Nazir İsveçrə şirkətlərini Azərbaycana dəvət etdi

Day.Az представляет новость на азербайджанском языке

Day.Az XİN-dən verilən məlumata görə, İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal Assambleyasının yuxarı palatası olan Kantonlar Şurasının Sədri Rafael Kont ilə görüşüb.

Nazir Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə etdi və iki ölkənin parlamentləri arasında mövcud olan əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayan nazir parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir həmsöhbətini münaqişənin həlli ilə bağlı hazırkı durum barədə məlumatlandırdı. O, Azərbaycanın mövqeyini bir daha təkrarladı və qeyd etdi ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nın məlum qətnamələrinə uyğun həll edilməlidir.

Daha sonra iqtisadi sahədə əlaqələrə toxunan Elmar Məmmədayrov 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnuniyyətlə qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğuna diqqəti cəlb etdi. O, Azərbaycanda köklü iqtisadi islahatların aparıldığını və sərmayə qoyuluşu üçün cəlbedici imkanların olduğunu qeyd edərək, İsveçrə şirkətlərini daha da fəal şəkildə Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşuna dəvət etdi. Nazir Azərbaycanda mühüm nəqliyyat infrastruktur layihələrinin həyata keçirildiyini və İsveçrə şirkətlərinin də buna maraq göstərəcəyinə inandığını bildirdi. Bu xüsusda, "Ştadler Reyl" şirkəti ilə Azərbaycan Dəmir Yolları QSC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov federal müşavir Didye Burkhalter ilə "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" saziş imzaladığını qeyd edərək, bunun ölkələrimiz arasında insanlararası təmasların artmasına ciddi təkan verəcəyinə əminliyini ifadə etdi.

Görüş əsnasında həmçinin beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olundu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.