"Pakistan in the World": 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsi oldu

Day.Az представляет новость на азербайджанском языке

Pakistanın "Pakistan in the World" jurnalında və elektron saytında "Azərbaycanın Qara Yanvarı" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Sovet İttifaqının son dövrlərində Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı iğtişaşların, qətllərin törədildiyi və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı, Qorbaçov rejiminin isə buna qarşı bir tədbir görmədiyi və nəticədə Azərbaycan əhaisinin müxtəlif şəhərlərdə etiraz aksiyalarına başladığı qeyd olunur. Etirazı yatırtmaq və Azərbaycan xalqına "dərs vermək" məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik Sovet qoşununun Bakıya girdiyi, dinc əhalini atəşə tutduğu, tanklarla qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin olduğu 130-dan çox insanın həlak olduğu, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.

Müəllif hadisənin əvvəlcədən planlaşdırılmış və hesablanmış bir əməliyyat olduğuna da diqqət çəkir. O qeyd edir ki, əməliyyatdan bir neçə gün əvvəl SSRİ müdafiə və daxili işlər nazirlərinin və digər yüksək rütbəli zabitlərin Bakıya gəlişi, qətliamdan öncə əhalinin məlumatsız saxlanılması məqsədilə televiziya blokunun partladılması və digər məsələlər açıq şəkildə göstərir ki, əməliyyat əvvəlcədən dəqiqliklə ölçülüb-biçilmişdi və müstəqilliyə can atan insanları qorxu və dəhşət vasitəsilə susdurmaq məqsədini daşıyırdı. Lakin rejimin istəyi baş tutmadı, növbəti gün Azərbaycan SSR-nin Moskvadakı Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev, həyatına olan təhlükəni gözə alaraq, ilk dəfə olaraq qətliamın baş verməsində Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi.

Məqalədə 1990-cı ilin 22 yanvar tarixində bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük ümumi tətilin elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirdiyi qeyd olunur. Həmçinin hadisəyə olan beynəlxalq reaksiyaya toxunulur və beynəlxalq təşkilatların hesabatı vurğulanır.

Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir.

Sonda Azərbaycan Prezidentinin sərəncamı ilə "20 Yanvar Şəhidləri" ailələrinin dövlət himayəsi altına alındığı və onların hər cür ehtiyaclarının qarşılandığı qeyd olunur, Azərbaycan xalqının da öz qəhrəman oğullarını və qızlarını unutmayaraq hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi bildirilir.

Onu da qeyd edək ki, "Qara Yanvar" mövzusuna Pakistanınn digər KİV-də də yer verilmiş, mövzu ilə bağlı "Election Times", "Lead Pakistan" qəzet və saytlarında müxtəlif məqalələr dərc edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.