Təcili yardım xidmətinə hər xidmətə görə ödəniş həyata keçiriləcək

15 февраля 2017 18:24

Day.Az представляет новость на азербайджанском языке

İcbari tibbi sığortanın (İTS) dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri, əhali tərəfindən ödənilən icbari tibbi sığorta haqları və digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. İcbari tibbi sığorta haqqı ödəmə qabiliyyətinə malik olmayan şəxslər üçün sığorta haqları dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Day.Az-ın APA-ya istinadən xəbərinə görə, bu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında öz əksini tapıb.

Bildirilib ki, bu məqsədlə bir sıra əhali qrupları (18 yaşına çatmamış uşaqlar, əyani təhsil alan tələbələr, işləməyən pensiyaçılar, sosial müavinət alanlar, ünvanlı dövlət sosial yardım alanlar, işsizlik statusu olan şəxslər və hamilə qadınlar) müəyyənləşdirilib. İTS haqqı ödəməsi nəzərdə tutulan əhali qrupları üzrə də məlumatlar toplanmış və təhlil edilib.

Hesabatda qeyd olunub ki, epidemioloji-demoqrafik göstəricilər, tibbi xidmətlərdən istifadə tezliyi, tibbi xidmət növlərinin həyati vacibliyi, səhiyyə sisteminin mövcud maddi-texniki imkanları, tibbi xidmətlərin qiyməti və səfərbər ediləcək maliyyə resursları nəzərə alınmaqla baza (əsas xidmətlər) zərfi tərtib edilib: "Tibbi xidmətlər zərfi sığorta olunanlar üçün ilkin səhiyyə xidmətləri, ambulator və stasionar tibbi xidmətlər, o cümlədən yüksək vəsait tələb edən bir sıra müalicə və cərrahi əməliyyatlar üzrə təminatları nəzərdə tutur. "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2016-cı il tarixli 1127 saylı fərmanı ilə icbari tibbi sığorta tətbiq ediləcək pilot ərazilərdə Baza zərfinə daxil edilmiş xidmətlər və istisnalar təsdiq edilib. Baza zərfinə 1829 sayda tibbi xidmət daxil edilib. Bunlardan 480-i ambulator, 677 -i stasionar, 18-i ilkin səhiyyə, 6-ı təcili və təxirəsalınmaz, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Baza zərfi 459 adda laborator müayinəyə və 166 adda həyati vacib, dəyəri yüksək xidmətlərə də təminat verir. Baza zərfi tərəfindən təminat verilməyən xidmətlərin sayı 1186-dır, bu xidmətləri əldə etmək üçün vətəndaşlar rəsmi qaydada ödəniş aparmalıdırlar. Maliyyə vəsaitlərinin səmərəli istifadəsi, şəffaflığın təmin olunması, habelə səhiyyənin davamlı inkişafının stimullaşdırılması məqsədilə tibbi xidmətin müvafiq səviyyələri üzrə müxtəlif ödəniş metodlarının tətbiqi nəzərdə tutulur.

İlkin tibbi xidmət müəssisələrinə müəyyən edilən adambaşına məbləğə və əhatə etdikləri əhali sayına uyğun olaraq ödəniş edilməsi lazımdır. Tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət nəticələrinə uyğun olaraq, ilkin tibbi xidmət müəssisələrinə illik bonuslar ödənilməsi planlaşdırılır. Ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.