"Biz əraziyə gələndə polis idarəsinin qarşısında aksiya keçirirdilər"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, prosesdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Ramil Ələkbərov ifadəsində deyib ki, ötən il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən aksiyada olub: "Biz həmin əraziyə gələndə, bir qrup şəxslər Sabunçu Rayon Polis İdarəsinin qarşısında aksiya keçiridilər. Onlar "Müsəlman Birliyi Hərəkatı" adlanan təşkilatın sədr müavini Elçin Qasımovun azadlığa çıxmasını istəyirdilər. Orada xəsarət almamışam. Yalnız qandalımı itirmişəm".

Sonra hazırda həbsdə olan şahid Anar Əliyev dindirilib. O, hadisə zamanı polis idarəsinin qarşısında olduğunu deyib.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.