Azərbaycanlı teleaparıcı: "Həkim dedi ki, uşağın olsa, ölərsən..."

Day.Az представляет новость на азербайджанском языке

Day.Az teleaparıcı-aktrisa Zümrüd Qasımovanın qafqazinfo-ya müsahibəsini təqdim edir.

- Gec də olsa təbrik edirik - yeni TV və verilişlə tamaşaçı qarşısına çıxdınız... Xəzər TV ilə niyə yollarınızı ayırdız?

- Çox sağ olun, təşəkkür edirəm. Xəzər TV-də iki sezon çalışdım. Sadəcə olaraq layihəm bitmişdi, ancaq öncədən ARB TV mənə əməkdaşlıq barədə təklif irəli sürmüşdü. Daha əvvəl, yəni iki il ARB-də (keçmiş Region TV) çalışmışam. Məmnuniyyətlə təklifi qəbul etdim. Səhər verilişlərini çox sevirəm. Düşündüm ki, tam mənə uyğun bir verilişdir. Mənim qəribə bir xasiyyətim var. İnsanlarla ünsiyyət qurmağı bacarıram. Verilişdə qonaqlar maraqlı açıqlamaları özləri vermək istəyirlər. Həmçinin, mənim həyatımda yaşantılarım var. Onları gözəl başa düşürəm, onlar da məni bildikləri üçün səmimi söhbət alınır. Suallar da burada böyük rol oynayır.

- Sonuncu dəfə sosial şəbəkədə paylaşdığınız foto müzakirələrə səbəb oldu. Nə səbəbə o şəkli indi paylaşdız?

- Mən 5 il öncə xəstəliyə yoluxdum. 28 yaşında belə bir şeyə düçar olmaq bilirsiz nə deməkdir? Ümid yeri axtarırdım, ilham ala biləcəyim şəxslər tapmaq istəyirdim. Bütün günü internet saytlarında axtarış aparırdım. Bilmək istəyirdim ki, bu xəstəlikdən kimlər əziyyət çəkib, nə açıqlamalar veriblər və s. Onların neçə il yaşadıqlarını bilmək istəyirdim. O dövrdə Türkiyədə "Adını Feriha koydum" serialı yayımlanırdı. Baş qəhrəmanlardan biri xərçəngə tutuldu, mən onun cəsarətinin şahidi oldum. O keçəl halda efirlərə çıxdı, bu xəstəlikdən əziyyət çəkənlərə müraciət etdi, dəstək oldu. İllər keçdi, mən də mətbuata bu haqda açıqlamalar verməyə başladım.

Heç vaxt xəstəliyimi gizlətmədim. İnsanların beynində belə bir deyim formalaşıb: "Bu haqda danışmaq olmaz, ayıbdır, gizlətmək lazımdır". Məndə belə bir şey olmayıb. Düşünmüşəm ki, mənim başıma gələn, digərlərinin də başına gələ bilər. İnsanlara dəstək olmaz lazımdır. Hicran Nəsirova, Xuraman Qasımova kimi sənətçilərdə belə bir xəstəlik var. Onlara baxırdım, həyatın davam etdiyini düşünürdüm. Oktyabrın 2-si Ümumdünya süd vəzi xərçəngi ilə müdafiə günüdür. Həmin günü veriliş etmək, xəstəlikdən əziyyət çəkən sənətçilər dəvət etmək istədik, alınmadı. Düşünürdüm ki, o gün həyatımda elə-belə keçməli deyil.

Əvvəlcə həyat yoldaşıma dedim ki, elə bir foto paylaşmaq istəyirəm. Əslində, o anda çəkilən bütün fotoları pozmuşdum. Bir neçə foto isə həyat yoldaşımda qalmışdı. Ondan xahiş etdim ki, mənə göndərsin.Dedi ki, nəyinə gərək? Lazım deyil. Mən də cavab verdim ki, mən subay qadın olsaydım bunu etməyə cəsarətim olmazdı. Fikirləşərdim ki, yenidən ailə həyatı quracam və s. Bildiyimə görə, məni dəlicəsinə sevən bir həyat yoldaşım var. Məni hər bir halda qəbul edib, dəstək olub. Mənə çox qadınlar müraciət etdi, mən də istəmirəm onlar pis olsunlar. Xanımlar deyir ki, biz sizin reportajlarınıza qulaq asıb ilhamlanırıq.

Düşündüm ki, həmin fotonu paylaşım, xəstəlikdən əziyyət çəkənlər ruhlansınlar. Həddindən artıq şərhlər bildirildi. Hər kəs ona yaxın olan şəxsin belə xəstəlikdən əziyyət çəkdiyini bildirdi. Şükürlər olsun ki, sağalmışam... Foto paylaşanda qəribə bir şey hiss etdim. Mənim sinə hissəmdən boyun nahiyəmə kimi isti gedir, dayanmır. Daha sonra anladım ki, neçə min nəfər bu fotonu görüb, müzakirə edir. Həmin insanların enerjisi idi, bir neçə gündür ki, özümü yaxşı hiss etmirəm. Hiss edirəm ki, hamı məndən danışır. Anam deyir ki, niyə o fotonu paylaşdın? İnsanlar soruşur ki, yenə xəstəliyə düçar olub?

- Analığınızdan da məhrum olduz...

- Ana olmaqdan əl çəkdim ki, mən yaşayım. Düşünürdüm ki, belə bir qərar verə bilməzdim. Amma məşhur bir qadının həyatı mənə örnək oldu. Janna Firiske xəstəlikdən dünyasını dəyişməsəydi, mən ana olacaqdım. Amma onun həyatını gördüm, riskə gedib övlad dünyaya gətirdi. Ancaq öləndən sonra uşaq üstündə davalar oldu. Boşu-boşuna belə bir addım atdı. Oğlu böyüyəcək, əri də evlənəcək. Mən anladım ki, dəyməz. Düşünürəm ki, iki övlad götürüb saxlayım. Vaxtı gələndə ona da hər şeyi danışacam. İndi evimlə bağlı məsələləri həll edim, daha sonra belə addım atacam. Həyat yoldaşım deyir ki, sən mənim uşağımsan. Hərdən də söyləyir ki, təsəvvür et mən sənin övladınam. Mənimlə oyna, məni danla... Cavab verirəm ki, səni başa düşürəm, ancaq hər şey belə olmur. Elə bilməyin ki, həmişə indiki kimi gülürəm. Mənim çətin vaxtlarım olub.

Özümü heç vaxt öldürmək istəməmişəm. Sadəcə olaraq hava almaq, dəniz kənarında bir az gəzmək istəmişəm. Kimya terapiya zülmlü bir şeydir. Bu dünyada cəhənnəmdir. Şüa müalicəsinə gedirsən, görürsən ki, dərin yanır. Uzun müddət sol hissəm qara idi. Xüsusi xətlər çəkirdilər, duş qəbul edə bilmirsən ki, çəkilən xətlər yox olacaq. Mən 21 gün cəhənnəmi bu dünyada gördüm. İndi kim nə deyirsə, vecimə almıram. Allahın mənə verdiyi ömürdü, istədiyim kimi yaşayıram. Olan axırıncı pulumu belə xərcləyirəm. Mən pul yığmaq, ev almaq, maşını dəyişmək kimi fikrə düşmürəm. İnsanlar var ki, illərlə pul yığırlar, ancaq bir gün dünyadan köçüb gedirlər. Ancaq həyatımı doya-doya yaşamaq istəyirəm. Mənim üçün ən əsas odur ki, insanların sevgisini qazanmışam.

- Radikal bir qərar vermisiz, həyat yoldaşınız qərarınıza münasibəti necə oldu? O da bir daha ata olmayacaqdı, reaksiyası necə oldu?

- 5 il əvvəl həkimlər mənə demişdi ki, uşaq dünyaya gətirmək olmaz. Buna baxmayaraq 5 ildir ki, mən səbir edirdim. Allah mənə gözləmədiyim bir anda hamiləlik nəsib etdi. Fikirləşdim ki, uşağı dünyaya gətirdim, sonra? Həyat yoldaşım da dedi ki, mənim üçün sən vacibsən. Sənsiz uşağı nə edəcəm? Dedim ki, düzdü, amma xeyir ola? Mən öləcəm, sən də ikinci dəfə ailə həyatı quracaqsan? (gülür). Elə şey olmayacaq, ölsəm də səni özümlə aparacam. Radikal bir qərar idi. Mən övlad dünyaya gətirə bilərdim, ancaq mənsiz o bu dünyada nə edəcəkdi? Bir gün həyat yoldaşıma dedim ki, mən sabah əməliyyata gedirəm, həkimlə danışmışam.

Bakıda əməliyyat olundum. Düşünürdüm ki, bunu heç kəs bilməyəcək, heç kəsə də əməliyyat barədə məlumat vermədim. Bircə həyat yoldaşımın xəbəri oldu. Əməliyyat olandan sonra anam hardansa öyrəndi, mənə zəng vurdu. Ondan sonra söylədim ki, siz bildizsə, qoyun, hamı bilsin. Sosial şəbəkədə paylaşım etdim. Hər kəsə izat etmək məni yorur. İnsanların mənə yazıq kimi baxmasını istəmirəm. Canım sağ olsun, dahilər var ki, ana ola bilməyiblər. Bu mənim qismətimdir.

- Siz ilk dəfə Azərbaycanda əməliyyat olunduz?

- Yox, Türkiyənin Ankara şəhərində əməliyyat olmuşam, müalicə almışam. Əməliyyat zamanı həyat yoldaşım yanımda idi. Kimya terapiyanı isə Bakıda aldım. Daha sonra şüa müalicəsi üçün Ankaraya getdim, 2 aya yaxın orada qaldım. 5 ilə yaxındır ki, müalicə alıram. Ancaq belə deyirlər ki, beş il sonra bu xəstəlik insanda yoxa çıxır. Demək olar ki, mən artıq xilas olmuşam.

- Əlbəttə, müalicə almaq üçün böyük məbləğdə maliyyə tələb olunur. Pul problemi olmadı?

- Pul hər zaman problemdir (gülür). Mən xəstələnən zaman cibimdə cəmi 1000 AZN pul var idi. O ərəfədə həyat yoldaşımla problemlərimiz var idi, ayrılmaq istəyirdik. Anama da ayrılmağım barədə məlumat verməmişdim, rəfiqəmgildə qalıram. Rəfiqəmin anasına yaramı göstərdim, dedi ki, nə danışırsan? Sən döşsüz qala bilərsən. 20 gündür ki, yoldaşımla danışmırdım. Allah böyükdür, mən tək xəstəxanaya getdim. Nəticələrə baxdım, gördüm ki, 99 faiz bədxassəli şiş yazılıb. Təsəvvürümə belə gətirməzdim. Rəfiqəmgilə gəldim, 20 gündən sonra həyat yoldaşım zəng vurdu. Dedi ki, sənin üçün hər şey edəcəm. Səhəri günü pul gətirdi, biletimi aldı, 5 minə yaxın pul idi. Türkiyədəki klinikaya yola düşdüm.

Təsəvvür edin ki, mənə müxtəlif müalicələr edəcəyimi deyirlər. Mən də lazım olacaq məbləğin miqdarını soruşuram. Düşünürsən ki, mən o qədər pulum yoxdu, nə edim? O zaman qürur kənara atılır, həyat yoldaşıma zəng vurdum, hər şeyin yaxşı olacağını söylədi. Səhəri günü dedi ki, gedək gəzək, sən nə istəyirsənsə, alım. Mənə qızıl boyunbağı aldı (gülür). Mənim yoldaşım imkanlı şəxs deyil, biz sadə ailəyik, məmurdur. Mənə görə, çox şeylər edib. Şükürlər olsun, ev, maşım alacaq qədər pul deyildi. Heç kəsə ağız açmadıq. Anamı da tənbeh etmişdim. Heç kəsdən pul götürmək istəmirdim, ehtiyac olmadı.

- Həyat yoldaşınız müsahibə zamanı ən azı 4 dəfə zəng vurub. Deyəsən, çox qısqancdır.

- Hər bir xanım diqqət mərkəzində olmaq istəyir. Amma qədərində olan qısqanclıq... Onun sevgisi və qısqanclığı məni yaşadır. O məni çox qısqanmır. Qısqanan insan məni işləməyə qoymaz, deyər ki, evə otur. Mən teatrda, TV-də çalışıram. Həyat yoldaşım deyir ki, istəyirsənsə, toya da get. O söyləyir ki, səni səhnədə görməkdən xoşum gəlir. Bunları mənə qısqanmır. Həyat yoldaşım məni itirməkdən qorxur, deyir ki, bir gün məni qoyub gedərsən, səni məndən çox sevən bir insan qarşına çıxa bilər. Bircə buna qısqanır. Hər dəfə belə şeylərə görə, zəng vurur.

- Neçə ildir ki, ailə qurmusuz?

- Oktyabrın 18-i 8 illiyimiz olacaq. Hər il bu vaxtı xüsusi qeyd edirik. O gün Yuğ Teatrının yaranma günü, ustadım Vaqif İbrahimoğlu və mənim tanışlıq günümdür. Düşünürəm ki, mənə maraqlı bir hədiyyə alacaq. Ancaq 8 ildir onu tanıyıram, 5 ildir ki, evliyik. Dəlicəsinə bir tanışlıq olmuşdu, 8 ay arxasıyla sürünmüşəm. Mən onu gördüm, dedim ki, o, mənim həyat yoldaşım olacaq. Təbiətcə çox ağır insandır, ona hər gün yazırdım ki, "səni sevirəm". O vaxtlar ANS TV-də "Gecə yarı" verilişini aparırdım. Hamının məndən xoşu gələn vaxtı onu seçmişdim. Gündə 50 SMS yazırdım, min bəhanələr uydurub söz soruşurdum. Görürdüm ki, soyuqqanlıdır. 8 aydan sonra o məni 8 ildir ki, sevir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.