Patriarx Kirill: "Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfransının iştirakçılarına müraciətində deyib.

Patriarx Kirill Azərbaycanla Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işləri dəstəklədiyini diqqətə çatdırıb.

Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin din xadimi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirib:

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində sizin din xadimi kimi fəaliyyətiniz əvəzsizdir. Siz uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində fəaliyyət göstərirsiniz. Hazırda dünyada baş verən terror hadisələrinin qarşısını almaq üçün din xadimlərinin birgə fəaliyyətinə böyük ehtiyac var".

Qeyd edək ki, bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən tədbirdə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş videoçarx nümayiş olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.