Rufiz Qonaqov: “Azərbaycan “İslam Həmrəyliyi İli”ndə barışdırıcı qüvvə olduğunu bir daha sübut edəcək”

13 января 2017 11:21

Day.Az представляет новость на азербайджанском языке

Prezident İlham Əliyev tərəfindən 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. Bəzi Qərb ölkələrində islamafobiya meyllərinin gücləndiyi, müsəlman ölkələrində çaxnaşmaların şiddətləndiyi bir dönəmdə Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi olduqca maraqlı görünür.

Day.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab edir ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinə dünya miqyasında pozitiv yanaşma var. Bununla bağlı prezidentin imzaladığı sərəncamda da qeyd olunur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə" kompleksi əsaslı şəkildə təmir olunub. Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi məhz Bakıda inşa edilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvüdür. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi də məhz bu sərəncamın nə qədər yerində imzalandığını göstərir".

Rufiz Qonaqova görə, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün dünyada barışdıcı qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır. Azərbaycandakı multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər".

Rufiz Qonaqov hesab edir ki, Azərbaycanda ötən il "Multikulturalizm İli" elan edilmişdi və bir çox layihələr həyata keçirildi: "Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini dünyaya nümayiş etdirdi. Düşünürəm ki, "İslam Həmrəyliyi İli"ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.