Həbsdə olan sabiq nazir Bakıya köçürülmək üçün müraciət etdi

Day.Az представляет новость на азербайджанском языке

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsindən Bakıdakı 1 saylı İstintaq Təcridxanasına köçürülmək istəyir.

Day.Az bildirir ki, bu barədə Trend-ə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, o, V.Ələsgərovun 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün aidiyyəti qurumlara müraciət edib: "Qanunvericiliyin tələblərinə görə, Vəli Ələsgərov Bakı İstintaq Təcridxanasına köçürülə bilər. Bunun üçün biz Ədliyyə Nazirliyinə, Naxçıvan Penitensiar Xidmətinə və digər aidiyyəti qurumlara müraciət etmişik. Lakin Naxçıvan Penitensiar Xidməti Vəli Ələsgərovun Bakıya köçürülməsini məqsədəuyğun hesab etməyib. Səbəb kimi göstəriblər ki, Vəli Ələsgərovun qohumları Naxçıvan Muxtar Respublikasında yaşayırlar".

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Hökmdən apelyasiya şikayəti verilsə də, Naxçıvan Ali Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.