Məktəbəqədər təhsil icbari ola bilər

Azərbaycanda məktəbəqədər təhsil icbari ola bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  bu, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulub. Yeni qayda tətbiq olunacağı təqdirdə məktəbəhazırlıq qrupları da məcburi olacaq.

Hazırda ölkəmizdə 1-5 yaşları arasında uşaqların məktəbəqədər təhsil ilə əhatə olunma səviyyələri aşağıdır. Rəsmi statistik məlumatlara görə, bu yaş qrupuna daxil olan uşaqların cəmi 14 faizi bağçaya gedir.

Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, məktəbəqədər təhsili icbari etməklə uşaqların bağçaya cəlb olunması faizini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq. Lakin buna birdən-birə yox, müəyyən illər ərzində keçmək lazımdır.

Məktəbəqədər təhsil müəssisələrinin artırılması Strateji Yol Xəritəsində də nəzərdə tutulub. Sənəddə yeni dövlət və özəl bağçaların istifadəyə verilməsi planlaşdırılır.

Hətta iri şirkətlərin bağça açmaq təşəbbüsləri dəstəklənəcək, bununla bağlı normativ-hüquqi baza formalaşdırılacaq, dövlət proqramı hazırlanacaq.

Əjdər Ağayevin sözlərinə görə, mövcud dövlət bağçalarının maddi-texniki bazasının gücləndirilməsi və yeni dövlət bağçalarının açılması ən yaxşı çıxış yoludur.

Mütəxəssislər dövlət büdcəsindən vəsait xərcləmədən də bunu etməyın mümkün olduğunu deyirlər. Məsələn, sahibkarlar tikdikləri təhsil müəssisəsinə çəkdikləri xərci çıxardıqdan və qazanc əldə etdikdən sonra bağçalar dövlət mülkiyyətinə keçə bilər.