Bakıda reyd keçirilir

Day.Az представляет новость на азербайджанском языке

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir. 
 
Bu çərçivədə ilk tədbir metronun "Koroğlu" stansiyası ətrafında keçirilib.
 
BNA müfəttişləri yol patrul xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə yaxınlaşaraq onlara hüquq və vəzifələrini, eləcə də qanunvericiliyin tələblərini izah ediblər.
 
Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə olunan ən narahatedici məqam onların dayanma və durma qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur.
 
Qeyd olunub ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakıda taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanıb.
 
BNA-nın xüsusi ekspert qrupu bütün küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.
 
Nəticədə yerləşdiyi ərazidə nəqliyyat  vasitələrinin və piyadaların hərəkətinə maneçilik  yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib.
 
Maarifləndirici xarakter daşıdığından bugünkü tədbir zamanı dayanma və durma qaydalarının tələblərini pozan sürücülərə hər hansı cərimə protokolu tərtib olunmayıb.
 
Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin tələblərinə riayət etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək. 
 
Qeyd edək ki, BNA Bakı Şəhər Yol Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.