Güzəştli mənzillərin aylıq ödənişi

Day.Az представляет новость на азербайджанском языке

"Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikiləcək binalarda mənzillər orta bazar qiymətindən aşağı olacaq. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş şəkildə vətəndaşlara təqdim olunacaq".

Day.Az azvision.az-a istinadən xəbər verir ki, agentliyin direktoru Samir Nuriyev AzTV-yə müsahibəsində deyib. O qeyd edib ki, müəyyən kateqoriya insanlar, aztəminatlı ailələr və gənc ailələr güzəştli mənzil sistemindən istifadə edərək mənzilləri əldə edəcəklər.

"Mayın 1-dək "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılacaq. Bununla da vətəndaşlar güzəştli mənzillərə müraciətə çıxış əldə edəcəklər. "Güzəştli mənzil" sisteminə tələb olunan sənədlərin siyahısı və şərtləri açıqlanacaq. Bununla MİDA MMC-nin sərəncamında olan mənzilləri güzəştli və ipoteka krediti ilə əldə edəcəklər. İpoteka krediti ilə əldə olunduqda agent bankın verəcəyi kredit mənzil qiymətinin 90 faizini əhatə etməlidir".

S.Nuriyev vurğulayıb ki, qaydalara əsasən, həmin mənzillər əvvəlcədən qeydiyyat sisteminə düşəcək və binalar tikilmə prosesində artıq dövlət qeydiyyatına malik olacaq. Bu isə mənzilləri mülkiyyət hüququ sənədi ilə vətəndaşlara vermək hüququ yaradacaq.
Agentlik rəhbərinin sözlərinə görə, 11,6 hektarlıq ərazidə binaların tikilməsi üçün işçi planın hazırlanması başa çatır. Həmin ərazidə 2 minə yaxın 1,2,3 otaqlı mənzillər tikiləcək. 

Qurum rəsmisi bildirib ki, "Güzəştli mənzil" sistemində qeydiyyat keçən vətəndaşlar mənzilləri elanlar vasitəsilə seçəcəklər. Güzəştli mənzilin 3 il müddətində icarəyə və ya kirayəyə verilməsi, həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulacaq.

XXX

Azərbaycanda tikilicək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqından artıq olmasın. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev AzTV-yə müsahibəsində  bildirib.

Onun sözlərinə görə, təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur.

"Uzunmüddətli ödəniş istemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın.

Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər"

SOSİAL MƏNZİLLƏRİN SAHƏSİ

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq.

Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib.

Onun sözlərinə görə, kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq.
Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq: "Özü də bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq" - deyə direktor bildirib.

S.Nuriyevin sözlərinə görə, mənzillərin ölçülərini daha aşağı etmək olardı: "amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq".

Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir onların ölçüləri də münasibdir.

Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.

Bildirilib ki, hazırda tikilən layihədə insanlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır: "Xüsusilə də, gənc ailələr üçün rahat olacaq ki, onlar öz gələcəklərini burada quracaqlar. Burada bütün sosial obyektlər də tikiləcək".

HANSI ŞƏHƏRLƏDƏ OLACAQ?

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda 2-ci belə kompleksin inşası də planlaşdırılır və bu çox güman ki, şəh

ərin ətrafında olacaq. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib. Onun sözlərinə görə,artıq Agentlik paytaxtın ətrafındakı bəzi sahələrə baxış keçirib və yerlərin seçilməsi ilə məşğuldur.

Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır.
Agentlik rəhbəri bildirib ki, sosial mənzillərə ehtiyacı olanlar arasında sorğu keçirməklə evlərin tikintisi üçün yerlər də seçiləcək: "Evləri elə yerlərdə tikmək istəyirik ki, vətəndaşlara uyğun olsun. İlk öyrənldiyimiz rəylər odur ki, belə evlər Bakı ətrafında olsın. Ona görə də ikinci layihəmiz də çox güman ki, Bakı ətrafında olacaq".

Fins.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.