Müstəqilliyimizin 25 ili: gözəlliyi göz oxşayan Qəbələ FOTOREPORTAJ

Day.Az представляет новость на азербайджанском языке

Ötən 25 ildə böyük inkişaf yolu keçən Qəbələ müasir turizm mərkəzinə çevrilib

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Qəbələ müasir turizm, mədəniyyət və idman mərkəzi kimi tanınır. Burada regionda bənzəri olmayan gözəl binalar, beşulduzlu otellər, zavod və fabriklər tikilib. Qafqaz sıra dağlarının ətəyində yerləşən bu rayon beynəlxalq standartlara cavab verən istirahət və əyləncə mərkəzləri, idman və turizm kompleksləri və digər infrastrukturu ilə onu görənləri heyran edir.

Hazırda respublikanın ən inkişaf etmiş rayonları sırasında olan Qəbələ dünyanın da diqqət mərkəzindədir. Qəbələ bir sıra beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən musiqi festivallarına, idman yarışlarına uğurla ev sahibliyi edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı məhz Qəbələdə keçirilib. Heydər Əliyev Fondu 2009-cu ildən başlayaraq hər il burada Beynəlxalq musiqi festivalı keçirir. Ənənə halını almış bu festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış edirlər.

Prezident İlham Əliyev son on ildə Qəbələyə 9 dəfə səfər edib. Rayonun inkişafında yeni səhifələr açan bu səfərlər müasir infrastruktur layihələrinin, regionda analoqu olmayan müəssisələrin istifadəyə verilməsi ilə müşayiət olunub. "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi, Qəbələ Beynəlxalq Hava Limanı, Heydər Əliyev Mərkəzi, park-bulvar, Heydər Əliyev Konqres Mərkəzi, "Beltmann" piano fabriki, lift istehsalı müəssisəsi, "Gilan" Qida Şəhərciyi, Qəbələ Arxeoloji Mərkəzi, "ASAN Xidmət", Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Mədəniyyət Mərkəzi, Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi və digər obyektlər bu qəbildəndir.

Rayonda, həmçinin konserv zavodu, iri heyvandarlıq-südçülük kompleksləri, soyuducu anbarlar, üzüm, fındıq və süd emalı zavodları, şərab zavodu fəaliyyətə başlayıb. Şəhərdə avtovağzal binası, yeni məscid inşa edilib, Nic qəsəbəsində "Cotari" Alban-Udi kilsəsi əsaslı təmir olunub.

Qəbələnin müasir atributlarından biri də abad yollar və yeni körpülərdir. Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu, Mirzəbəyli-Çuxur-Qəbələ-Dizaxlı-Çarxana, eləcə də Qəbələ-Küsnət-Laza, Qəbələ-Ağdaş, Qəbələ-Nic avtomobil yolları əsaslı şəkildə yenidə qurulub, çaylar üzərində beş avtomobil körpüsü salınıb.

Müstəqillik illərində 30 yeni məktəb binası inşa olunub. Otuzdan çox kəndə təbii qaz xətti çəkilib. Bütün yaşayış məntəqələrində elektron ATS-lər quraşdırılıb, əhali yüksəkkeyfiyyətli rabitə və internetlə təmin edilib, iki böyük elektrik yarımstansiyası tikilib. Heydər Əliyev parkı və Zərifə Əliyeva parkı əsaslı təmir olunub. Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər davam etdirilir.

Qəbələ ilin bütün fəsillərində gözəldir. Yayda soyuq bulaqları, qışda isə qarlı dağları ilə turistlərin diqqətini cəlb edir. Əbəs yerə deyil ki, turizm sektoru bu gün Qəbələ iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməkdədir. Ümummilli lider Heydər Əliyev Qəbələyə səfərlərindən birində bu diyarı İsveçrəyə bənzətmiş, onun zəngin turizm potensialından səmərəli istifadə olunmasını vacib vəzifə kimi qarşıya qoymuşdu. Həmin vaxtdan etibarən bu istiqamətdə ardıcıl və sistemli iş aparılır. Bu gün Qəbələdə irili-xırdalı 100-dən çox turizm obyekti fəaliyyət göstərir. Həmin obyektlərdə eyni vaxtda 3000-dək qonağı yüksək səviyyədə qəbul etmək mümkündür.

Son illərdə tikilən müasir turizm obyektlərinin sırasına hər cür şəraiti olan "Qafqaz Resorte", "Qafqaz Riverside", "Qafqaz Sport", "Qafqaz Karvansaray", "Qafqaz Tufandağ", "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi, "Qafqaz Yeddi Gözəl", "Qafqaz Sahil", "Qafqaz QabalaCity" otelləri daxildir. Hazırda "Aquapark" istirahət və əyləncə, "Golf Resort" idman və istirahət mərkəzlərinin, eləcə də iki yeni otelin tikintisi davam etdirilir. Təsadüfi deyil ki, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2015-ci ildə onların sayı 50 mini ötüb.

Bir sözlə, bu gün qədim və müasir Qəbələ Qafqaz regionunun əsas turizm mərkəzlərindən birinə çevrilib. Rayonda turizmin yüksəlişi dolayısı ilə kənd təsərrüfatının və sənayenin inkişafına təkan verir, əhalinin maddi gəlirləri artır, həyat səviyyəsi ildən-ilə yaxşılaşır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.