Saxlanılan şəxs: "Dedim, qurban olum, eləmə, dedi ki, sənlik deyil" - VİDEO - FOTOLAR

13 января 2017 14:05

Day.Az представляет новость на азербайджанском языке

"Deyəcəm ki, mən eləmişəm, sənin günahın yoxdur"

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları paytaxtın müxtəlif yerlərində oğurluq hadisələri törətməkdə şübhəli bilinən 5 nəfəri saxlayıblar.

ARB TV xəbər verir ki, bunlar 3 market və 1 məktəbdən oğurluq etməkdə təqsirli bilinən 18 yaşlı Nicat İmanov, 19 yaşlı Vüsal Məsimov, 21 yaşlı Bəhman Sevdimalıyev, 26 yaşlı Səbuhi İmanov və bir yeniyetmədir.

Saxlanılanların istintaqa ilkin ifadəsinə əsasən, hadisənin əsas səbəbkarı Bərdə rayonunda qeydiyyatda olub, Saray qəsəbəsində yaşayan Səbuhidir.

Səbuhi İmanov - saxlanılan şəxs: "Hasardan tullandım, pəncərədən içəri girdim. Kompüterləri götürüb iki-iki apardım, hərəsini 200 manata satdım. Marketə də girmişəm. Şüşəni kəsib girdim içəri. 100 manatlıq siqaret, 10 dənə enerji içkisi götürdüm".

18 yaşlı Nicat İmanovun isə hadisədə əsas işi əmisi oğlu Səbuhinin əməlinə gözətçilik etmək olub.

Nicat İmanov - saxlanılan şəxs: "Səbuhi dedi ki, gedək. Mən də hasardan çöldə dayandım. Bilmədim, necə elədi, açdı qapını, 4 dənə kompüter gətirmişdi. Apardıq, bir boş evə qoyduq. Dedi ki, mağazaya gedirəm. Mağaza adı ilə evdən çıxdı. Gedib kompüterləri satıb. Sonra gəldi, 30 manat pul verdi mənə".

Dəstənin daha bir üzvü Vüsal isə məktəbdə mühafizəçi işləyib. Onun sözlərinə görə, Səbuhinin 4 kompüter aparmasını eşidəndə "qırılan qoşundandır" deyib, üçünü də o oğurlayıb.

Vüsal Məsimov - saxlanılan şəxs: "Məktəbdə mühafizəçi idim. Açarlar məndə idi, girdim, 3 dənə kompüter götürüb çıxdım. İkisini aparıb 360 manata satdım. O birisini neçəyə satdığımızı Bəhram yaxşı bilər".

Bəli, Vüsalın fikrincə, Bəhram yaxşı bilər. Amma Bəhramın fikrinə gəlincə... törədilən əməl artıq-əskik imiş.

Bəhram Sevdimalıyev - saxlanılan şəxs: "Vüsala dedim ki, artıq-əskik hərəkət eləmə. Mənə dedi ki, narahat olma. Sonra kompüter otağının açarını götürdü. Dedim ki, qurban olum, eləmə. Dedi ki, sənin nəyinə lazım? Tutulsam, deyəcəm ki, mən eləmişəm, sənin günahın yoxdur".

Əslində isə sözün əsl mənasında günahkar olan dəstə üzvləri Saray qəsəbəsində Validə Babayevaya məxsus ərzaq dükanından 400 manat,  marketdən 600 manat, Saray qəsəbə sakini Ceyhun Məmmədova məxsus mağazadan 1000 manat dəyərində müxtəlif ərzaq məhsulları oğurlamaqda təqsirli bilinirlər.

Aşkar olunan faktlarla əlaqədar Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: