"Boş əl"lə medal axtarışında

Beynəlxalq Olimpiya Komitəsinin Braziliyanın paytaxtı Rio De Janeyroda keçirilən 129-cu sessiyasında olimpidanın proqramına 5 yeni növ əlavə olundu. Milli.Az goal.az-a istinadən xəbər verir ki, onlardan bizim üçün ən əhəmiyyətlisi, karate döyüş idman növünün "Tokio-2020" Olimpiadasının proqramına daxil edilməsi oldu. Əvvəllər idmançılarımızın Olimpiya oyunlarında güləşdən, cüdodan, boksdan medal qazancağını düşünürdüksə, onların sırasına karate də əlavə olundu.

Karate nədir?

Karate silahsız döyüş növü, özünümüdafiə üsuludur. Karate idman növünün tam adı karate do-dur. Yapon dilindən tərcümədə kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol" deməkdir.. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır.

Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. 

Karatenin bir çox növləri mövcuddur.

İlk karate yarışları

Yaponiya döyüş sənəti sayılan karate artıq İkinci dünya müharibəsi başa çatdıqdan sonra Avropa ölkələrində yayılmağa başlayıb. Karatenin ilk təbliğatçıları isə taleyin iradəsilə Avropaya gəlib düşümüş yapon təlimatçıları olmuşlar. Onlar özlərinin əlbəyaxa döyüş sənətlərini yeni tələbələrinə öyrətməyə hazır idiliər, amma idmanın digər növlərində olduğu kimi, karate üzrə milli və beynəlxalq təşkilatların yaradılmasından ötrü heç bir səy göstərmirdilər.

Avropa ölkələrinin karate üzrə təşkilatlarının birliyini yaratmaq təşəbbüsü Fransaya (1963) məxsusdur. İlk Avropa Çempionatı 3 il sonra məhz, Fransada keçirilib. Bu hadisədən 4 il sonra - 1970-ci il oktyabrın 10-da Tokioda karate üzrə I Dünya Çempionatı keçirilir. Bu da idman karatesi üzrə böyük turnirlərin başlanğıcı olur. Əgər I Dünya Çempionatında I və II yerləri yalnız III yeri kanadalı Karnioya güzəştə gedən yapon döyüşçüləri tutmuşdularsa (yarışlar mütləq çəki kateqoriyasında keçirilir), növbəti çempionatlarda liderliyi Avropalı atletlər ələ keçirirlər.

Karate Azərbaycanda

Azərbaycan 1997-ci ildən Ümumdünya Karate Federasiyasının (WKF) rəsmi üzvüdür. Azərbaycan yığma  komandası Dünyada ən güclülərdən hesab olunur. Keçən zaman ərzində karateçilərimiz Avropa və Dünya çempionatlarında dəfələrlə yüksək nəticələr göstəriblər. Yığma komandanın tərkibində-dünya səviyyəli ulduzlar; dəfələrlə Avropa və Dünya çempionu, Dünya oyunları qalibi Rəfael Ağayev, Yeniyetmələr və Gənclər arasında Dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Ceyhun Ağasiyev, Rüstəm Mədədov, Niyazi Əliyev, Fəyyaz İldırımzadə, Avropa çempionatının bürünc mükafatçıları Amal Atayev, Şahin Atamov və Rəşad Hüseynov yer alır.

İdmançılarımızın beynəlxalq arenadakı uğurlarına, Azərbaycanda karatenin inkişafına şəxsi töhfəsinə görə Antonio Espinos görüş zamanı cənab İlham Əliyevə 8 dan qara kəmər təqdim etdi. Hal-hazırda MDB ölkələri ərazisində dan üzrə ən yüksək dərəcədir.

"Dünya karatesinin brilyantı" - Rafael Ağayev

Azərbaycan idman tarixinin əsas adlarından biri, 5 qat dünya çempionu Rafael Ağayevdir. Atası futbolçu olub, qardaşları boks və cüdo ilə məşğul olaraq uğurlu nəticələrə imza atıblar. Ağayev 7 yaşında futbola gedib. Həm də karate ilə məşğul olmağa başlayıb. Ağayevin karyerasında ilk yarışlar uğursuz olsa da, o toparlanaraq, sonradan qazandığı nailiyyətlərlə adını karate tarixinə yazdırmağı bacarıb.

2001-ci ildə Afinada (Yunanıstan) keçirilən Gənclər və Yeniyetmələr arasında özünün ilk Dünya çempionatında komanda hesabında 3-cü yerə çıxıb, növbəti il isə Avropa çempionu olub. Bu  gün də öz çəki kateqoriyasında liderliyi saxlayan Ağayev karatedə bütün ən yüksək idman uğurlarına nail ola bilib, dəfələrlə Avropa və Dünya çempionu olub. O, bir Dünya çempionatında iki qızıl medal qazanmaqla rekorda imza atıb. Bu, 2008-ci ildə Tokioda (Yaponiya) keçirilən 18-ci Dünya çempionatında baş verib. Ümumdünya Karate Federasiyasının Prezidenti Antonio Espinos onu "Dünya karatesinin brilyantı" adlandırıb.

Rafael Ağayev Tokioda keçiriləcək Olimpiya oyunlarında da qızıl medal qazanmaq istəyini gizlətmir: "Olimpiadaya lisenziya uğrunda mübarizəyə 2018-ci ildən sonra başlayacağıq. Düzdür, yaş öz sözünü deyir. Rəqiblər güclü olsa da, biz də hədiyyə deyilik. Çox idmançı istəyir ki, olimpiadada iştirak etsin. Ancaq mən nəinki iştirak hüququ, hətta qızıl medal qazanmaq istəyirəm. Yəqin ki, bundan sonra idmanla vidalaşaram. Ancaq karate mənim həyatımdır. Son nəfəsimədək karatedə qalacağam".

Karate "Tokio-2020"-də

Ümumdünya Karate Federasiyasının (WKF) Avstriyanın Lints şəhərində keçirilən növbəti Konqresində qərara alınıb ki, karate döyüş idman növü ilk dəfə olimpiadada kişi və qadınların hər birində 3 çəki dərəcəsində və kata yarışları üzrə keçiriləcək. Kişilər kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı, qadınlar isə 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəki dərəcələrində və fərdi kata yarışlarında mübarizə aparacaqlar.

Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və katada 10 idmançı çıxış edəcək. Olimpiadada komanda yarışları keçirilməyəcək.

Olimpiya təsnifatında WKF-nin reytinq cədvəlinə əsasən dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında WKF tərəfindən bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə karatenin zəif inkişaf etdiyi ölkələrə "wild kard" prinsipi üzrə təqdim ediləcək. Avropa və dünya çempionatlarının mükafatçıları olimpiadaya birbaşa vəsiqə qazana bilməsələr də, onların nəticələri reytinqlərinə müsbət təsir edəcək.