Azərbaycan "qara siyahı"da deyil

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın adının Ümumdünya Antidopinq Agentliyinin (VADA) "qara siyahı"sında olması haqqında informasiyalar yanlışdır. VADA-dan nazirliyə irad və ya hansısa məsələ ilə bağlı xəbərdarlıq gəlməyib.

Day.Az bildirir ki, bunu azvision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, Ümumdünya Antidopinq Agentliyinin rəhbəri Azərbaycanla bağlı hər hansı problemin olmadığını qeyd edib. "2007-ci ildən Gənclər və İdman Nazirliyində dopinqə qarşı mübarizə sektoru fəaliyyət göstərir. Sektorun fəaliyyəti ərzində müxtəlif konvensiyalara qoşulmuşuq və MDB ölkələri arasında Antidopinq Konvensiyasına qoşulan ilk ölkələrdən biriyik. Yanlış informasiyanın nə səbəbdən qaynaqlandığını bilmirəm. Lakin cavab olaraq bildirməliyəm ki, bu illər ərzində bizə Ümumdünya Antidopinq Agnetliyi tərəfindən irad və yaxud hansısa bir problemlə bağlı xəbərdarlıq gəlməyib. Biz onlarla əməkdaşlığımızı davam edirik. Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş dərmanlarla bağlı xüsusi siyahısı var. Orada 7 mindən artıq dərmanın adı qeyd edilib. Siyahı bizdə də var və federasiyalar, digər qurumlar bu siyahı üzrə işləyir".

S.Məmmədova bildirib ki, Ümumdünya Antidopinq Agentliyinin xüsusi şərtləri və qanunları var. Bu qanunlardan biri də hər bir ölkənin Milli Məclisində antidopinqlə bağlı qanunun qəbul olunması və bu qanundan irəli gələrək Milli Antidopinq Agentliyinin yaranmasıdır.

"Milli Məclisdə qərarla bağlı prosedurlar öz işinə başlayıb və bu prosedurların əsasında 8 fəsildən, 42 maddədən ibarət qanun işlənilib. Qanunun ilkin versiyası Ümumdünya Antidopinq Agentliyinə göndərilib, qanuna müəyyən əlavə və dəyişiklər edilib , bizə göndərilib. Qanunun son versiyası hazırdır və qısa müddətə çalışacağıq ki, qanunu Ümumdünya Antidopinq Agentliyinə təqdim edək. Qanundan irəli gələrək Milli Antidopinq Agentliyinin yaranması nəzərdə tutulub".

Nazirliyin sözçüsü qeyd edib ki, Milli Antidopinq Agentliyinin Gənclər və İdman Nazirliyinin daxilindəki dopinqə qarşı mübarizə sektoru ilə əməkdaşlığı olmayacaq. "Nazirliyin daxilindəki sektor dövlət tərəfindən yaradılmış və birbaşa idmançıların dopinq qalmaqalına düşməmələrinə və onların analizlərinin nümunələrinin müxtəlif labaratoriyalara göndərilməsi, onların tibbi avadanlıqlarla təmin olunması və digər nüansları özündə cəm edən sektordur. Bu sektor öz fəaliyyətini davam etdirəcək. Milli Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinin tələbinə uyğun olaraq və onlarla birbaşa kontaktda olacaq müstəqil qurum kimi fəaliyyət göstərəcək. Orada labaratoriyalar, tibbi avadanlıqlar, dərmanlar və s. olacaq. Milli Antidopinq Agentliyinə 6 nəfərdən ibarət heyət rəhbərlik edəcək. Bunlar əsasən Milli Məclisdən, Milli Olimpiya Komitəsindən, tibb personalından və s. ibarət nümayəndələr olacaq".

S.Məmmədova idmançılarımızın dopinqlə bağlı testlərdən uğurla keçə bilməməsindən söz açıb, bunun yaralı yerimiz olduğunu deyib.

"Heç vaxt istəməzdik ki, idmançılar əziyyət çəksin, hazırlaşsın və sonda məhrum olsun, 4 il bu insan karyerasının pik nöqtəsidir. Yeni qanunda irəli gələn məqamlardan biri də ondan ibarətdir ki, bu nüanslarda idmançı yox, federasiya və dopinqə məsul olan şəxslər, baş məqşçilər cəzalandırılsın. İdmançı cəzalandırılır və yarışdan kənarda qalır, həkimə, federasiyanın tibbə məsul şəxsinə heç bir problem yaşanmır və zərərçəkən idmançı olur. Təklif etdiyimiz məqamlardan biri də budur. Dopinqə düşən ağırlıqqaldıranlarımızla bağlı iş gedir. İstəyirik ki, yavaş-yavaş bu proseslərin qarşısı alınsın. Yeni qəbul olunmuş qanunda bu məqam daha sərtləşdirilmiş şəkildə olacaq. Cəza məsələləri çox ciddi və sərt şəkildə öz əksini tapacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.