"Qarabağ"ın hakim köməyinə ehtiyacı olduğunu düşünmürəm" - MÜSAHİBƏ

15 февраля 2017 19:47

Day.Az представляет новость на азербайджанском языке

Day.Az bildirir ki, "Sumqayıt"ın hücumçusu Amil Yunanov goal.az-a müsahibə verib.:
 
Son turda "Sumqayıt" "Neftçi" ilə qarşılaşdı və son dəqiqələrdə buraxılan qolla məğlub oldu...

- Oyun keçirilən gün hava şəraiti çox pis idi. Qar yağırdı. Çətin oyun olacağını bilirdik. Çünki "Neftçi" qış transfer pəncərəsində yeni futbolçular transfer edib. Onlar da oyundan oyuna yaxşı legioner olduqlarını sübut edirlər. Gözlədiyimiz kimi çətin oyun oldu. Qapıçımız bir neçə epizodda komandanı real qoldan xilas elədi. Son dəqiqədə qol buraxdığımıza heyfsləndik. Komandamız oyundan bir xalla ayrılmaq üçün çox çalışdı, ancaq alınmadı. Oyuna son dəqiqələrdə daxil oldum. Çalışdıq nəticəni dəyişək, olmadı.
 
Məğlub olanda qolun ilk ya da son dəqiqələrdə buraxılmasının fərqi var?
 
- Məğlub olanda qolun nə vaxt vurulmasının fərqi olmur. Futbolda əsas nəticədir. Son dəqiqələrdə buraxılan qol futbolçulara da pis təsir edir. 90 dəqiqə əziyyət çəkirsən, oyunun sonlarında rəqib qol vurur. Psixoloji baxımdan pis təsir edir.
 
Hücumçuda hansı keyfiyyətlər olmalıdır?
 
- Hücumçunun işi qol vurmaqdır. Ona görə qol hissiyatı güclü olmalıdır. 90 dəqiqə oyunda heç nə etməsin, hesab 0-0 olduğu anda qol vursa, artıq işinin öhdəsindən gəlib deməkdir. O da göründüyü qədər asan deyil. Müasir futbolda tək qol keyfiyyəti yetərli deyil, komanda futbolu oynamaq lazımdır. Əsas müdafiə isə hücumdan başlayır. Futbol getdikcə daha çətinləşir deyə, hücumçu da, digər mövqelərdə oynayan futbolçular da üzərlərində çox işləməli olurlar.
 
"Sumqayıt" hazırda dördüncü pillədədir. Komandanın qarşısına hansı məqsəd qoyulub?
 
- Komanda şəklində istəyimiz Avroliqaya düşməkdir. Qarşımıza qoyulan tələb də elə budur. Heyətimizdə gənc futbolçular çoxdur. Çox istəkliyik və inşallah istəyimizə çatarıq. Bunun üçün çox çalışırıq.
 
Qarşıdan AZAL-la oyun gəlir. Bu oyun barədə fikirlərin maraqlıdır.
 
- AZAL çətin rəqiblərdən biridir. Həmişə mübarizə aparırlar. Fasilədə yeni futbolçular transfer etdilər, bu da onlara əlavə güc qatdı. Onlar da bizə qalib gəlmək istəyəcəklər. Biz də əlimizdən gələni edəcəyik ki, 3 xalla ayrılan tərəf biz olaq.
 
Son günlər "Qarabağ" - "Qəbələ" klubları arasında hakimliklə bağlı söz-söhbətlər olur. Səncə də, "Qarabağ"ın çempionluğuna imkan yaradılır?
 
- Bu fikirlə razı deyiləm. Hakim səhvləri "Qarabağ"ın lehinə də olub, əlehinə də. "Qəbələ"nin də həmçinin. Həmin oyunlardan izlədiyim də olub. Hazırda "Qarabağ" çox güclüdür. Düşünmürəm ki, onların hakim köməyinə ehtiyacı var.
 
Bəs bu komandaların "Sumqayıt"la qarşılaşmalarında hakim səhvləri çox olur?
 

- "Qəbələ" ilə Qəbələdəki son oyunda qapımıza vurulan ilk qol ofsayddan idi. Düzdür son dəqiqələrdə rəqib daha bir qol vurdu. Ancaq söhbət hakim səhvindən gedirsə, bəli həmin epizodu qeyd etmək olar. Hazırda yadımda olan bu oyundur. Hakim səhvləri çox olur, ancaq bu qərəzli deyil. Hakimlərin "Qarabağ" və "Qəbələ"nin oyunlarında bilərəkdən səhv etdiyini düşünmürəm. Həmişə güclü klublar arasında rəqabət olur. Bizdə də indi "Qəbələ" ilə "Qarabağ" güclüdür. Üstün olan komandalar da öz aralarında həmişə çəkişirlər. Məğlub olanda da səhvi kimdəsə axtarırlar. Dünya futbolunda da belə hallara çox rast gəlinir. İngiltərə, İspaniya, Türkiyə çempionatlarında da son turlar hakim səhvləri ilə yadda qalır.
 
"Sumqayıt"ın oyununa hansı hakim təyin olunanda fikirləşirsiniz ki, sizə qarşı heç bir haqsızlıq olmayacaq?
 

- Açığı əvvəllər meydana çıxanda hakimin kim olduğunu bilirdim (gülür). Son turlar baş verənlərdən sonra artıq kimin hakim təyin olunduğu ilə maraqlanıram. Əvvəllər heç vaxt fikir verməmişəm. Bizim işimiz meydana çıxıb oynamaqdır. Çempionatımızda yaxşı hakimlər var. Əliyar Ağayev, Rəhim Həsənovun adlarını çəkə bilərəm.
 
Bəs özün hansı klubun oyunlarını izləyirsən?
 
- Uşaqlıqdan "Real" azarkeşiyəm. İndi də Çempionat və Çempionlar Liqası oyunlarını izləyirəm.
 
Ronaldo Messi məsələsində də seçimin kluba görə olar...
 
- Düzdür (gülür). Mənə görə Ronaldo Messidən daha üstündür. Messi çox istedadlı futbolçudur. Ronaldo isə bu yerə çox çalışmağı ilə gəlib. "Real"da oynamağının da təsiri var, ancaq əsas öz üzərində çox işləməklə bu səviyyəyə qalxması daha çox xoşuma gəlir.
 
- Digər idman növləri ilə aran necədir?
 
- Futboldan başqa üzgüçülüklə də məşğul oluram. Xoşladığım idman növlərindən cüdo və güləşi qeyd edə bilərəm. İdmançılarımızın çıxışlarını imkan olduğu qədər izləməyə çalışıram.
 
İdmançılar arasında dostluq etdiklərin var?
 
- Əlbəttə var, çoxu da futbolçulardır. Hər insanın güvəndiyi 2-3 dostu olmalıdır. Mənim də var, həm futbolda, həm də futboldan kənarda. İnsan kiməsə etibar etmirsə, demək özü etibarsızdır.
Dostluğa çox qiymət verən insanam.
 
- Futbolda ən böyük peşmanlığın nə olub?
 
- Çox olub. Bir neçə dəfə səhv qərarlar vermişəm. "Qəbələ"nin əvəzedici heyətində oynayanda əsas komandaya getmək ehtimalım vardı. Bəzi adamların məsləhəti ilə "Neftçala"ya getdim. Çox uğursuz alındı, 2 ilimi itirdim. Orda 6 ay oynamadım, sonra zədələndim. Qayıtdım "Qəbələ"yəƏ əməliyyat olundum. Sonra 1 il I divizionda oynadım. Həmin mövsümün əvvəlində "Qəbələ"yə yeni məşqçi gəlmişdi. Qalsaydım bəlkə də əsas heyətdə oynayacaqdım. Ora getmək çox geri saldı məni. Əvvəl daha çox peşman olurdum. Sonra fikirləşdim ki, hər şey qismətdir.
 
Boş vaxtlarında nə edirsən?
 
- Məşq olmayanda ya dostlarla görüşüb harasa gedirik, ya evdə oluram. Filmlərlə çox aram olmasa da, hərdən uşaqlarla gedib baxırıq. Oyuna çox vaxt olanda əlavə məşq edirəm.
 
Azərbaycanda ən güclü futbolçu kimdir?
 
- Azərbaycan çempionatında yaxşı futbolçular çoxdur. Ad çəkməliyəmsə Ağabala Ramazanovu qeyd edə bilərəm. Onunla bir yerdə də oynamışam. Çox istedadlı və çalışqan futbolçudur. Bunun da nəticəsində çox irəli getdi. İndi "Qarabağ"da oynayır, özünü də yaxşı tərəfdən göstərir. Bizim komandada da "Qarabağ"ın, "Qəbələ"nin heyətində oynamağa layiq futbolçular var.
 
Gələcək karyeranla bağlı planların nədir?
 
- Legioner həyatı yaşamaq istəyirəm. Qış fasiləsində də bir neçə klubdan təklif oldu. Gedə bilərdim, bəzi səbəblərdən qəbul etmədim. Ancaq çox istəyirəm gələcəkdə legioner həyatı yaşayım.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.