İnternetdə ehtiyatlı olun

Day.Az представляет новость на азербайджанском языке

"İnternetdə və xüsusilə də sosial şəbəkələrdə tanışlıq zamanı həddən artıq ehtiyatlı olun. Yad insanlara etimad göstərməyə tələsməyin. Onlar sizi tora sala bilərlər".

Britaniyanın Milli Kriminal Agentliyi (National Crime Agency) internetdə tanışlıqdan sui-istifadə edən və şantaj üçün bəhrələnən, "çılpaq şantaj ovu" adlanan prosesin genişləndiyini bəyan edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, belə "ovçu"ların toruna düşənlər əsasən kişilərdir.

Mərakeş, Filippin və Kot-d`İvuardan olan cinayətkar qruplaşmalar internetdəki tanışlıq saytlarında, sosial şəbəkələrdə, xüsusilə də Facebook və Linkedİn-də qadın adlarına saxta profillər yaradır, "dostluq" yollayırlar.

Belə profillərə adətən cazibədar qız fotoları və videoları qoyulur.

Görüntülərə aldanan kişilər "dostluğu" qəbul edəndən sonra ona çat, daha sonra videoçat  formatında söhbət başlayır. Cinayətkarların xüsusi olaraq seçərək təlim keçdikləri qadın "tor"a saldığı gənci və ya orta yaşlı kişini tovlayır, veb-kamera qarşısında soyunmağa sövq edir.

Bu görüntülər xüsusi proqramlar vasitəsilə qeydə alınır.

Sonra "şikar" şantaj olunur, bu görüntülərin onun ailə üzvlərinə, tanışlarına, çalışdığı yerə göndəriləcəyi deyir.

"Əgər bunu istəmirsənsə, bizə pul ödəməlisən", - "qurban"a deyilir.

Tələb olunan məbləğ bir neçə yüz dollar və ya minlərlə dollar ola bilər.

Sadəcə Britaniyada son bir ildə bu cinayətkar şəbəkənin toruna düşən 4 nəfər intihar edib.

Onlar mütəxəssislərin "sextortion" adlandırdıqları şantaja, hədə-qorxulara dözməyiblər, rüsvay olacaqlarından qorxublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.