsaitlərinin, xammal və sərvətlərin inventarizasiyasını aparmaq, qanunvericilikdə nəzərdə tutulmuş hallarda, qanunvericiliyin tələblərinə uyğun olaraq bazar qiymətləri barədə məlumat bazasından və mənbəyi bəlli digər məlumatlardan istifadə etməklə vergilərin hesablanması üçün tədbirlər görmək, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınan və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar almaq hüquqlarına da malikdir. Səyyar vergi yoxlamasını keçirən yoxlayıcıları vergi qanunvericiliyinin pozulması ilə bağlı vergi ödəyicilərinə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq edə və ya cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi üçün təkliflər verə, vergi nəzarətini həyata keçirmək məqsədi ilə mütəxəssis, ekspert, tərcüməçi və müşahidəçilərin dəvət edilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tədbirlər görə, vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını tələb edə, üçüncü şəxslərdən əldə edilən və ya digər mənbəyi bəlli olan məlumatlar əsasında vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə onlardan yazılı izahatlar ala bilər.
 
Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Səyyar vergi yoxlaması yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir. Vergi bəyannamələrinin vergi orqanına təqdim edilmə müddəti bitmədiyi halda həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə edilməsi yolverilməzdir. Vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda, yoxlama ilə vergi ödəyicisinin sonuncu hesabat dövrünədək olan fəaliyyəti əhatə edilməlidir.  Səyyar vergi yoxlaması aşağıdakı vergi növlərinə görə Vergi Məcəlləsi ilə müəyyən edilən dövr üzrə fəaliyyət dövrlərini əhatə etməlidir:
 
- mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini; 
 
- digər vergilər üzrə səyyar vergi yoxlamasının keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini;
 
- cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının səyyar vergi yoxlamasının keçirilməsi barədə müvafiq qərarında göstərilən dövr üzrə vergi ödəyicisinin fəaliyyətini.
 
Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərar"ına əsasən səyyar vergi yoxlamasının müddəti 90 günə qədər artırıla bilər. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir.  Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində həyata keçirilməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.