Hüquqşünas Emil Balayevin törətdiyi qəzadan danışdı

Day.Az представляет новость на азербайджанском языке

"Qəzanı törədən futbolçuya hansı cəzanın tətbiq olunmağı ilə bağlı bəri başdan nəsə demək mümkün deyil. Əsas məsələ budur ki, digər maşını vuran avtomobilin sürücüsünün təqsiri varmı? Bunu müəyyənləşdirmək üçün isə hadisənin bütün detalları araşdırılmalıdır".

Bu sözləri apasport.az-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib.

Hüseynov "Qarabağ"ın futbolçusu Emil Balayevin törətdiyi qəza ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, ancaq yayılmış informasiyaya əsaslanaraq, hadisəni törədən şəxsə hansı cəzanın tətbiq olunmalı olduğunu müəyyənləşdirmək mümkün deyil: "Nəzərə alaq ki, bəzən belə məlumatlar əslində informasiya yox, dezinformasiya olur, kimisə qorumaq, kiməsə bəraət qazandırmaq üçün dövriyyəyə buraxılır. Buna görə də, belə məsələ ilə bağlı ağlı başında olan heç bir hüquqşünas bəri başdan mülahizə yürüdə bilmir. Konkret olaraq, öndə olan maşının sürücüsünün, arxada olan avtomobilin sürücüsünün ümumi hərəkətləri araşdırılmalıdır. Bundan sonra demək olar ki, arxada olan maşının sürücüsünün təqsiri var idi, ya yox?"
 
Hüquqşünas qeyd edib ki, Emil Balayevin təqsiri sübut edilsə, hətta zərərçəkmiş tərəf şikayətçi olmasa belə, onu ağır cəza gözləyə bilər: "Əgər sübut olunsa ki, təqsiri var, onda həmin sürücü Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər. Həmin maddədə də 6 ilə qədər azadlıqdan məhrum edilmək cəzası var. Sanksiyada 3 ildən 6 ilə qədər cəza göstərilir. Zərərçəkən tərəfin şikayətçi olmamağı o deməkdir ki, sanksiyanın aşağı həddində ona cəza tətbiq oluna bilər. Elə hallar var ki, məhkəmə sanksiyada göstəriləndən də aşağı həddə, fərqli, şərti cəza təyin edir. Cinayət Məcəlləsində çoxlu elementlər var. Sadəcə olaraq, demək istəyirəm ki, əgər təqsir varsa, orada zərərçəkmişin şikayətinin olmamağı onu cinayət məsuliyyətindən azad eləmir, yalnız cəzanın yüngülləşdirilməsinə səbəb ola bilər. Hətta bu "səbəb ola bilər" fikri məhkəmənin də nümayəndəsindən asılıdır. Bəlkə, elə şəraitdə qəza baş verib ki, şikayət olmasa belə, cəza yüngülləşdirilməməlidir. Ümumiyyətlə, yüngülləşdirmənin həddini qanun müəyyən etmir". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.