Bu ləkədən təmizlənməliyik

Day.Az представляет новость на азербайджанском языке

Dövlət Təhlükəsizlik Xidməti "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin həbsini təsdiqlədi.

Hələ 5 gün əvvəl, dekabrın 3-də DTX-nin yaydığı açıqlamada deyilirdi ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru H. Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Və 5 gün öncə, dekabrın 3-də DTX "reket" medianın digər nümayəndəsi - "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunurlar.

"Reket" mediaya qarşı indi aparılan əməliyyat bir neçə ay əvvəl, jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlunun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə başlanmışdı.

F.Fərəməzoğluya qarşı "hədə-qorxu ilə tələb etmə" ittihamı irəli sürülüb. Hazırda məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Beləliklə, proses göz qarşısındadır. Saxlananlar kimlərdir və ümumiyyətlə, "reket" media anlayışı nə məna verir - bu sualların cavabı gözlənildiyindən də sadədir.

Azərbaycanda jurnalistləri iki yerə bölmək olar: vicdanı üçün işləyənlər və məşğuliyyətinə vicdanını xərcləyib bitirənlər.

Vicdanı üçün çalışanlar çoxdur, onlar kütləvi informasiya vasitələrində peşəkarlığın yüksək səviyyəsinə nail olmağa can atırlar, oxucuları, dinləyiciləri və ya tamaşaçıları yaşanan olaylarla bağlı xəbərdar edirlər. Belə insanlar sürəkli axtarışda olur, zəhmət çəkir, yorulur, amma usanmırlar.

Çünki sevdikləri işlə məşğul olurlar.

Vicdanını çoxdan çilikləyib sərf edən və lal qoyanlar isə tam əksinə, zəhmət çəkmək, yorulmaq istəmirlər. Onlar çox aşağı səviyyəli, peşəkarlıqdan hədsiz dərəcədə uzaq, sadəcə qarət və pul qoparmaq vasitəsi kimi yaratdıqları onlayn media resursundan, qəzet və ya saytdan istifadə edirlər.

Onlar özəl biznes qurumları, şirkətlər, sahibkarlar və iş adamlarını hədəfə almaqla işlərini bitmiş saymırlar, əsla. Belə dilənçilərin əsas hədəfləri arasında dövlət qurumlarında çalışan məmurlar da var. Şantaj, hədə-qorxu gəlmək, rüsvay etmək, ləkələmək və s. əməllərlə "qurban"ını qorxudan belə üzdəniraq, başabəla "media" mənsublarının yeganə tələbi puldur.

Adi dilənçilərdən fərqli olaraq bu "jurnalist"lər zahirən ötkəm təsir bağışlayır, danışanda qanunverici aktlardan iqtibaslar gətirir, söz azadlığından və fikir sərbəstliyindən bəhs edir, daha sonra isə qanunun aliliyini vurğulayıb mətləbə keçirlər.

Mətləb bütün hallarda məbləğ olur.

Əksəriyyəti "Azərbaycan" nəşriyyatında olan bu şəxslərin fəaliyyətləri illər əvvəl başlayıb və onlar MTN-ə Eldar Mahmudovun başçılıq etdiyi dönəmdə özlərini çox rahat hiss edirdilər.

Jurnalistika ilə heç bir əlaqəsi olmayan bu şəxslər sabiq MTN-in bir sıra əməkdaşları tərəfindən idarə olunur, kontrolda saxlanırdılar. Daha doğrusu, MTN-də bir neçə general bu "reket" adlandırılan dilənçilər şəbəkəsinə çox sıx nəzarət edirdi.

"Reket" media ilə əlbir olan generallar həmin üzldəniraq baş redaktorları və jurnalistləri tabeliyində olan zabitlər vasitəsilə "operativ məlumat"larla təmin edirdilər. Bu və digər iş adamı, məmur haqqında həmin kompromat məlumatı əldə edəndən sonra "reket"lər hücuma keçir, hədə-qorxu, şantaj və rüsvayetmə təhdidləri kampaniyası başlanırdı.

"Şikar" sürəkli qorxudulur, onun barəsində bəhs etdiyimiz qəzetlərdə və saytlarda "şok faktlar" dərc olunurdu.

Hər belə yazı və ya xəbər "Qarşı tərəfin fikrini öyrənməyə hazırıq" cümləsi ilə bitirdi.

Bu sözlər hədəf seçilmiş adama üstüörtülü şəkildə verilən "pulu ver, canın qurtarsın" mesajı idi.

Mesajı anlayanlar pulu ödəyir, inad edənlərsə sürəkli qarayaxma və böhtan kampaniyasına tuş olurdular.

Di gəl, pul veriləndən sonra iş bitmir, əksinə, "əsl proses" başlanırdı.

MTN-də çalışmış və cinayətkar əməllərinə görə indi məsuliyyətə gəlb olunmuş şəxslər "kütləvi informasiya vasitəsində dərc olunmuş məlumatın araşdırılması" adı ilə iş adamını, sahibkarı və ya hədəf seçilmiş başqa şəxsi hədələməyə, qorxutmağa, bəzi hallarda isə işgəncə verməyə başlayır, ondan külli miqdarda pul tələb edir, əks təqdirdə həbs olunacağını deyirdilər.

""MTN işi" baş verən zaman məlum oldu ki, oradakı mənfi işlərlə məşğul olan generallar həm də mətbuatla əlaqəli işləyərək bu əməlləri törədiblər. Sirr deyil ki, bir neçə qrup var ki, o işlə məşğuldur. Həmin o  qəzetlər,  saytlar,  jurnalistlər bu işlə məşğul olurdular.

"Qanuni əsas"

"Reket" jurnalistlər və onların himayədarları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 206-cı maddəsindən yararlanırdılar. Həmin maddəyə görə, törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları hüquq mühafizə orqanları tərəfindən cinayət soruşdurmasının başladılması üçün əsas hesab edilə bilər. Törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar CPM-in  205-ci maddəsində nəzərdə tutulmuş qaydada, cinayət təqibi orqanlarına göndərilə bilər.

"Jurnalistlər" də məhz həmin maddəyə əsaslanaraq çalışırdılar.

Bəsit, primitiv, sadə mexanizmlə. Belə ki, onlar hədəf seçdiyi şəxsi hədələyəndən, qorxudandan sonra pul ödəməyə vadar edə bilməyəndə əldə olunmuş, daha doğrusu, onlara ötürülmüüş rüsvayedici faktları, qondarma "informasiya"ları hüquq-mühafizə orqanlarına yollayırdılar, "qurban"ın istintaqa çağırış vərəqəsi almasına nail olurdular. Vərəqə ünvana çatan kimi "jurnalist"lər yenə həmin şəxslə əlaqə saxlayır, "problemin həllində vasitəçilik" təklif edirdilər və deyirdilər ki, onlar hüquq-mühafizə orqanları, xüsusilə də prokurorluqla əlbir işləyir, "əməkdaşlıq" edirlər.

Hədələnən şəxsə bəlli məbləğin müqabilində həm yazının saytdan silinməsi, həm də prokurorluqla "dil tapılaraq" istintaqın dayandırılması təklif olunurdu.

Halbuki prokurorluqla heç bir "danışıq" olmurdu: "reket" jurnalist və ya jurnalistlər sadəcə, şikayət ərizəsini geri götürürdülər, bununla da iş bağlanırdı.

Göründüyü kimi, hüquq-mühafıizə orqanlarının bəhs olunan "şikayət" və "məlumat"lara başdansovdu, laqeyd yanaşmaları "reketir" medianın özünü az qala qüdrət sahibi hiss etməsinə rəvac verirdi.

Mütəşəkkil cinayətkar şəbəkə

"Reket" jurnalistlər gerçəkdən də, mütəşəkkil cinayətkar şəbəkə kimi fəaliyyət göstərirdilər. Məsələn, bir saytda "ifşaedici material" dərc olunandan az sonra həmin yazı nötqə-vergülünə toxunulmadan şəbəkədəki bütün saytlarda yer alırdı.

Bisavadcasına yazılan, qrammatika, stilistika və orfoqrafiya baxımıdan bərbad olan bu "material"da hədəfə seçilən binəva da kimi təkzib edəcəyini düşünür, kiminlə "danışıq" aparacağını götür-qoy edirdi.

Kompromat informasiya ilə çalışan bu üzdəniraq jurnalistlər bilərəkdən və ya bisavadlıqdan ölkənin milli təhlükəsizliyi üçün də ciddi təhdidə çevrilmişdilər.

DTX-nın onları zərərsizləşdirməyə başlaması təsadüfi deyil. Çünki MTN-in Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev və sabiq nazir Eldar Mahmudovun müavini Hilal Əsədovun da adlarının qarışdığı iddia edilən bu çete qanunsuz dinləmə və videoçəkiliş avadanlığı ilə "kompromat" əldə etməklə kifayətlənməyərək, həmin materialları "münasib məbləğ" təklif ediləcəyi təqdirdə, satacaqlarını da istisna etmirdilər.

Azərbaycanı hədəfə alan, ölkəmizə qənim kəsilən xüsusi xidmət strukturları və ya ərazimizdə agentura şəbəkəsi qurmağa çalışan xarici ölkələrin müvafiq orqanları üçün bundan cəlbedici, maraq kəsb edən nəsnələr, çətin ki, tapıla.

Tamahlarına ölkənin təhlükəsizliyini belə, qurban verməyə hər an hazır olan adamlardan ibarət mütəşəkkil dəstənin bu günədək sadəcə, bir neçə mənsubu tutulub. Halbuki yaydıqları informasiyalar jurnalist araşdırmasından daha çox, xüsusi xidmət strukturunun fakttoplama proseduruna bənzəyən şəxslərin çoxu hələ də azadlıqdadır.

"Reket" media sayılacaq qəzet və saytların sayı isə təqribən 100-ə bərabərdir.

Səsləri kəsilənlər dilə gəldilər

Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan və Milli Təhlükəsizlik Nazirliyi ləğv olunaraq Dövlət Təhlükəsizlik Xidməti (DTX) yaradılandan sonra "reket" mediasında təlaş və xof yaranmışdı. Sanki qurbağa gölünə daş atılmışdı.

Az keçdi, həmin adamlar cürətləndilər, yeni situasiyadan bəhrələnmək niyyəti ilə dilə gəldilər.

Onların yazdıqlarından və dediklərindən belə çıxdı ki, sən demə, bu şəxslər illər boyu MTN-dəki cinayətkar qruplaşmanı, rüşvətxorları və korrupsionerləri ifşa etməyə çalışıblar, amma onlara "ədalətin zəfər çalması uğrunda göstərdikləri fəalliyyətlərində əngəllər yaradıblar".

İndi həmin şəxslər sabiq MTN-i pisləyir, qurumun onların "fəaliyyətinə yaratdığı qanunsuz maneələr"dən bəhs edirlər.

Halbuki "reket" mediasındakı baş redaktorlar arasında Azərbaycan rayonlarında və Bakıda fəaliyyət göstərmiş əxlaqsızlıq məkanlarına "himayədar"lıq edənləri də var, şantaj etməyə salışdığı şəxslə "mübarizə"də uduzaraq qadın paltarı geyinən və Bakıdakı restoranlardan birindəki "kabinet"də rəqs edəni də.

"Reket" medianın mənsubları indi elə həmin "reket"çiləri pisləyir, lənətləyirlər. Qorxuya düşüblər, təlaşlanıblar.

Təmizlənmə dövrü başlanmalıdır

Azərbaycanın kütləvi informasiya vasitələrinin, jurnalistikasının və ümumilikdə informasiya məkanının vətəndaşlardan şantaj yolu ilə pul almağı "peşə" hesab edənlərdən təmizlənməsinə başlanıb. Bu istiqamətdə qanunvreicilikdə nəzərdə tutulan bütün gərəkli tədbirlər görülməli, ən sərt addımlar atılmalıdır.

Onu da unutmayaq ki, saxlanılan, həbs olunan şəxslərin jurnalistika ilə heç bir əlaqəsi yoxdur və onların tutulması əslində medianın peşəkarlaşması istiqamətində görülən işdir.

Mətbuat Şurası illərdir ki, bunu deyir, imkanları çərçivəsində olan işləri görür. Şuranın tərkibində reket jurnalistikası ilə mübarizə komissiyası da var. Heç təsadüfi deyil ki, indi tutulan və həbs olunan başabəla "jurnalist"lərin, baş redaktorların istisnasız olaraq hamısının adı Mətbuat Şurasının "qara siyahı"sında olub.

"Reket"çilik üçün jurnalistikadan sui-istifadə edilməsinə, yaramaz əməllərlə məşğul olanların ölkədəki bütün jurnalistlərin adına və peşəsinə ləkə salmalarına imkan verilməməli, onların əməllərinə hüquqi qiymət verilməlidir.

Bu baxımdan DTX əməliyyatları gərəklidir və məntiqi sonluqla bitməli, mediamızın adını qaralayan fiqurlar əməllərinə görə qanun qarşısında məsuliyyət daşımalıdırlar.

Və onu da unutmayaq ki, "reket"lə məşğul olanların jurnalistika ilə heç bir əlaqəsi yoxdur.

Onlar adi, primitiv, banal cinayətkarlardır.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.