Yazıçı Anar Misirin Azərbaycandakı Səfirliyində olub - FOTO

1 декабря 2016 23:46

Day.Az представляет новость на азербайджанском языке

1 dekabr 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində qonağı olmuşdur. Day.Az bildirir ki, Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Suzan Cəmilin də iştirak etdiyi görüşdə Misir və Azərbaycan arasında ədəbiyyat sahəsində əlaqələr müzakirə olundu.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar dəvətə görə Misir Ərəb Respublikasınını Azərbaycandakı səfiri xanım Suzan Cəmilə və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elyadiyə öz dərin təşəkkürünü bildirdi. Yazıçı Azərbaycan ədəbiyyatı, dünya şöhrətli Azərbaycan şairləri və yazıçıları, o cümlədən ədəbi proseslərin gedişi barədə geniş məlumat verdi.

Səfir xanım Suzan Cəmil Azərbaycan və Misir xalqlarının oxşar cəhətlərindən, Azərbaycanda ədəbiyyata, mədəniyyətə verilən əhəmiyyəti yüksək qiymətləndirdi. Səfir Suzan Cəmil bildirdi: "Ölkələr arasında mədəni əlaqələrin inkişafı, xalqların bir-birini daha yaxında tanıması üçün ədəbiyyat sahəsində əlaqələrin daha da genişlənməsi və inkişaf etdirilməsi üçün səylər göstərilməlidir. Məsələn, istərdim ki, Misir xalqı üçün dahi Nizami Gəncəvinin "Leyli və Məcnun" tamaşası göstərilsin, eləcə də Anar müəllimin müəllifi olduğu kitabların ərəb dilinə tərcümə olunaraq Misir xalqı tərəfindən oxunsun. Beləliklə, biz ədəbiyyat sahəsində bir sıra nailiyyətlər əldə edə bilərik".

Söhbət zamanı tərəflər arasında Müasir Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsinin Azərbaycan Yazıçılar Birliyində təqdimatının da keçirilməsi müzakirə olundu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.