Deputat: "2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi təsadüfi deyil"

13 января 2017 09:51

Day.Az представляет новость на азербайджанском языке

"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin genişləndirilmiş iclasında 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi, əlbəttə, təsadüfi deyil. Çünki Azərbaycan bu gün islam ölkələri içərisində din və məzhəb ayrı-seçkiliyinin yaşanmadığı bir ölkədir".

Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan, həmçinin İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələr arasında da özünəməxsus dəyərləri ilə seçilir:

"Buna paralel olaraq Azərbaycanda 2016-cı il "Multikulturalizm İli" elan edilmişdi. 2016-cı il başa çatdı. Prezident qeyd etmişdi ki, Azərbaycanın dini mədəniyyəti onun milli mədəniyyətinin tərkib hissəsidir. Nəzərə alsaq ki, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi oyunları keçiriləcək, onda biz bu iki hadisə arasında əlaqə görəcəyik. Bilirsiniz ki, hazırda islamofob mərkəzlər tərəfindən müsəlman dövlətlərinə və islam dininə qarşı müxtəlif məkrli oyunlar təşkil edilir".

H.Babaoğlu bildirib ki, əsrlərdən bəri müsəlman aləmində formalaşan dəyərlər deqradasiyaya uğradılır, gözdən salınır:

"Bunların hamısı düşünülmüş planın tərkib hissəsi kimi həyata keçirilir. Belə bir vaxtda prezidentin qərarı islam dininin sülh, dostluq, barış dini olduğunu və dünyaya islam həmrəyliyini nümayiş etdirmək üçün olduqca aktualdır. Düşünürəm ki, müsəlman ölkələri arasında öz mədəniyyəti və dinə münasibətdə müasirliyi ilə seçilən Azərbaycanın bu siyasəti islam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edəcək. Ona görə də 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi həm də xalqımızın milli adət-ənənələrinə və daxili dini, mədəni keyfiyyətinə söykənən bir qərardır".

Deputat bildirib ki, 2016-cı ildə Azərbaycanda yaşayan bütün məzhəblərə mənsub dindarlar vəhdət namazında iştirak ediblər və bu, artıq Azərbaycanda ənənə halını alıb:

"Amma yaxın qonşularımıza nəzər saldıqda görürük ki, məzhəb fərqliliyi düşmənçilik üçün vasitəyə çevrilib. Dövlətlərin yıxılması və terrorçuluq üçün istifadə olunur. Bu baxımdan Azərbaycanda qılınan vəhdət namazı bir nümunədir. Bu kimi keyfiyyətlərinə görə, sözün əsl mənasında Azərbaycan digər müsəlman ölkələrindən yaxşı mənada xeyli fərqlənir. Həqiqi islam mədəniyyətini dünyaya nümayiş etdirmək və eyni zamanda klassik müsəlman ölkələri ilə Qərb dövlətləri arasında körpü yaratmaq üçün 2017-ci il çox əhəmiyyətli olacaq. Bu il "İslam Həmrəyliyi İli" kimi yadda qalacaq. Bu, həm islam dünyasında Azərbaycanın mövqeyini gücləndirəcək, həm də xalqımızın dini baxımından aid olduğu dəyərləri qoruması üçün çox ciddi şərtlər formalaşdıracaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.