Bakının tələləri...

Nəqliyyat vasitələrinin sıx hərəkət edən hissəsində, səkilərdə, uşaqların oynadığı həyətlərdə belə açıq lyuklara tez-tez rast gəlinir. Kanalizasiya quyularının qapaqlarının yaxşı bağlanmadığı hallar kifayət qədər çoxdur. Bu isə təhlükələrdən xəbər verir.

Piyada Günel Qafarovanın dediyinə görə, bu günlərdə nəqliyyat vasitələrinin hərəkət etdiyi yolu keçərkən belə açıq lyuka düşmək təhlükəsindən son anda qurtulub: "Xoşbəxtlikdən son anda ayaq saxladım. Lyuk "Azadlıq prospekti" metrosu yaxınlıqda yerləşən "İstanbul" klinikasının qarşısındadır. Piyadalar üçün nəzərdə tutulan zebranın 15-10 addımlığında, apteklə paralel insanların sıx-gəlib getdiyi yerdə lyukun açıq qalması olduqca təhlükəlidir. Yalnız burda deyil, zaman-zaman müxtəlif, həm də ən gözlənilməz yerlərdə, bir işarə, xəbərdarlıq da qoyulmadan belə açıq lyuklara rast gəlinir".

Milli.Az xəbər verir ki, yol təhlükəsizliyi və yol hərəkəti qaydaları üzrə ekspert Azər Allahverənovun "Ekspress"ə bildirdiyinə görə, açıq lyuk problemi bizim yollar üçün həqiqətən də aktual məsələdir: "Yollarımızda qapağı olmayan kanalizasiya quyularına tez-tez rast gəlinir. Bu həm piyada, həm də sükan arxasında olanlar üçün təhlükəli vəziyyət yaradır. Kanalizasiya quyularının açıq qalması təhlükəli qəzaların sayının artmasına təsir edən səbəblərdən biridir. Çünki hərəkət edən nəqliyyat vasitələri, xüsusilə də, gecə saatlarında lyukun açıq qaldığını görməyə bilər. Açıq qalmış lyuklara görə böyük bir qəza, bir neçə maşının toqquşması ilə silsilə qəzalar baş verir. Piyadaların həmin lyuklara düşərək xəsarət alması da qaçılmaz olur. Açıq lyuklar potensial təhlükə hesab olunur. Bu çatışmazlıq aradan qaldırılmalıdır".

Allahverənov qeyd edib ki, ayrı-ayrı küçələrdə, səkilərdə açıq lyuklara çox rast gəlmək olar: "Bu üzdən nəqliyyat vasitəsini idarə edənlər maksimum diqqətli olmalıdır. Xüsusilə də, günün qaranlıq saatlarında, işıqlandırmanın zəif olduğu yerlərdə açıq lyukla qarşılacağını təxmin edərək nəqliyyat vasitəsini idarə etməlidir. Müvafiq icra qurumları, aidiyyəti qurumlar bu məsələnin aktuallığını nəzərə alaraq mütəmadi monitorinqlər aparmalıdırlar. Bu kimi faktlar aşkarlandıqda, problemi aradan qaldırmalıdırlar. Harada kanalizasiya borusunun ağzı açıqdırsa, ora qapaq yerləşdirməlidirlər".

 

Ekspert bildirib ki, kanalizasiya borularının açıq qalmasının səbəbləri maraq doğurur. Onun dediyinə görə, aidiyyəti qurumlar bu məsələnin ciddiliyinə vararaq onu aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmür: "Zaman-zaman kanalizasiya borularının qapaqları oğurlanır və satılır. Bununla bəzi insanlar qazanc əldə etmək istəyirlər. Bu, cinayət tərkibli əməldir. Aidiyyəti qurumlar bununla məşğul olmalı, hansısa kanalizasiya borusunun qapağı yoxdursa, bunun səbəbini öyrənməyə çalışmalıdır. Ən azından yollarda quraşdırılan müşahidə və digər təhlükəsizlik kameraları ilə bunu araşdırmaq, kanalizasiya lyuklarının nəyə görə qapaqsız olduğunu öyrənmək olar. Lyukların qapaqları oğurlanırsa, bunu edən şəxsləri tapıb müvafiq qaydada məsuliyyətə cəlb etmək lazımdır. Kimin üçünsə qazanc olan lyuk qapaqları yüzlərlə insanın xəsarət almasına, ölümünə səbəb olar".

Müsahibimizin dediyinə görə, kanalizasiya quyularının qapaqlarının texniki yolla da qorunması mümkündür: "Bəzi xarici ölkələrdə kanalizasiya quyularının qapaqları elə bir texnologiya ilə yerləşdirilir ki, sadə insanların açıb götürməsi mümkün deyil. Hətta bu qapaqların kodları da olur. Qapaqlar bağlandıqda kodlaşdırılır və kilidlənir. Xüsusi cihaz vasitəsilə bərkidilir. Bu texnologiya ilə kilidlənən qapaqları ancaq xüsusi qurğular vasitəsilə çıxarmaq mümkündür. Bizdə açıq lyuk probleminin geniş yayılmasını nəzərə alsaq, bu texnologiyanın tətbiqinin xeyri olardı. Bu əvvəlcə pilot layihələr vasitəsilə, sonra əsas küçələrdə tətbiq olunaraq sayı artırılar və bütün kanalizasiya borularını əhatə edə bilərdi. Ətraf qəsəbələrdə də kanalizasiya quyularının açıq qaldığı, yaxşı bağlanmadığı faktları mövcuddur. Bu, müəyyən vəsait tələb edən məsələdir. Amma bunu etməklə, həm yol hərəkəti iştirakçıları, həm də yol təsərrüfatına dəyən ziyan sığortalanır".