Nuriyyə Əhmədovanın həyat yoldaşı göz yaşı tökdü: "Mən hələ də onu sevirəm"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün xalq artisti Nuriyyə Əhmədovanın ölümündən 1 il ötür. Yaşadığı həyatda bütün faciələrə sinə gələn aktrisa təkcə ölümün qarşısında acız qaldı. Xalqın göz yaşları içərisində son mənzilə yola salınan xalq artistinin halına uşaqdan-böyüyə hamı acıdı. Xalqın bütün nümayəndəsi öz aktrisasını yola salmaq üçün axışıb gəlmişdi. Day.Az bildirir ki, son müsahibəsini məhz Milli.Az saytına verən aktrisa ürək dağlayan açıqlamalar etmişdi. Bugünkü gündə o müsahibəni yenidən sizlərə təqdim etməyi bir borc bildik. Allah sizə rəhmət etsin üzü nurlu, amma bəxti, taleyi nurlu olmayan sənətkar!

"Sevinmişdim ki, oğlum yaşayır"

İstər yaşlı, istərsə də cavan nəsil onu çox gözəl tanıyır... Ailəsində rastlaşdığı faciələr və çətinliklər içərisində olsa belə, o, bu gün də pis-yaxşı yaşayır. İnsanlara gülüş bəxş edən, öz səmimiyyəti və mehribanlığı ilə seçilən bu qadın, sən demə, rollarını dağ boyda dərdini yaşayaraq yaradıb. Lakin bu hadisələr onu həyatdan küsdürə, bədbinləşdirə bilməyib. Məişət qayğıları, problemləri onu bir anda olsun tərk etmir. Onun üçün amplua deyilən bir çərçivə yoxdur. Amma tamaşaçılar onu daha çox komik obrazlar vasitəsilə seviblər. Müsahibim bədbin həyat içərisində öz nikbinliyi ilə seçilən xalq artisti Nuriyyə Əhmədovadır...

- Nuriyyə xanım, necəsiniz? Həyatınız necə davam edir?

- Çox sağ olun oğlum. Hələ ki, yaşayıram. Yaxşı olmağa çalışıram. Düzdür, hava ilə əlaqədar olaraq səhhətimdə də dəyişikliklər olur. Bəzən yaxşı oluram, bəzən də halım dəyişir. Dava-dərmanla birtəhər özümü saxlayıram. Mən siz jurnalistlərə, məni sevənlərə, sənət yoldaşlarıma təşəkkürümü bildirirəm. Ona görə ki, məni heç biriniz yadınızdan çıxarmırsınız... Elə bir gün yoxdur ki, telefonuma zəng gəlməsin. Təbii ki, bu cür hallar məni çox sevindirir.

- Nuriyyə xanım, şahidi olduğum bir hadisəni sizin yadınıza salacağam... Bir il əvvəl Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində "Nabat" filminə baxarkən ağladığınızı görmüşdüm... O zaman məni təəccübləndirən hal nəhəng komediya aktrisasının göz yaşı tökməsi idi...

- Bəli, yadımdadır. Mən bu filmə baxaraq öz taleyimə ağlayırdım. Çünki mən həyatda çox faciələr görmüşəm. Həyat bəzən üzümə gülüb, bəzən əksinə. Sözün düzünü deyəcəyəm, artıq həyatdan doymuşam. Yaşamağa həvəs və taqətim qalmayıb. Nə vaxta kimi rəfiqələrimin evində məskunlaşmaq olar? Köçkün vəziyyətində yaşayıram. Mən istəmərəm ki, öləndə kiminsə evindən meyitimi çıxarsınlar. Bax bu hal məni yandırır. Mən villa, imarət istəmirəm. Sadəcə, məskunlaşmağım üçün 1 otaqlı mənzil istəyirəm. Bəzən çox ağrıyıram, hər şeydən bezirəm. Mən axı dünyaya dərd çəkmək üçün gəlməmişəm... (kövrəlir). Yolda hərdən məni görüb soruşular ki, Nuriyyə xanım sizə hələ də ev verilməyib? Deyirəm xeyr, evim yoxdur. Ümid edirəm ki, bu problemim həllini tapacaq. Gec-tez. Amma nə vaxt? Bax bunu bilmirəm. Ev üçün bir çox yerlərə məktub yazıb müraciət də etmişəm. İnanıram ki, müraciətlərim cavabsız qalmayacaq.

- Nuriyyə xanım 46 ildir sənətdəsiniz... Sizin nəsil bir qrup sənətkarlar var ki, bu gün diqqətdən kənarda qalıb. Buna səbəb nədir?

- Oğlum, hal-hazırda keçid dövrüdür. Çünki 21-ci əsrdə yaşayırıq. Bizdən əvvəlki sənətkarlar sənəti bizə ötürüb getdilər, indi isə gərək biz də sənəti kimlərəsə təhvil verək. Əlbəttə ki, gənclərin içində istedadlı olanları da var. Bunu danmaq olmaz. Amma heç vaxt keçmişi yaddan çıxartmaq olmaz. Necə ki, biz keçmişimizi yaşadırıq, istərdim ki, bizdən sonra gələn sənətçilər də bu ənənəni davam etdirsinlər. Çünki mən özümü bu sənətə qurban vermişəm. Mən sənətə Nuriyyə xanım kimi gəlmişəm, Nuriyyə xanım kimi də gedəcəyəm.

- Həyat sizi 2 ağır itki ilə üz-üzə qoydu... Bunlardan sonra necə duruş gətirdiniz? Təsəlliniz nə oldu?   

- Başqalarının sevincinə şərik olub, kədərinə kədərlənmişəm. Təbii ki, insan həyatda bütün hadisələrə hazır olmalıdır. Ana üçün övlad itkisindən böyük nə ola bilər? O dərd heç bir zaman unudulmayacaq... Qızımı itirəndən sonra həyatımda böyük bir boşluq yaranmışdı... Sevinmişdim ki, oğlum yaşayır... Onlar həmişə yadıma düşür... Elə bir gün yoxdur ki, onları yadıma salıb ağlamayım. Yeganə yaşama səbəbim kiçik oğlum Faiq və sənətimdir... Allah onu mənə çox görməsin. O, çox istedadlı uşaqdır, həm rəqs edir, həm aktyorluğu bacarır, həm də gözəl ssenarilər yazır. Əgər aktyorluq onda yaxşı alınacaqsa, mən bir ana kimi ona yalnız dəstək olacağam. Həyatda çətin vaxtlarda yeganə çıxış yolunu ancaq sənətimdə görmüşəm. Məni yaşadan sənətim olub. Ən kədərli günlərimdə belə rollarım məni ovudub. Bir də dostlarım... Yaxşı, həqiqi dost hər kəsə nəsib olmur. Əlimi yerdən-göydən üzülmüş hesab etdiyim günlərimdə dostlarımın dəstəyi fikrimi dağıdıb, məni həyata bağlayıb...

- İnsan taleyi bəzən təkrarlanır...

- Oğlumun taleyi də mənim taleyimə bənzəyirdi... Uşaqları oldu - öldü. Oğul nənəsi olmaq mənə qismət olmadı. Gəlinim isə bu cür ailəyə dözməyib getdi. Gəlinimə qızım kimi baxırdım. O bəxtinə yazılan həyatdan xəbərsiz idi.. Hərçənd oğlum ailə sevən idi. Gərək ailənin də təməli olsun. Allah ona bir ailəni də çox gördü.

- Nuriyyə xanım fikirləşirsinizmi ki, nə vaxtsa etdiyiniz səhvə görə bu gün Allah sizi cəzalandırır?

- Həyatda səhvsiz insan yoxdur. Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Qızımı itirəndən sonra özümü itirdim (kövrəlir). Yəqin hardasa səhvim olub. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam son nəfəsinə kimi aktrisa olmağıma görə məni bağışlamadı. Aktrisa olduğum üçün o vaxtı qohumlarımın çoxusu məndən üz döndərdilər. Mən, əslində, müğənni olmaq istəyirdim. Amma müğənni olmaq da mənə qismət olmadı.

- Bəlkə də, müğənni olsaydınız, bugünkü maddi dolanışığınız yaxşı olardı...

- Maşallah, indi o qədər müğənni var ki. Gündə biri efirdə görünür. Bu suala cavab verə bilmərəm. Artıq yorulmuşam. İnsan həyatda istədiyinə nail olmayanda ölmək istəyir.

- Elə bir obrazınız varmı ki, öz taleyinizi oynamısınız?

- Hər rolumda bir az da olsa, özüm varam. Aktrisa hər rolunda öz mənini göstərməlidir. Bunsuz ola bilməz. Amma təkrar olmamaq şərtilə. Mənə bu gün şəkili qadın obrazı versələr, çəkilmərəm. Çünki mənim yaradıcılığımda bu obraz artıq var. Mən oynamamışam, yaşamışam. Oynamaq anlamı mənə yaddır. "Sahilsiz gecə" filmində əxlaqsız erməni qadını rolunda çəkilmişəm. O vaxtı qonşuluğumuzdakı qadın mənə müharibə zamanında olan əxlaqsız bir xanımın həyatından danışmışdı. Bu rolu oynayanda mən onun dediklərini yadıma salıb oynayırdım. İndi artıq o yaşımdır ki, yalnız faciəvi rollar oynamaq istəyirəm. Amma buna baxmayaraq bu faciədən də bir gülüş doğur. Mənim həyatım elə bir filmdir... İmkanım olsa, öz həyatımdan kitab yazıb, film çəkərdim...

- Nuriyyə xanım sənətdə olan qadınlarla bağlı bəzən şayiələr yayılır. Bu cür şayiələri yaradan səbəblər hansılardır?

- Qadınlar haqqında artıq-əskik danışan insanlara nifrət edirəm. Hər bir qadının namusu kişidən aslıdır. Qadın zərif məxluqdur. Mən Azərbaycan qadını kimi sədaqətli, ailəcanlı qadın görməmişəm. Qadın olmaq həyatda ən çətin roldur. Təbii ki, istəməzdim qadın sənətçilərimiz haqqında bu cür şayiələr yayılsın. Allah hamını təmiz yaradıb. Pisi də, yaxşını da insanlar edir.

- Tamaşaçılar sizin üçün çox darıxıb... Sizin nə vaxt verilişlərdə və yeni filmlərdə görəcəyik?

- Tamaşaçıların mənim üçün darıxdıqlarını bilirəm. Xəbərim var.. Bəzən yolda görüb, məni saatlarla saxladıb söhbət edirlər. Çox xoş oluram, yaşamaq-yaratmaq eşqim aşıb-daşır. Amma oğlumun ili çıxmamış nə filmlərdə çəkiləcəyəm, nədə ki, verilişlərə çıxacağam. Sentyabr ayından sonra, sağlıq olsun, gələn dəvətləri qəbul edib, dəyərləndirəcəyəm. Məni həmişə yada saldığınız üçün sizin kollektivə təşəkkürümü bildirirəm.

P.S. Aktrisanın ölümündən sonra həyat yoldaşı Xanlar İbadov da Milli.Az-a acı etiraflar etmişdi:

- Xanlar bəy, Nuriyyə xanımla tanışlığınızı xatırlayırsınızmı?

- Tanışlığımızın 99 faizi mənim yadımdadır. Mən ixtisasca musiqiçiyəm, Asəf Zeynallı adına musiqi məktəbini bitirmişəm. Bir dostum var idi, dedi ki, gəl gedək Musiqili Teatra. Amma mən aktyor olmaq istəmirdim. Musiqili Teatra gələndə mən Nuriyyə xanımı gördüm. Tanışlığımız da elə buradan başladı. Mən onunla tanış olanda o hələ universitetdə oxuyurdu. 1972-ci ilin dekabr ayı idi. Orada tanış olub bir-birimizi sevmişik. Mən hələ də Nuriyyəni sevirəm (ağlayır).

- Nuriyyə xanımın ailəsi aktrisa olmasına qarşı çıxmışdı. Bəs onun musiqiçi ilə ailə qurmasına necə razılıq verdilər?

- Bəli, ailəsi, ələlxüsus da anası onun aktrisa olmasını istəmirdi. Amma nə mənim, nə də ki, onun ailəsi bizim birləşməyimizə mane oldu. Mənim ailəmdə rəssam, aktrisa, müğənni də vardı. Mənim atamın yaxşı səsi var idi. Bacım isə tanınmış xalq artisti Əminə Yusifqızıdır. Məni böyük qardaşım tərbiyələndirib. Bizim ailənin çox yaxşı günləri olub. Mən sənətimi Moskvada davam etdirmək istəyirdim. Amma ailəmə görə oraya getmədim. Övladlarımın onda 2-3 yaşları vardı.

- Xoşbəxt yaşayırdınız, yoxsa bədbəxtlik sizi elə yenicə ailə qurarkən yaxalamışdı?

- Həddindən artıq xoşbəxt idik. Bütün çəkilişlərdə mən Nuriyyənin yanında olurdum. Onu bir saat da olsun, tək buraxmırdım. Qızım İlahəni çox istəyirdim. Allah heç kimə övlad itkisi göstərməsin. İlahə həmişə Nuriyyəyə deyirdi ki, mama, mən papanı səndən də çox istəyirəm. Mən ailəmi ona görə də incəsənətə dəyişmədim.

- Moskvaya getmək istədiyinizi ona bildirəndə münasibəti necə oldu?

- O məni itirməkdən çox qorxurdu. Çünki o vaxt Moskvaya iş dalınca gedənlər orada ailə həyatı qurub yaşayırdılar. Bəzən zarafatca deyirdi ki, "uşaqlar, istəyirsinizmi atanız sizi qoyub "Ursiyetə" getsin?"

- Nuriyyə xanım qızınız İlahənin ölümündən sonra həyatdan küsmüşdü. Necə onu bu çətin vəziyyətdən çıxardınız?

- Bəli, o, həyata tamam küsmüşdü. Elə bir vəziyyətdə idi ki, ona psixoloq lazım idi. İlahənin itkisindən sonra o, üç gün danışmadı. O danışanda artıq mən danışmırdım. Qorxmaz Əlili onun üçün həkim gətirmişdi. Qorxmazın, Nahidə xanımın etdiyi yaxşılıqlar heç vaxt yadımdan çıxmaz. Nuriyyəni depressiyadan mən çıxardım. Xəstə vaxtında onu qucağımda gəzdirirdim. Əllərindən öpürdüm. Sonradan isə filmə çəkilərkən başı qarışdı. Amma bir saniyə də olsun İlahəni yaddan çıxarmırdı (ağlayır).

- İlahənin itkisinə görə özünü günahkar bilirdi?

- Mən bunu deyə bilmərəm. Çünki heç vaxt bu sualı ona verməmişəm. Qəlbinə dəymirdim. Yarasını müvəqqəti də olsa unutdurmuşdum. Əsəbi olmuşdu, o qışqıranda mən çölə çıxırdım. Bir həyat yoldaşı kimi onu mən başa düşürdüm. Kənardan heç kim başa düşmürdü.

- Artıq Nuriyyə xanıma oğlunun itkisi ilə ikinci zərbə vuruldu.

- (Ağlayır). Mən oğlum Əlinin itkisində özümü təqsirli sayıram. Çünki sağlığında onun yanında ola bilmədim.

- Niyə sağlığında yanında olmadınız?

- Mənim səhhətim çox pis idi. Sol ayağım şişmişdi, kəsilməli idi. Oğlumun ölümündən heç xəbərim yox idi.

- Hər kəs Nuriyyə xanımdan ayrıldığınızı deyirdi.

- Xeyr, biz ayrılmamışdıq. Sadəcə qərara gəldik ki, bir müddət ayrı yaşayaq. Çünki Nuriyyə psixoloji sarsıntı keçirmişdi. İki övlad itkisinə axı hansı ana dözər? Ayrı yaşasaq da, ruhumuz bir yerdəydi. Nuriyyə rəhmətə gedəndən sonra bacısı dedi ki, Xanlar, səni istəyirdi. Mən də ölümündən bir gün əvvəl onu yuxuda görmüşdüm, amma nə qədər edirdim, yuxunu yadıma sala bilmirdim. Amma Nuriyyənin xəstə olduğunu mənə heç kim deməmişdi. Ayaqlarım sınsa da, mən qaça-qaça gələrdim. Mən onu hələ də dünyalar qədər sevirəm. Ayrı yaşamağa qərar verəndə mənə dedi ki, keçəcəksən o yollardan, məni görüb ağlayacaqsan. Ayrı yaşayanda cəmi bir dəfə danışmışdıq. O da təsadüfən. Faiqə zəng edəndə Nuriyyə götürdü. Özünəməxsus səs tonu ilə cavab verdi ki, "Buyurun, Nuriyyə xanım sizi eşidir". Axı o zarafatı çox sevirdi. Nuriyyə Faiqlə nəfəs alırdı. Ona görə də onu Faiqlə təkbaşına buraxıb getmişdim.

- Ondan ayrı yaşadığınıza görə çox peşmansınız?

- Bəli, çox peşmanam.

- Yaşasaydı, ona hansı sualı verərdiniz?

- Mən onu qucaqlayıb, əllərindən öpərdim. Həmişə əllərindən öpürdüm. Bu onun çox xoşuna gəlirdi. Mən onun ölüsünü də sevirəm (ağlayır).

- Nuriyyə xanımdan sonra evlənmək istədiniz?

- Xeyr, nə danışırsız? Mən Nuriyyədən başqasına o sevgini verə bilməzdim. Çünki onunla nəfəs alırdım.

- Hal-hazırda kimlə yaşayırsız?

- Ata mülkümdə qardaşlarım və kiçik oğlum Faiqlə birlikdə yaşayıram.

- Qəbir üstünə tez-tez gedirsiz?

- Bəli, dəfn edilən gündən bugünkü günə qədər mən onu tək buraxmıram. Qaranlıqda da qəbristanlıqdan qorxmuram. Həmişə Allaha yalvarırdım ki, məni ondan əvvəl yanına apar. Bir arzum var idi ki, onun yubileyində oxuyum. Bəzən yaşını gizlədirdi. Deyirdim ki, 3 yaş məndən kiçiksən. Niyə özünü böyüdürsən? O saat qəhqəhə ilə gülməyə başlayırdı.

- Hansı mahnını çox sevirdi?

- "Sevgili canan"ı, "Sənsiz"i (zümzümə edir). Bu gün artıq bu mahnıları oxumağımın da bir mənası yoxdur.

- Dolanışığınız necədir?

- Hal-hazırda təqaüd ilə dolanıram. Üstəlik bacım da mənə köməklik edir.

- Nədənsə bacınız Əminə Yusifqızını heç məclisdə görmədik.

- O özü də Nuriyyənin ölümünə çox pis oldu. Ayaqları tutulub deyə gələ bilmir. Amma oğlum Əlinin məclisinə gəlmişdi.

- İndi bütün arzularınız, yəqin ki, Faiqlə bağlıdır. Onu hansı sənətin sahibi kimi görmək istərdiniz?

- Çox istərdim ki, aktyor olub, Nuriyyənin sənətini davam etdirsin. Bəzən mənə deyirlər ki, Xanlar, indi özün üçün yaşa. İnanın, bu mənə çox pis təsir edir. Çünki mən heç vaxt özüm üçün yaşamamışam. İndi isə Faiqə görə yaşayıram. Faiqi tez evləndirmək istəyirəm. Qızı olsa, Nuriyyənin adını onun övladına verəcəyəm.

ALLAH RƏHMƏT ELƏSİN!

Əli Rəhimoğlu

Videoları izləmək üçün şəkillərə klikləyin:

NURİYYƏ ƏHMƏDOVA - SÜKUT POZUNTUSU FİLMİNDƏN FRAQMENT

Xalq artisti Nuriyyə Əhmədova Həm ziyarət həm ticarət filmindən fraqment