Emil Hüseynli: "Bakı dünyaya siyasi mədəniyyət ixrac edən şəhərə çevrilib"

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. 

Bununla Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

"Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru", "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi", "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər" budəfəki Forumun müzakirə mövzularıdır. Bundan əlavə, "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzusu da ekspertlər tərəfindən müzakirəyə cəlb edilib.

Mötəbər tədbirin rəsmi açılış mərasimində iştirak edən prezident İlham Əliyev Forumun əhəmiyyəti barədə danışaraq qeyd edib ki, builki tədbirdə 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir: "Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyllər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında, əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur".

Bundan başqa, prezident Azərbaycanın keçən əsrin son onilliyində üzləşdiyi problemlər - Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunması, azərbaycanlıların zorla öz doğma yurdlarında didərgin salınması haqda iştirakçılara məlumat verərək, bununla bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra olunmamasını ikili standartlar siyasəti ilə əlaqələndirib: "Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri, - yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər".

Ölkə başçısı vurğulayıb ki, bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf edir: "Biz güclənirik. Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq".

Bakıda keçirilən mötəbər tədbirlə bağlı fikirlərini bildirən "Düşüncə" İctimai Birliyinin sədri, siyasi ekspert  Emil Hüseynli hesab edir ki, Beşinci Bakı Beynəlxalq Humanitar Forumuna olan diqqət, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı bir daha onu göstərir ki, Azərbaycan düşünülmüş, uzaqgörən, proqmatik siyasət yürüdür: "Dünyanı balaca ölkədə yığmaq, "düşünən beyin"lərlə bəşəriyyətdə maraq doğuran qlobal məsələləri müzakirə etmək Azərbaycanın nüfuzunun göstəricisidir. Hər il tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən, dünyanın siyasi, elmi və mədəni elitasını bir araya toplamaq heç də düşünüldüyü qədər asan məsələ deyil. Bu cür təbəqəni bir araya toplaya bilmək üçün dünyada nümunəvi, cəsarətli mövqe tutmaq, böyük nüfuz sahibi olmaq zəruridir".

Ekspert qeyd edib ki, Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin iştirakının özü ciddi göstəricidir, Azərbaycanın etibarlı tərəfdaşa çevrildiyinin bariz nümunəsidir: "Bakı dünyaya siyasi mədəniyyət ixrac edən şəhərə çevrilib. Azərbaycan mental dəyərləri qorumaqla, həm də dünyəvi proseslərdə yaxından iştirak etməkdə maraqlı olduğunu bəyan edir. Bu cür Forumlardan həm Azərbaycan, həm də dünya birliyi qazanır".

Bu gün dünyada yeni münaqişə ocaqlarının yarandığını deyən E.Hüseynli belə bir şəraitdə insan kapitalını qorumağın olduqca çətin olduğunu, nəticə etibarilə sosial partlayışların baş verdiyini bildirib. Onun sözlərinə görə, dünya ölkələri çox yaxşı anlayırlar ki, bu cür problemlərin geniş vüsət alması hər kəsə təsir edəcək: "Necə ki, biz iqtisadi böhranın, Yaxın Şərqdə baş verən olayların dünya ölkələrinin münasibətlərinə necə təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bu cür forumların keçirilməsi olduqca önəmlidir".

QHT sədri söyləyib ki, Azərbaycan üçün daha əhəmiyyətlisi ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Forum vasitəsilə dünya elitasına çatdırmaqdır: "Forum Azərbaycana əlavə bir tribuna verir ki, Ermənistanın işğalçılıq siyasətini müzakirəyə çıxara bilsin. Məhz bu mənada, Azərbaycan prezidenti İlham Əliyevin çıxışındakı istiqamətlərdən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Forumun panel iclaslarında Dağlıq Qarabağa dair çağırışlar edilib, Ermənistanın işğalçılıq siyasəti pislənilib. Azərbaycan, həmçinin forum vasitəsilə bəyan edib ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən, ölkədə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunun üçün ölkəmizdə siyasi-hüquqi şərait yaradılıb".

E.Hüseynli bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev forumun açılış mərasimindəki çıxışında ciddi mesajlar verib: "Ölkə başçısı tərəfindən Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli ölkə olması, bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşaması mesajı verilib. Xoşagəlməz meyllərin üstünlük təşkil edilməsinin qarşısının alınması üçün dünyanın mütərəqqi nümayəndələrinin səylərini daha da sıx birləşdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanın xarici siyasət uğurlarından tutmuş, sosial layihələrin həyata keçirilməsinə qədər görülən işlərin nəticələri barədə qonaqlar məlumatlandırılıb. Dövlət başçısının çıxışından gəldiyimiz qənaət o olub ki, Azərbaycan olduqca qısa zamanda, 25 il ərzində özünü etibarlı tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim edə bilib. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dominant amil olub. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnib. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu, belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilib. Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə dünyaya mesaj verib ki, BMT Təhlükəsizlik Şurasının iştirakçı ölkələri Dağlıq Qarabağ problemi ilə bağlı qəbul edilən qətnamələrin icrası üçün siyasi iradə nümayiş etdirməlidir. Azərbaycan Prezidenti həm də ölkənin Ali Baş Komandanıdır. Dünya liderləri artıq anlamalıdırlar ki, Ali Baş Komandan anti-terror əməliyyatları çərçivəsində ölkənin ərazi bütövlüyünün bərpası üçün hər an göstəriş verə bilər. Ona görə də güc mərkəzləri Dağlıq Qarabağ probleminin həllində siyasi iradə nümayiş etdirməlidirlər".

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, Azərbaycanın Beynəlxalq Humanitar Foruma ev sahibliyi etməsi ölkəmizin dünyada böyük nüfuz qazanmasını, hörmətlə qarşılanmasını bir daha təsdiq edir: "Bunun nəticəsidir ki, son illər ölkəmizdə müxtəlif məzmunlu beynəlxalq tədbirlər həyata keçirilir".

R.Zeyni qeyd edib ki, milliliyin inkişafı ilə bağlı müəyyən proqramlar, konsepsiyalar hazırlansa da, dünyada baş verən mənfi proseslər - dini, irqi zəmində qarşıdurmalar müsbət sonluqla öz həllini tapmır: "Dünyanın üstünü bürüyən qara buludlardan xilas olmağın yolunu birgə mübarizədə, dialoqda görən Azərbaycan dövləti bütün bu problemlərin aradan qaldırılması istiqamətində real fəaliyyət aparmaqdadır. Belə bir tədbirlərdən biri də artıq beşinci dəfə Bakının ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Forumdur. Prezident İlham Əliyev mötəbər tədbirin açılış mərasimində dünyada baş verən münaqişələrdən xilas olmağın yolları haqda danışaraq beynəlxalq ictimaiyyətə vacib mesajlar verib".

R.Zeyni söyləyib ki, Azərbaycan bu Forum vasitəsilə ictimai-siyasi və din xadimləri, eləcə də alimləri bir araya toplayaraq bu, problemlərdən çıxış yollarının axtarılması istiqamətində onların müzakirə aparmaları, maraqlı təkliflər vermələri üçün şərait yaradıb.

Milli QHT Forumunun prezidentinin sözlərinə görə, Azərbaycan 25 ildir ki, müstəqilliyini bərpa etməsinə baxmayaraq artıq mədəniyyət, dialoq, idman mərkəzinə çevrilməklə yanaşı, həm də düşüncə mərkəzinə çevrilib.

R.Zeyni hesab edir ki, müasir dünya praktikasında mövcud olduğu kimi, Azərbaycanda keçirilən bu cür mötəbər tədbirlərin də internet vasitəsilə onlayn yayımlanaraq daha geniş kütləyə çatdırılması aparılan ümumi işin xeyrinə olar.

525.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.