Ev almaq istəyən gənc qonşusunun qoyunlarını oğurladı - FOTOLAR

12 января 2017 21:10

Day.Az представляет новость на азербайджанском языке

ARB Kəpəz xəbər verir ki, Şəmkirin Dağ-Cəyir kənd sakini ev almaq üçün dostu ilə birlikdə qonşusunun qoyunlarına qənim kəsilib. Onlar oğurladıqları qoyunları satıb pul əldə etsələr də, ev ala bilməyiblər. Şəmkir polisi dostların arzusunu ürəyində qoyub.

Elvin Məmmədov - saxlanılan şəxs: "Dağ-Cəyir kəndinə getdik. Kəndin baş tərəfindən gələndə Vüqarın iti üstümüzə cumdu. Yekə qızıl it idi. Vüqar iti qovdu".

Qızıl it sahibini tanıdığından, Şəmkir sakini 29 yaşlı Vüqar Lələyev və dostu, Gədəbəy sakini 21 yaşlı Elvin Məmmədovla Dağ Cəyir kəndində oğurluq planını uğurla yerinə yetiriblər. Onlar Vəkil Allahverənova məxsus tövlədən 15 baş xırda buynuzlu davarı gizli yolla ələ keçiriblər. Dostlar tövlədə itin olacağından ehtiyatlanaraq xüsusi ustalıq nümayiş etdiriblər.

Elvin Məmmədov - saxlanılan şəxs: "Oradan heyvan olan yerə gəldik. Mən qorxdum, girmədim. Birinci Vüqar girdi. Məni də çağırdı, getdim Vüqarın yanına, tövlənin qabağına".

Zərərçəkən isə hadisədən gecə saatlarında xəbər tutub. Tövləyə baxış keçirməyə gedən Vəkil Allahverənov oranı boş görəndə gözlərinə inanmayıb. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlib.

Vəkil Allahverənov - zərərçəkən şəxs: "Gedib tövləyə baxanda gördüm ki, qoyunlar yoxdur. 15 baş heyvanımı aparıblar. Dərhal polislərə zəng vurdum".

Uzun müddətdir çoban işləyən dostlar istəklərinin reallaşmamasına üzgün görünürlər. Saxlanılan Vüqar Lələyev də həmkəndlisinin qoyunlarına qənim kəsildiyini etiraf edib. Niyyəti qoyunları satıb ev almaq olub.

Vüqar Lələyev - saxlanılan şəxs: "Dedim gətirim, satım. Ev almaq istəyirdim, onun pulunu vermək üçün oğurluq etdim. Yeni-Həyat kəndinin üstündəki işlədiyim yatağa gətirdik. Bu getdi müştəri tapmağa".

Hazırda Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları çobanların başqa kimlərin mal-qarasına göz dikdiyini araşdırır. Fakta görə artıq istintaq bölməsində cinayət işinə başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.