Avtovağzal bəzi reyslərə məhdudiyyət qoydu

Day.Az представляет новость на азербайджанском языке

"Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub. Bu istiqamətdə hərəkət edən avtobusların yolu dəyişdirilib".

Day.Az xəbər verir ki, bunu azvision.az-a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, Şamaxı yolu buz bağladığından bu qərar qəbul olunub. "Günorta saatlarında yolda vəziyyət yaxşı olanda hərəkətə icazə verilir. Amma 2-3 gün ərzində axşam saatlarında avtobusların hərəkətinə icazə verilməyəcək. Avtovağzaldan ən sonuncu reys rayonlara axşam saat 6-da yola düşür. Lakin bu günlərdə həmin reyslər təxirə salınıb. Digər reyslər gündəlik fəaliyyətini normal davam etdirir və heç bir problem yoxdur". 

Ş.Mehmanqızı bildirib ki, Bakı Beynəlxalq Avtovağzalı Yeni illə əlaqədar dekabrın 15-dən başlayaraq gücləndirilmiş iş rejiminə başlayacaq: "Çalışacağıq ki, yolda qalan olmasın və hər kəs rayonlara rahat getsin. Sərnişin tələbatı, təhlükəsizlik və digər məsələlər - hər biri təmin olunacaq".

Yeni il günlərində və şaxtalı havalarda qiymətlərin sürücülər tərəfindən süni qaldırılmasına gəlincə, Ş.Mehmanqızı buna ciddi nəzarət olunduğunu deyib.

"Qiymətlər Tarif Şurasının müəyyənləşdirdiyi kimidir və kassaların yanındakı lövhələrdə yazılıb. Amma hansısa sərnişin bir saat əvvəl gəlib kassadan bilet almaq istəmir və yaxud gözləmək istəmədiyi üçün sürücüdən yer istəyir. Bu zaman qayda pozuntusu baş verir. 

Biz vətəndaşlardan xahiş edirik ki, özləri buna şərait yaratmasınlar. Bu halların qarşısını almaq üçün mütəmadi olaraq mübarizə aparırıq. Qiymətlərin aşağı olması əslində nəqliyyat xərclərini ödəmir. Bəzən sürücülər buna görə özlərinə haqq qazandırırlar". 

Ş.Mehmanqızı qeyd edib ki, nəqliyyat xərcləri kifayət qədər bahalaşıb və biletdən alınan gəlir xərcləri ödəmir. "Bu səbəbdən sürücülər biletin qiymətini əlavə olaraq qaldırdıqları üçün bunu səbəb gətirirlər. Ümid edirik ki, bu məsələlər yaxın vaxtlarda yoluna düşəcək. Amma biz Avtovağzal rəhbərliyi tərəfindən komissiya yaratmışıq ki, hər reysdə nəzarət olsun. Bakı Beynəlxalq Avtovağzalı tərəfindən keçən il qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət olunub, hələ ki qərar olmayıb. Tarif Şurası qərar verməsə, qiymətlərdə dəyişiklik olmayacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.