Qızılın həqiqi və ya saxta olduğunu aşkarlayan daş

Day.Az представляет новость на азербайджанском языке

XX əsrin əvvələrinədək qızılın saxta olmadığını yoxlamaq üçün məhək daşından istifadə olunub. İndi isə bu daşlara yalnız muzeylərdə rast gəlmək mümkündür.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Şabran Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında X əsrə aid məhək daşları nümayiş etdirilir. Bu daşlar 1980-1993-cü illərdə "Şabran şəhəri" Tarixi Qoruğunun ərazisində, tarixçi-alim Rəşid Göyüşovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı üzə çıxıb.

Şabran Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Nərmin Eyvazlı bildirib ki, o dövrdə qədim Şabran şəhərində zərgərlik inkişaf edib. Şəhər ticarət yollarının üzərində yerləşdiyindən məhək daşı başqa dövlətlərə də ixrac olunub.

X əsrdə yaşamış səyyah Əbu Xalid Qənnati də qeydlərində məhək daşının Xəzər sahillərində və dənizdəki adalardan əldə olduğunu yazıb.

Məhək daşı - parıldayan, qiymətli hesab edilən əşyaların, əsasən qızılın həqiqi və ya saxta olduğunu aşkarlayan maddədir. Qiymətli əşyaların yoxlanılması prosesi isə çox sadədir. Əvvəlcə qızıl məhək daşının üzərinə sürtülür. Daşın üzərində cızıqlar yaranır. Həmin cızıqlar əllə silindikdə qalırsa, deməli, qızıl saxta deyil. Maraqlıdır ki, başqa sərt metallarla məhək daşının üzərində cızıqlar çəkildikdə onlar tamamilə pozulub gedir. Yalnız qızılın izləri qalır.

Məhək daşından ötən əsrin əvvəllərinədək qızılın saxta olub-olmadığını yoxlamaq üçün istifadə edilib. Sonradan daha mütərəqqi üsullar tətbiq edildiyindən bu üsul unudulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.