Sürücülərə şad xəbər – Nazirlik sürücülərdən yığılan 1 manatı ləğv etdi

Day.Az представляет новость на азербайджанском языке

Artıq Nəqliyyat Nazirliyi işçilərinin sürücülərdən 1 manat tələb etməyə haqqı yoxdur

Bakı şəhər sakini Şəhriyar İsmayılov əksər sürücüləri narahat edən məsələyə tam aydınlıq gətirib və buna son qoyub. Avtosfer.az-ın məlumatına görə, o, idarə etdiyi avtomobillə Bakı Beynəlxalq Avtovağzalına qısa müddətə daxil olması və bunun müqabilində Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən ondan qanunsuz olaraq 1 manat alınmasından narazı qalıb. Bununla bağlı sentyabrın 29-da İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edən Şəhriyar İsmayılova noyabrın 29-da rəsmi cavab verilib. Dövlət Xidmətinin rəisi Zahid İsayevin imzası ilə göndərilən cavab məktubunda maraqlı məsələ əksini tapıb. Bildirilir ki, Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində avtovağzal ərazisində dayanacaqda 20 dəqiqədən az vaxt keçirən nəqliyyat vasitələrinin sürücülərindən hər hansı ödənişin alınması dayandırılıb.

Bu o deməkdir ki, artıq sürücülər avtovağzal ərazisinə daxil olarkən 20 dəqiqədən az vaxt ərzində avtomobili orada saxlamayacaqlarsa, hər hansı ödəniş etməyə bilərlər. Sürücülərdən hansısa qanunsuz ödəniş tələb edən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.