Nikbin proqnoz: İlin sonuna doğru müsbət dəyişikliklər olacaq

Day.Az представляет новость на азербайджанском языке

Yaşadığımız 2017-ci ilin çox mürəkkəb olacağı gözlənilir, amma Azərbaycanda bu illə bağlı çoxlu ümidlər var.

Bunu Milli.Az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə deyib.

Ötən 2016-cı ildə Azərbaycan üçün 2 əsas hadisəni ön plana çəkən ekspertin sözlərinə görə, bunlardan birincisi cəbhədə gedən aprel döyüşləri, ikincisi isə konstitusiyaya dəyişikliklərlə əlaqədar keçirilən referendum, onunla bağlı bütün məsələlər - daxildə həyata keçirilən islahatlar və digər proseslərdir ki, onlar Azərbaycanın həm daxili, həm də xarici siyasət gündəliyini təşkil edib.

İ.Vəlizadə qeyd edib ki, ötən il ölkədə həm də mühüm sosial-iqtisadi dəyişikliklər baş verib: "Əvvəlki illərdə maliyyə bazarındakı yaranmış qeyri-normal vəziyyətin fəsadları ötən il də yaşanılıb. Ona görə də maliyyə bazarında, bank sektorunda, ölkənin daxili valyuta bazarında nizam-intizamın yaradılması ilə bağlı ciddi problemlər vardı. Son ayların qərarları göstərir ki, onların aradan qaldırılması üçün işlər görülür və tədbirlər sərtləşdirilir.

Son aylar mülkiyyətlə bağlı konkret addımlar atılır, torpaqlar monopolistlərin əlindən alınır, onlar yalnız təsərrüfat məqsədləri üçün istifadəyə verilir. Son bir il-ilyarım ərazində xarici investorların Azərbaycana marağı artıb.

Əvvəllər xarici investorlar yalnız əsasən neft və neft emalı sahəsinə diqqət yetirirdilərsə, indi turizm, əmlak və s. sahələrə maraq artıb. Bir çox ölkələrlə viza rejimi asanlaşdırılıb. Ölkəyə Çindən gələn, ərəb və digər turistlərin sayı çoxalıb. Bu, o deməkdir ki, iqtisadiyyatda liberallaşma prosesləri gedir. Kənardan onların bir az ləng getdiyi görünsə də, düşünürəm ki, o biri illərə nisbətən irəliləyiş gözəçarpan dərəcədədir.

Bundan başqa, gömrük sistemində, eləcə də maliyyə-fiskal sahəsində, vergilərlə bağlı bəzi dəyişiklikləri də ön plana çəkmək lazımdır. Daxildə həmçinin idarəetmə orqanlarında böyük struktur dəyişiklikləri baş verib. Rayonlarda bəzi nazirliklərin şöbələrinin sayı azaldıldı. Bununla da inzibati yük azaldıldı. Bu o deməkdir ki, şəxsi təşəbbüslərə daha çox imkanlar yaradılır.

Təbii ki, qısa zamanda bu dəyişikliklərdən real nəticələr gözləmək sadəlövhlük olardı. Ən azından nəticələri 2017-ci ilin sonuna gözləmək olar. Çünki bəzi mövcud qanunvericiliyə edilən dəyişikliklərin işləyib real səmərə verməsi üçün ən azından bir il-ilyarım vaxt lazımdır. Ona görə də onlarla bağlı nəticə çıxarmaq hələ tezdir. Amma düşünürəm ki, 2017-ci ildə proseslərin dinamikası bir az artacaq".

Politoloqlar klubunun rəhbəri hesab edir ki, ən əsası odur ki, il ərzində müşahidə olunan çətinliklərə baxmayaraq, bu, daxili-siyasi sabitliyin pozulmasına gətirib çıxarmayıb: "Eyni zamanda ölkədə hansısa daxili siyasi ixtişaşlar baş verməyib. Bunun özü də müsbət faktdır. Amma arxayınlaşmaq olmaz. İnsanlar hələ də bu sosial-iqtisadi islahatlara və onların müsbət nəticələr verəcəyinə inanırlar. Ona görə də bu inamı doğrultmaq lazımdır. Əgər bu inanc olmasaydı, yəqin, vəziyyət tamam başqa cür olardı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.